Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:45

Həmid Herisçi həm Bakıda, həm də Təbrizdə yaşayacaq


Yazıçı Həmid Herisçi bundan sonra həm də Bakıda, həm Təbrizdə yaşamaq qərarına gəlib.

Bu günlərdə İrandan qayıdan yazıçı Azadlıq Radiosunun “Oxu zalı”na deyib ki, “Böyük əsərlərin yaranması üçün Azərbaycanın ədəbi məkanı güneyli-qüzeyli bütövləşməlidir”.


- Çoxları bilir ki, mənim ata yurdumda – Təbrizdə evim var. Onsuz da ora gedib-gəlirəm, orada qohumlarım var.

Amma bundan sonra ailəmlə birlikdə necə deyərlər yaylaq-qışlaq prinsipi ilə həm o tayda, həm bu tayda yaşamaq qərarına gəlmişik.

Ola bilsin ki, oradakı evi təmir etdirdim, böyütdüm. Çox rahatdı, maşınla günorta saat 1-də Bakıdan çıxırsan, axşam saat 8-də olursan Təbrizdə.

Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir Azərbaycan yazıçısının iki paytaxtı olmalıdır – Bakı və Təbriz.

Necə ki rus yazıçıları üçün Moskva və Sankt-Peterburqun simvolikası var. Azərbaycan yazıçısı öz yaradıcılığında hər iki paytaxtın həyatının, ədəbiyyatının şeiriyyətini, gözəlliyini sintez etməlidir.

- İndi hansı əsərlər üzərində işləyirsiz?

- Hazırda kanspiroloji bir kitab üzərində işləyirəm, oraya həm nəsr, həm də şeir daxil olacaq.

Kitaba daxil olacaq romanın şərti adı “Biopsiya”dır. Orada Güneydə baş vermiş hadisələrin pərdəarxası məqamlarından danışılır.

Təbriz Fədai Məktəbi haqda söhbət gedir. Düzdür, kitabın çapı üçün maliyyə tapmaq çətinliyi var, amma inşallah bu məsələni yoluna qoymağa nail olacam.

- İranın ədəbi mühitinə baş vurmaq niyyətin varmı?

- Məni Güneydəki türklərin ədəbi mühitində yetərincə tanıyırlar.

Orada türk dilində əsərlərin çapı daha çox İnternet məkanındadır. “Dayaq” saytında çap olunuram.

O ki qaldı fars dilli mühitə, mənə elə gəlir ki, ora da baş vurmaq, tanınmaq lazımdır.

Amma bu, vaxt tələb edən bir işdir. Onu da deyim ki, İranda olarkən oradakı mediaya Ayətulla Behişti hərəkatı haqda rus mənbələrindən əldə etdiyim materiaları təqdim etdim.

1981-ci ildə 70-dən çox silahdaşı ilə birgə öldürülən Ayətulla Behişti haqda həmin yeni məlumatlar elə böyük maraq doğrudu ki, İranın İRNA, İSNA kimi nüfuzlu agentlikləri də bundan yazdı.

Bu da mənim bir araşdırmaçı yazar olaraq şəxsiyyətimə və yaradıcılığıma diqqət çəkdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG