Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:30

Jalə İsmayıl "Taleyin beləsi.."

























Taleyin beləsi..

yelkən alnıma
küləklərin məndən çəkəcəyi yazılıbmış,
kiçik gəmi gövdəmə
tufanların qarşımda
tir-tir əsəcəyi qazılıbmış...

qıpqırmızı yaylıq, dostum,
öküzlərin gözündə iy əyirən,
bir müxalifət, dostum,
bir müxalifət,
tək baxışı ilə hakimiyyəti diz çökdürən...

hətta
heç vaxt ləpələnməyən
böyük, susqun bir dəniz varmış Yer üzündə,
sahili məniymişəm...

...bir insan təsəvvür elə, dostum,
bir insan ki,
qollarını dünya boyda aça,
sevgiyə doğru qaça...
o da siçan deşiyini satın ala...

və bir qadın, dostum,
bir qadın gətir ağlına...


Heç vaxt..

heç vaxt sarışın olmayacam
heç vaxt prezident də olmayacam
heç biri böyük dərd deyil...

heç vaxt sevməyəcəm şabalıdı
heç vaxt onu bağışlamayacam
ikisi də dadsızdı...

heyvanların hüquqlarını qorumayacam heç vaxt
heç vaxt insana sevgimi itirməyəcəm
amma heyvanlar insanlardan çox sevəcək məni...

və mənim yazdıqlarım heç vaxt dünyanı dəyişməyəcək!
heç kimi dəyişməyəcək!
heç özümü də!

bu gün ümidsiz bir gündü nəsə...

pəncərəmdən boylanan mehdən başqa..

"heç vaxt:”heç vaxt!” - demə..." – pıçıldayır
üzümə gülə-gülə...


Karpat dağlarına üzümü tutub

“Domsovet”in yerində olmaq istəyən adamların sayı
“Domsovet”də işləyənlərin sayından qat-qat çox olan
bir şəhərdən salam gətirmişəm.
“Domsovet”in nə olduğunu soruşmayın...

Dayanmadan
yolunu kəsmiş meydana
tüpürən duzlu-duzlu,
“Azadlıq istəyirəm, Azadlıq!!“ – qıyxırıb,
özünü dəmir barmaqlıqlarda
parça-parça edən
üzü neft qarası
dənizdən salam gətirmişəm...

Və bir qızcığazdan salam var sizə.
Dənizlə “Domsovet” arasındakı meydanda
top qovmaqdan zövq alıb
doya-doya qışqıra bilən qızcığazdan...
azad qızcığazdan...
xoşbəxt qızcığazdan...

Salamı da mən gətirmişəm -
qəflət yuxusuna getməmək üçün
dırnaqları ilə kəsdiyi ovuclarına,
dişlərinin izi qalan dodaqlarına
dənizin duzlu tikələrini basıb
meydandan sükutla keçməyə məhkum
“Domsovet”li şəhər sakini...

Xoş gördük sizi!


Qırmızı

Gah çinar bildilər yüksəkdən yüksək
Gah da kol dibində bənövşə - kövrək
Mən də gözləmişdim kimsə deyəcək:
“Qırmızı yaylıqlı qovağım mənim...”

Kaş bir məktub alam, zərfi çətirli
Yağışlı, küləkli, xəzan ətirli
Çoxlu söz yerinə bircə sətirli -
“Qırmızı yaylıqlı qovağım mənim...”

Sevinc köhnə, kədər Nuhdanqalmadı
Fani, zalım...amma dünya doğmadı
Nə olsun ki, pıçıldayan olmadı:
“Qırmızı yaylıqlı qovağım mənim...”


Payıza sığınmaq

“Unudum, İlahi!”deyib
yalvarmaq üçün
əllərini açarsan Tanrıya,
yağış soyuq dimdiyiylə
ovcuna-ovcuna döyər:
“Məni unutma!”

Allahdan qaçıb
məsciddə gizlənməkdi
səni unutmaq üçün
payıza sığınmaq...


Bir hərf fərqi

- Söz?
- Döz!
Bir hərf fərqi...

- Məgər?
- Əgər...
Bir hərflik fərqdə çırpındıq yenə.

- Bəs qəlb?
- Qəlpdi, qəlp...
Bir hərflik yalana bax!

- Mən??
- Sən!!
Bircə hərf fərqi ayırdı bizi...

- Olum ya ölüm?
- Fərqi yoxdu artıq, yoxdu fərqi...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG