Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:54
«Dövlətin maliyyələşdirdiyi AzTV seçkilər vaxtı hökumətə və hakim partiyaya tərəflilik nümayiş etdirib, seçki xəbərlərinin 94 faizini məhz onlara həsr edib».

Bunu iki il əvvəl ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası üçün çalışan, hazırda isə ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin rəhbəri olan Jaklin Karpenter deyir.

Karpenter avqustun 24-də seçkilərin mediada işıqlandırılmasına həsr olunmuş dəyirmi masada danışıb. Deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2008-ci ildə Azərbaycanda prezident seçkiləri zamanı müşahidə etdiyi nöqsanlar bir il sonra bələdiyyə seçkiləri zamanı da təkrarlanıb.

TƏKRARLANAN NÖQSANLAR

Bu nöqsanlar televiziyalarda seçkilərin işıqlandırılması zamanı hakim partiyaya daha çox yer ayrılması, namizədlərə ayrı-seçkilik qoyulması ilə bağlı olub. Bunun üçün qurum parlament seçkilərinədək Azərbaycana yeni tövsiyələr verib:

«Seçki Məcəlləsinin 77.1-ci maddəsinə dəyişiklik edilsin, dövlətin maliyyələşdirdiyi AzTV seçki kampaniyasını bərabər işıqlandırsın. Namizədlərə eyni münasibət göstərilsin.

Milli Televiziya və Radio Şurası sistematik olaraq seçkilərlə bağlı mətbuatın monitorinqini aparsın.

Həmçinin tövsiyə edirik ki, mətbuatda seçkilərdən başqa siyasi proses və kampaniyalar da işıqlandırılsın.

Jaklin Karpenter
Bütün siyasi partiyaların xəbərlər, tok-şou, müsahibələrdə iştirakı üçün ayrı-seçkilik salınmadan bərabər şərait yaradılsın».

AZƏRBAYCAN HAKİMİYYƏTİ DEMOKRATİK SEÇKİYƏ TAM HAZIRDIR

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov isə öz növbəsində bildirib ki, Azərbaycan hakimiyyəti demokratik seçki keçirməyə tam hazırdır. O, builki parlament seçkilərində də azad seçki mühiti, demokratik şərait yaradılacağını, seçkilərin aşkar şəkildə təşkil olunacağına vəd verib.

Əli Həsənov mətbuata da «yaşıl işıq» yandırıldığını və parlament seçkilərində KİV-in iştirakını məhdudlaşdıran heç bir administrativ resursdan istifadə edilməyəcəyini bildirib.

ATƏT-in növbəti seçkilər üçün verdiyi tövsiyələrə gəlincə, Əli Həsənovun cavabı belə oldu:

«Bu tövsiyələr Azərbaycanda seçki mühitinin aşkarlanması, demokratikləşməsinə xidmət etmək istiqamətində səsləndirildi. Bu tövsiyələrin əksəriyyəti - Seçki Məcəlləsinə, seçki prosesinə uyğun gələnləri, demokratik seçkinin keçirilməsinə xidmət edənləri mütləq şəkildə nəzərə alınacaq».

MÜXALİFƏT VƏ EKSPERTLƏR OPTİMİST DEYİL

Ancaq müxalifət partiyalarının liderləri rəsmilər qədər optimist deyillər. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə görə, budəfəki seçkilər əvvəlkilərdən fərqlənməyəcək:

«Niyə görə seçki dövründə mediada az–çox plüralizm olmalıdır? Hansı qanunun əsasında seçkidən-seçkiyə Azərbaycanda televiziyaların hamısı bu ölkədə çoxpartiyalılıq olduğunu unudur, heç bir məsələ ilə bağlı müxalifət partiyalarının mövqeyi bilinmir? Yalnız beynəlxalq təkidlərdən sonra seçki dövründə plüralizm üçün qısa müddətli imkan yaranır?».

Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, ATƏT-in seçkilərlə bağlı tədbirlərinin əhəmiyyəti yoxdur, çünki hər tədbirdən sonra vəziyyət bir az da pisləşir:

«Seçki ilə bağlı qanunu kim icra edir? Əgər MSK sədri bu müzakirələrə qulaq asmırsa necə bilə bilər ki, mətbuatın seçkilərin işıqlandırılması ilə bağlı hansı problemləri var? Və bu problemlərin həllində hansı işi görməlidir. Ona görə düşünürəm ki, bu tədbirdən sonra Azərbaycanda seçkilərdə mətbuatın fəaliyyəti daha da pisləşəcək, əvvəlkilərdən fərqli. Bunu mən deyirəm, seçkilərin sonunda baxarsız...».

Bu fikri Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov da bölüşür. Ekspert hesab edir ki, ATƏT-in keçirdiyi debatlardan sonra hökumət seçki qanunvericiliyə mənfi istiqamətdə dəyişikliklər edib:

«Gözlənilirdi ki, hökumətlə ATƏT-in birgə əməkdaşlığı müsbət nəticə verəcək, ancaq hökumət sanki ATƏT-in bu təkliflərinə qarşı daha mənfi addımlar atdı.

Bu təkliflərlə də gözləmirəm ki, KİV-də namizədlər üçün bərabər şərait yaradılsın.

Onsuz da qanunvericilikdə təşviqat müddəti xeyli azaldılıb. Mərhələlərlə real olaraq 61 gündən 22 günə salınıb.

Onsuz da zəif olan hüquqi baza əsasında KİV-də normal təşviqatın aparılması imkanları zəifdir».

ATƏT YENƏ TÖVSİYƏ EDİR

ATƏT Azərbaycanda parlament seçkilərindən əvvəl media azadlığı ilə bağlı 3 dəyirmi masa keçirməyi planlaşdırırdı. Avqustun 24-də keçirilən sonuncu tədbirdə yekun bəyanat da qəbul olundu.

Yekun bəyanatda İctimai Televiziyada ödənişsiz təbliğat üçün 3 saatdan çox vaxt ayrılması, həmin vaxtın 1/3-nin debat, qalanın partiyaların arzuladığı şəkildə bölüşdürülməsi, bütün partiyalara tərəfsiz yer verilməsi qərara alınıb.

Həmçinin AzTV–nin bütün siyasi qüvvələrə yer vermək şərtilə seçki proqramları hazırlaması, regional TV-lərin də seçkilərə daha çox vaxt ayırmaları razılaşdırılıb.

Şərhləri göstər

XS
SM
MD
LG