Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30
Dmitri Trenin - Karnegi Fondunun Moskva Mərkəzinin direktor müavini

Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedevlə Serj Sarkisyan ötən həftə protokol imzalayıblar. Bu sənədlə iki ölkənin 1995-ci ildə imzaladığı hərbi sazişin müddəti uzadıldı. Ancaq məsələ təkcə sazişin müddətinin uzadılmasında deyil, başqa mühüm amillər də var.

MÜHARİBƏ VARİANT DEYİL

Əvvəla, Rusiya Ermənistanın ərazi bütövlüyünün təminatını tamamilə üzərinə götürür, əvvəllər olduğu kimi təkcə Türkiyə və İranla sərhədlərinin qorunmasını yox. Belə bir öhdəlik hazırda Rusiya hərbi doktrinasında nəzərdə tutulub. Sənədə görə, Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hər hansı üzvünə hücum hamıya hücum hesab olunur. Beləliklə, Dağlıq Qarabağı geri almaq üçün bütün vasitələrdən istifadədən danışan Azərbaycana da xəbərdarlıq olunur: Ermənistana qarşı müharibə variant deyil.

İkincisi, Rusiya xəbərdarlıq edir ki, tezliklə regiondan çıxmayacaq. Ermənistanla müqavilə 2044-cü iləcən uzadılıb. Artıq bu, bir cərəyana çevrilib: bu ilin əvvəlində Ukrayna 2042-ci iləcən Rusiya donanmasına ev sahibliyi etməyə razılıq verib. Rusiya strateqləri uzun müddətli proqnozlar verməyə başlayıblar.

Bəziləri inanır ki, bu cərəyan Moldovada da qalacaq. Moskva Qırğızıstan və Tacikistanda da hərbi iştirakını gücləndirməkdə maraqlıdır. Orta Asiyanın bu iki kövrək ölkəsi hər an partlamağa hazır Fərqanə vadisini bölüşürlər və Əfqanıstana çox yaxın yerləşirlər.

RUSİYANIN TƏHLÜKƏSİZLİK ZOLAĞI

Beləliklə, Rusiya öz perimetri çərçivəsində təhlükəsizlik sistemi yaratmaqla məşğuldur. Moskva ilə fikir ayrılıqlarına baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko KTMT sədrliyinə etirazlarından əl çəkib.

Gürcüstanla iki illik müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyada hərbi iştirakını möhkəmlədib. Ukrayna və Moldova ilə münasibətlərini gücləndirib. Bu ölkələrdən heç biri KTMT-yə üzv deyil. Gələn ay Medvedev Bakıya gəlir.

Rusiya rəhbərliyi açıq-aşkar NATO-nun genişlənmə prosesində yaranmış boşluqdan istifadə edir. Ukrayna və Gürcüstan 2008-ci illə müqayisədə indi Atlantik alyansına üzv olmaqdan çox uzaqdırlar.

Obama hökuməti keçmiş sovet respublikalarında Rusiyanın təsirini azaltmağa elə də maraq göstərmir
Respublikaçı sələfindən fərqli olaraq Obama hökuməti keçmiş sovet respublikalarında Rusiyanın təsirini azaltmağa elə də maraq göstərmir. Birləşmiş Ştatlar üçün Rusiya ilə münasibətlərin əsasında Əfqanıstan və İran kimi mühüm məsələlərdə strateji əməkdaşlıq vədi dayanır. Moskvanın özünün texnoloji modernləşməyə doğru getməsi isə Şimali Amerika və AB ilə münasibətləri qabardır.

AMERİKAYLA RUSİYANIN BİRGƏ MARAQLARI

Yeni cərəyana düzgün yanaşma nümayiş etdirərək Qərbin aparıcı dövlətləri Moskvanın öz qonşuluğunda strateji mövqeyini gücləndirməsindən narahatlıq ifadə etməyiblər. Bir səbəb yeni razılaşmaların könüllü şərtlərlə olmasıdır. Nağd pula ehtiyacı olan ukraynalılar Sevastopolun icarəsinə əməlli pul vəsaitinə görə razılaşıblar. Ermənilər izolyasiyada olan ölkələrinə Rusiyanın birmənalı təhlükəsizlik təminatını təzəlikcə qazanıblar.

Rusiyanın bu könülsüzlüyünə bir səbəb bəzi məsələlərdə ümumi maraqlar olub: Birləşmiş Ştatlar Rusiyanın Qırğızıstan və qonşularının sabitliyinə görə narahatlığını bölüşür. Vaşinqtonun Moskvayla razılaşmadığı məsələlərdə, məsələn, Gürcüstan məsələsində, narazılıq ört-basdır olunub.

NATO SƏBƏBİ

Bir mühüm amil də odur ki, NATO-nun Şərqə genişlənməsində uzun fasilə namizəd ölkələrin özündə yaranan dəyişikliklərə görə olub. Moskvayla hansısa bir razılaşma səbəbindən yox. Ukraynada hakimiyyət dəyişikliyi, strategiyanı yenidən qiymətləndirmə baş verib. Gürcüstan separatçı bölgəsinə qarşı güc işlədib, Rusiya ilə müharibəyə səbəb olub. Az əhəmiyyətli olmayan bir səbəb də strateji genişlənmə hissidir. Birləşmiş Ştatlar və Avropa Birliyində qlobal böhrandan əvvəl də belə bir hissi varıydı. Hələliksə uzun müddətə NATO və AB Şərqə doğru hərəkət etməyəcək.

HƏSRƏT YOLU NƏ TƏLƏB EDİR?


Bu o deməkdir ki, yaxın gələcəkdə Moskvanın bir müddət həsrətini çəkdiyi rolu oynaya biləcək, bunun üçün Rusiya qarşısına az maneə çıxacaq. Vaxtilə Sovetlər Birliyinin ərazisi olan bir məkanda təhlükəsizliyin və sülhün təminatçısı rolunu. Əgər ruslar bu rolu oynamaq fikrində ciddidirlərsə, gərək siyasətlərini və yollarını dəyişsinlər.

Strategiyalarının əsas neqativ elementinə yenidən baxsınlar - NATO və ABŞ-ın planlarına müqaviməti müsbətə doğru - münaqişənin qarşısının alınması və həllinə yönəltsinlər.

KTMT-Nİ DƏYİŞDİRƏK

Konfliktin qarşısının alınması KTMT-da islahatlara səbəb olar - bu təşkilat Rusiyanın dostları klubundan səmərəli təhlükəsizlik alətinə çevrilər - xüsusilə də Orta Asiya üçün. Bu region getdikcə lap kövrəkləşir, həm daxildən, həm də qonşu Əfqanıstanda hadisələrin inkişafı baxımından. NATO-ya oxşar siyasi struktur, müasir təhlükəsizlik sistemi bu Varşava Paktının oyuncaq surətini yeni məqsədlərə cavab verən funksional regional mexanizmə çevirərdi. İslah olunmuş KTMT Orta Asiyadan kənarda narahatlıq doğurmazdı: Rusiya-Ermənistan razılaşması kimi ikitərəfli sazişlər bəs edərdi.

HƏLLİNİ GÖZLƏYƏN MÜNAQİŞƏLƏR


Münaqişələrin həlli prinsipinə əsaslanma post-sovet konfliktlərinin həlli üçün ciddi cəhdlər tələb edərdi. Dnestryanı münaqişənin həlli asan görünür, ancaq bunun üçün də Tiraspol və Kişinyovdan xüsusi çəki tələb olunur. Həmçinin Kiyevlə yaxından koordinasiya, Avropa Birliyi və ABŞ-la yaxşı inama əsaslanan əməkdaşlıq lazımdır.

Abxaziya və Osetiyada vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya artıq indidən gürcü xalqına, Tbilisi hökumətinə açıq olmalıdır. Bu, Mixeil Saakaşvilinin prezidentliyinin ikinci müddəti bitəndən sonra mümkün ola bilər.

ƏN ÇƏTİNİ QARABAĞDIR


Hələlik ən çətini və təhlükəlisi Qarabağ məsələsi görünür
Hələlik ən çətini və təhlükəlisi Qarabağ məsələsi görünür. Ermənistana təminatı genişləndirməklə, hərbi müqavilənin müddətini uzatmaqla Moskva Bakıya xəbərdarlıq edir ki, müharibəni siyasətin bir elementi kimi çıxdaş eləsin. İndi Moskva başqa addım atmalıdır, sülh sazişinə nail olmaq üçün Ermənistan və Azərbaycana stimul verməlidir.

On il bundan qabaq, Floridanın Ki Vest şəhərində belə bir razılaşma demək olar əldə olunmuşdu. Ancaq alınmadı, çünki ölkə rəhbərlərindən fərqli olaraq iki ölkənin elitaları bu razılaşmanı qəbul eləyə bilmədilər.

İndi Rusiya münaqişənin həllində aparıcı mövqeyə çıxa bilər. Minsk qrupunun, amerikalı, fransalı həmsədrlərin dəstəyi ilə. Tədricən bu, Rusiyanın təhlükəsizlik quruculuğu bacarığını qəti sübut eləmiş olar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

/Məqaləni sayta Arifə Kazımova hazırladı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG