Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:55

Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru, həbsdə olan Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil deyib ki, iddia ərizəsi Səbail rayon Məhkəməsinə göndərilib.

Vəkilin sözlərinə görə, Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ötən il dekabrın 29-da üzərindən heroin tapılandan sonra Bakı Şəhər Prokurorluğu onun narkotik vasitədən istifadə etməsi barədə rəsmi məlumat yayıb.

Jurnalist hesab edib ki, Bakı Şəhər Prokurorluğu məhkəmə hökmü olmadan onun barəsində narkotikdən istifadə etməsinə dair məlumat yaymaqla təqsirsizlik prezumpsiyasını pozub. O, bu məsələni narkotik işi üzrə Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə zamanı qaldıraraq hüquqi qiymət verilməsini tələb etsə də, məhkəmə məsələyə hüquqi qiymət verməyib. Ona görə də Fətullayev özü Bakı Şəhər Prokurorluğunu məhkəməyə verməli olub.

Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunun ondan rəsmən üzr istəməsini və vurulmuş mənəvi zərərə görə Bakı şəhər Prokurorluğundan 1 (bir) manat alınaraq Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsini tələb edir. Vəkil Elçin Sadıqov belə deyir. İsmayıl Xəlilov narkotik işi üzrə prosesin hakimi olub.
XS
SM
MD
LG