Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20
Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.

Bu parçada yazıçı “Ədəbiyyat və incəsənət qəzeti”nin baş redaktorluğundan necə uzaqlaşdırıldığını yazır.



...Anarla mənim münasibətim pis deyildi, ehtiram göstərir, yanına gələndə xoş qarşılayır, yer göstərir, çay gətirdir, səmimi söhbətimiz olurdu.

Qəzet barədə heç nə demirdi, heç tövsiyə, düzəliş vermirdi.

Duyurdum, yuxarıların da qəzet və mənim barəmdə ağzı yanmışdı, onlar da mənimlə əlaqəni kəsmişdilər.

Bir kərə dedim, Yazıçılar Birliyini döndərirsiniz köhnə "Kolxozçu" idman cəmiyyətinə.

Ucdantutma qəbul edirsiniz. Qəbul olanları Birliyin sədri, katiblər tanımırdı.

Əyləşdik və Azər - mənim dostum, qələm yoldaşım, tərcüməçim nədən ötrü gəldiyini açıb söylədi:

- Yazıçılar Birliyinin başçıları, Anar, məni çağırıb belə bir təkliflə sənin yanma göndəriblər. Öz ərizənlə baş redaktorluqdan gedəsən.
Mənim adım vayqanlıydı. Səbayel milis rəisi deyəndən sonra “Ədəbiyyat qəzeti” müxalifətdir?!” – bu sözün təkcə onun olmadığını da duymuşdum.

Qəzetdə kəskin yazılar gedirdi, tənqidlər, iradlar olurdu.

Böhtana, haqsızlıqlara, vicdansız işlərə diqqət yetirilirdi.

Qubada bir yazıçı özünü öldürmüşdü, ov tüfəngi ilə. O, uzun müddət işsiz qalmışdı.

Quba İcraiyyə komitəsinə, Yazıçılar İttifaqının Quba şöbəsinə, onun müdiri Yusif Həsənbəyə üz tutmuş, dolanışığının, yaşayışının çətin olduğunu bildirmiş, ailəsinin çörək pulu olmadığını söyləmişdi.

Heç biri ona yardım göstərməmişdi. O, özünü öldürmüş, yazı yazıb qoymuşdu: Cəmiyyətdən narazılıq.

Bir yazıçının, maraqlı romanlar yazmış insanın özünü öldürməsi acı, ağır hadisə idi. Respublika, Yazıçılar Birliyi yazıçı ölümündən xəbər tutmamış, bir başsağlığı verməmiş, üstünü vurmamışdı faciənin.

Halbuki bir xarici ölkədə, əcnəbi məmləkətdə belə hadisə baş verdikdə səsi çıxır.

Bu hadisə ilə bağlı bizə - redaksiyaya bir məktub gəlmişdi. Orada faciənin necə baş verdiyi, yazıçının taleyinə biganəlik açılıb göstərilmişdi.

Mən həmin yazını qəzetdə dərc etdim. Daha bir neçə kəskin tənqidlər getmişdi.

Müharibə, əsgərlərin - ordunun halı, oradakı başsızlıq, orduya çağırış, bu işdəki ayrı-seçkilik, yuxarı təbəqələrin, icra başçıları, deputatlar, yüksək vəzifə tutanların övladlarının hərbi xidmətdən yayınması, ölkədə dözülməz, yolverilməz hallar tənqid edilirdi.

Müxalifət mətbuatındakından daha kəskin məqalələr gedirdi.

Qəzetdə Yazıçılar Birliyinin durumu, təşkilatın böhran keçirdiyi, ciddi iradlarla açılırdı.

Birlik illərlə yazıçıları bir yerə toplamır, baş verən hadisələr barədə Azərbaycan yazıçılarının birgə, gur səsi eşidilmirdi.

Oradakı məclis, məşvərətlərdə artıq mən Birliyin rəhbərliyi ilə toqquşmaqda idim.

Yazıçılar Birliyinə qəbul axınla idi. Bir ucdan Birliyi yeni üzvlərlə doldurur, ağına-bozuna baxmadan say artırırdılar.

Boyartımı ilə öyünür, bunu irəliləyiş təki qələmə verirdilər. Mən dönə-dönə söyləmişdim:

Yazıçılar Birliyinə qəbul yox, təmizləmə getməlidir. Başqa yazıçılar da dönə-dönə mətbuatda bildirmişdilər:

Azərbaycanda çox olsa əlli-altmış yazıçı var. Halbuki sayı qaldırmışdılar beş yüzə.

Qoşun-qoşun qəbul gedirdi. Say var, sambal yox. Bir kərə dedim, Yazıçılar Birliyini döndərirsiniz köhnə "Kolxozçu" idman cəmiyyətinə.

Ucdantutma qəbul edirsiniz. Qəbul olanları Birliyin sədri, katiblər tanımırdı. Nə yaradıcılığı, nə işi barədə bilmirdilər.

Min üzvü olan Birlikdə keyfiyyətli yazı yazmağa müəllif, tənqidçi, yazıçı tapılmırdı. Selləmə qəbulla gözdən pərdə asır, öyünürdülər.

“Ədəbiyyat qəzeti”nin redaksiya heyəti keçmişdən büsbütün göstərmə səciyyə daşıyırdı.

Adları qəzetin hər sayında gedən redaksiya heyəti bir kərə də olsun qəzetlə maraqlanmır, kömək əli uzatmırdılar. Şair Famil Mehdidən savayı, qalanları əsla qəzetin işinə köməklik göstərmirdilər.

Redaksiya heyəti barədə mənim fikrim belə idi: Bir halda redaksiyada əməkdaş çatmır, işçilərin əksəri çıxıb getmişdilər, onda redaksiya heyətinin üzvü olan ədibləri redaksiyanın, qəzetin işinə qoşmalıyıq.

Onların gücündən bəhrələnməliyik. Bu professional qəzetdir, müəlliflər başqa qəzetlərdən seçilir.

Bunca üzvü olan Birliyin qəzeti gərək yazandan korluq çəkməsin. Şöbə müdirlərinə tapşırmışdım, yeni müəlliflər cəlb eləyin, min üzvü olan Birliyin qəzeti gərək zəngin olsun, yaxşı çıxsın.

Eləcə də redaksiya heyəti üzvləri qəzetin, redaksiyanın işinə can-başla yanaşmalıdırlar.

Redaksiya heyətinin yığıncaqlarını keçirdik. İşimizi, görəcəyimiz tədbirləri götür-qoy etdik.

Daha sonra redaksiya heyəti üzvü Famil müəllimlə məsləhətləşdik. Düşündük, cavan yazıçıları çağıraq redaksiyaya. Onların söhbətini keçirək.

Qoy, ürəklərində nə var, ədəbiyyat barədə, respublikadakı ictimai durum, Yazıçılar Birliyi, bizim qəzet sarıdan nə sözləri var, açıq-aşkar desinlər.

Biz kəsib doğramadan onların sözlərini çıxaraq işığa-mətbuata.

Az-çox üzdə olan, tanınan cavanları çağırdıq. Həmid Herisçi, Fəxri Ülvi, Qusarçaylı. On nəfərəcən cavandı.

Danışdılar, dedilər. Əlbəttə aşağı-yuxarısı, düzü-yanlışı vardı. Cavanlar ötkəmdilər, giley üst-üstə yığılıb qalaqlanmışdı.

İçlərinin acı-ağrısını tökdülər dəyirıni masaya. Biz söhbəti necə varsa, maqnitofona yazdırdıq.

Cavanların söylədiklərini necə varsa eləcə də çap etdik. Hə, bunun səs-sədası bərk çıxdı.

Yazıçılar Birliyi bizim əlimizdən zəncir gəmirirdi. Əlbəttə, cavanların sözündə, iradında haqlı tənqidlə bərabər, baş aparmaqları, həddi aşmaqları da vardı.

Otaqda əyləşib işləyirdim. Famil müəllim də burada idi. Azər Mustafazadə zəng çaldı və mənimlə görüşmək istədiyini bildirdi.

Dedim, buyur gəl. Yarım saat keçmiş gəldi. Söhbətin ikilikdə getməli olduğunu duyub, Famil müəllim çıxdı.

Əyləşdik və Azər - mənim dostum, qələm yoldaşım, tərcüməçim nədən ötrü gəldiyini açıb söylədi:

- Yazıçılar Birliyinin başçıları, Anar, məni çağırıb belə bir təkliflə sənin yanma göndəriblər. Öz ərizənlə baş redaktorluqdan gedəsən. Bizim nəşriyyatda, Azərnəşrdə sənə münasib bir iş düzəldərik. Səni inzibati tənbeh təki çıxarmırlar, öz ərizənlə gedirsən.

Bu təklifdənsə, onu Azər Mustafazadənin gətirməyi mənə ağır gəldi.

Deməli, əlli illik dostumdan bu haqsız təklifi mənə çatdırmaq üçün istifadə etmişdilər.

Dost gəlişi bayramdır.

Soruşdum: “Qəzetdən çıxmağını niyə istəyirlər?” Dedi : “Narazılıqlar var. İçəridən, öz işçiləriniz narazıdırlar. Əgər işi müzakirə ilə görsələr sənin üçün yaxşı olmaz. Səni işçilərlə qarşılaşdırmaq istəmirlər”.

Yayılmış üsuldu. Yalnız adi idarəçilikdə yox, beynəlxalq dünya münasibətlərində tətbiq olunurdu. Kimi, hansı quruluşu dağıtmaq istəyirsən, onu içindən sök!

Məni Azərin özünün bu təklifə münasibəti maraqlandırırdı. Bunu soruşdum:

- Seni belə təklifi mənə çatdırmaqdan ötrü göndəriblər. Bəs sən, özün necə baxırsan bu işə? Onlara bir söz demədin? Etiraz etmədin?

- Yox - dedi.

Onun başçısı olduğu nəşriyyatda da işləri yaşdı. Köhnə rəhbərliyin, Vəzirovun adamı sayılırdı.

Yeri laxdı. Mən əzəlcə Rüstəmxanlı, sonra Sirus vasitəsilə onun direktorluqda qalmağına zamin olmuşdum. Söylədün ona:

- Əgər seni işdən götürməkdən ötrü belə bir təkliflə məni göndərsə idilər, mən oradaca onların vicdansız əməli barədə sözümü deyər, gəlməzdim sənin üstünə.

Daha sözü qalmadı. Burada belə bir incəlik də vardı. Azər də nıənim ziyanım sayasına qazanır, özünə etimadı artırırdı.

Sözüm bu oldu:

- Get, onlara de, mən o adamlardan deyiləm, "öz ərizəmlə" məni qırağa atalar. Məsələ Yazıçılar Birliyi Katibliyinin iclasında müzakirə edilməlidir.

Yazıçılar Birliyindən nə qədər şəklənsəm de onların buna yönələcəyinə inana bilmirdim.

İnana bilmirdim onların bunca cəsarəti çatar. Narazılıq başlamışdı.

Bunu mən Azər Mustafazadənin elçi göndərilməyindən qabaq duymağa başlamışdım.

Bir neçə gün qabaq Yazıçılar Birliyində bir balaca yığıncaq olmuşdu.

Həmin yığıncaqda, 37-ci il hadisələri götür-qoy edilmişdi. Sabir kəskin sözlər dedi.

Hətta mədəni irsə münasibətdə də yerliçilik azarının olduğunu göstərdi. “Ölülər”in, otuz yeddinci ildə məhv edilmişlərin irsinə yanaşdıqda da ögey-doğmalıq özünü göstərir.

Mən də danışdım. Rüstəmxanlının söylədiklərinin doğru olduğunu dedim. Söylədim: “Mərhum ədiblərə münasibətdə, klassik irsimizin yada salınmasında ayrı-seçkilik var.

Gərək o böyük insanların da oğul-övladı, qohum-qardaşı, yiyəsi, yerlisi ola”!

Yazıçılar Birliyi, katiblik məndən narazı ola bilərdi. Amma gəlib “öz ərizəmlə”yə çıxacağını gözləmirdim.

Axın oraya çatdırıldı, qəzetin, baş redaktorunun məsələsi qoyuldu katibliyin iclasına.

Beşinci günə salınmışdı müzakirə. Aydındı, Yazıçılar Birliyində olacaqdı.

Mən Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə danışdım. Bildirdim, redaksiya heyəti bütün çağırılsın.

Onların dediyinə qalsa, işçilərin əksəri mənim əleyhimə idi. Ağlıma gətirmirdim, bunca güzəşt edib, işdə saxladığım adamlar mənim üzümə dirənəcəklər.

Gəldik Yazıçılar Birliyinə. Girişdə bir neçə adam vardı. Kamil Vəliyev də onların arasında.

Onun başçılıq etdiyi “Dədə Qorqud” jurnalı Yazıçılar Birliyində yerləşmişdi.

Kamil də bu yerə gəlib baş çəkirdi. Soruşdu, dedim məsələmizə baxacaqlar. Ucadan, bir qədər də loğazla Kamil cavabında söylədi: “Heç nə eləyə bilməzlər”.

Dedi : “Başaramazlar”, yəni məni çıxartmağı. Çıxdıq yuxarı. Mən redaksiyadan Yazıçılar Birliyinə bizim rəssam Gündüzlə gəlmişdim.

Həşir Anarın otağında başlanacaqdı. Bu iri, geniş kabinetdə mən nələrin iştirakçısı olmuşdum! Otuz ildə lov, çəkişmə, toqquşmaların şahidi olmuşdum.

İndi mənim öz işimə baxacaqdılar. Görək burada kimlər vardı. Ovqatları necə idi?

Sədrin masasına bitişik uzun, qol masada onun həndəvərində xeyli adam əyləşmişdi. Ayazın başına yığışmışdılar. Mənə qədər nə danışmışdılarsa, biz içəri girəndə susdular.

Görünür söhbət bizim qəzetin üstündə getmişdi. İçəridəkilərin hamısı tanışdı. Amma redaksiya heyəti üzvlərinin əksəri burada deyildi.

Mən demişdim, Naxçıvandan redaksiya heyəti üzvü İsa Həbibbəylini çağırın.

O yoxdu. Əvəzinə katibliyə daha yaxın, ona hayan kəslər əyləşmişdilər: Vahid Əziz, Nüsrət Kəsəmənli, Afaq Məsud, Maqsud İbrahimbəyov, Birliyin katibi Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə.

Cavad Heyət də burada idi. Cənub Azərbaycan ədəbi hərəkatının görkəmli nümayəndəsi olan bu adama niyə zəhmət vermişdilər?

Redaksiya işçiləri, Davud Nəsib, Ayaz, Kamilə, Nemət mənimlə demək olar ki, salamlaşmadılar. Boğazlarında tikə qalıbmış təki udqundular.

Əyləşdik. Başlandı. Afaq xanım, kimlərsə, Nüsrət Kəsəmənli, qalxıb getdilər.

Anar hələ iclas başlamazdan bəzilərindən rica etdi, otağı tərk etsinlər.

Cavad Heyəti otaqdan çıxartdılar. Axı bu kişi “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü idi.

Onu niyə çıxardırlar otaqdan, iclasdan? Əksinə, o qalmalı və sözünü deməliydi.

Bəxtiyar Vahabzadə bir ağsaqqal təki iştirak edirdi. Cavad Heyət redaksiya heyətinin üzvü kimi qalmalı, rəyini bildirməliydi.

Kişini suyu süzülmüş ötürdülər eşiyə. Mən yadlarına saldım ki, Cavad Heyət qəzetin redaksiya heyətinin üzvüdür.

Qalmalı, sözünü deməlidir. Anar baş qoşmadı.

Müzakirə başlanmazdan əvvəl Cavad Heyət işi duyub “Siz qardaşsınız. Bir-birinizə qardaşcasına yanaşacaqsınız” – barışdırıcı sözü Anarın ötkəmliyinə uyğun deyildi.

Cavad Heyətin otaqdan çıxarılması onların əməliydi.

Anarın ilk sözü kimi nə söylədiyi yadımda deyil. Məsələ nə idi, nə müzakirə edilirdi, Davud Nəsibin işdən götürülməyi, “Ədəbiyyat qəzeti”nin redaksiyasında vəziyyətmi?

Bunlar aydın olmadı. Onda mən söz istədim, Çingizlə danışdığımız təki, əgər iclas lentə, maqnitofona yazılsa idi, həmin materialı - lenti çıxardardıq ortaya.

Yox idi, nə stenoqram vardı, nə maqnitofon - lent. Üstəlik, eşidib Yazıçılar Birliyinə bir xeyli jurnalist gəlmişdi, yazacaqdılar.

Onları yığıncağa buraxmadılar. Çıxıb getdilər. Mən həqiqəti açıb söylədim:

- Mənə öz ərizəmlə işdən getməyi təklif etmişlər. Bunun üçün elçi də göndərmişdilər. Ancaq mən “öz ərizəsi” ilə getmişdir”i özümə sığışdırmadım.

Qoy hər şey aydın olsun!

Başladım, hal-qəziyyəni açıb danışdım. Doğrusu, bu yazını yazdığım vaxtlarda, artıq mənim iş məsələmin üstündən xeyli keçmişdi və onu yenidən xatırlatmağa həvəsim, hövsələm yoxdu.

Ona görə deyirəm, lentə alınmış olsa idi, həm asan, həm tamamilə dürüst çıxardı ortaya. Əksər müxalifət qəzetləri bu hadisəyə, mənim işdən çıxarılmağımla bağlı, bir çox yazı, məqalə çap etmişdilər.

Davud Nəsibin işdən qanunsuz çıxarılmağı üstə söz getdi. Mən Anara dedim ki, baş redaktor kimi mən öz səlahiyyətimdən istifadə etmişəm.

Qəzetin yeni nizamnaməsi qəbul olunmuşdur. Onun biri də odur senin masanın üstündədir.

Sən də həmin nizamnaməyə qol çəkmisən, razılıq vermisən. Qol çəkdiyin sənədə bax!

Davudla Famil Mehdinin çəkişməsi düşdü. Famil Mehdi redaksiya heyətinin üzvü idi.

Davudu bərk töhmətləndirdi: "Sən pyanskalıqla məşğulsan. Qəzetin işinə kömək etmirsən, yarıtmırsan".

Nəhayət mən Anara üz tutdum:

....- Biz bu qəzeti zillətlə çıxarmışıq. İşçilərin maaşı, qəzetin çıxarılmasından ötrü Yazıçılar Birliyindən sədəqə təki vəsait dilənmişəm.

Halbuki Yazıçılar ittifaqının qəzeti buraxmağa vəsaiti vardır, kömək edə bilərdi. Onlardan yardım alınca, can boğaza yığılırdı...

Acıqla otağı tərk etdim. Keçdim yana, Çingizin otağına. Çingiz, Sabir Rüstəmxanlı ardımca gəldilər. Çingiz məni dilə tutdu: “Sabir müəllim! Məsələ hələ qurtarmayıb, gəlin!

Gəlin içəri. Əsəbiləşməyin”. Mənsə dedim: “Mən onların üzünə getmək istəmirəm".

Rüstəmxanlı da rica etdi: “Hələ məsələ müzakirə edilir, qurtarmayıb".

Ardımca qəzetin rəssamı Gündüz də gəlmişdi. Rəssamdan xahiş etdim mənim paltomu, qovluğumu masa üstdən götürüb çatdırsın mənə.

İşçilərimiz içində rəssamımız Gündüz yaxşı çıxış etmiş, o, dönük çıxmamışdı. Getdi, paltonu, qovluğumu gətirdi. Geyinib Yazıçılar İttifaqını tərk etdim. Biryolluq!

Çıxdım küçəyə. Üstümdən ağır bir yük götürülmüşdü. Tərpəndim metroya doğru. Baksovetə gedib, oradan avtobusla evə qalxacaqdım.

Vecimə deyildi. Elə bil məni cəzalandırmaqla daha yüksək bir mənsəbə çatdırmışdılar.

Evə gəldim. Bircə Şabandı. Ona işin necə bitdiyini söyləyib, əyləşdim öz otağımda.

Az sonra Famil Mehdi, Yaşar Qarayevlə gəldilər.

Yığıncaq yarımçıq qalmışdı. Heç bir qərar qəbul etməmişdilər. Bunlarsa təsəlli verməyə gəlmişdilər. Dedilər : “Yaxşı etdin. Belə də olmalıydı.”

Beləliklə, Yazıçılar Birliyi hələ qərar verməsə də, mən “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorluğundan imtina etmişdim.

Famil də, Yaşar da toxdadılar. Mən sınmamış, əyilməmişdim.

Bircə orasına yanırdım: Qəzetdə işlədiyimin bir il sonra düz qırx ili başa gələcəkdi.

İstərdim ki, qırx il tamam olsun, sonra çıxım.

Sonralar bəzi mətləblər aydınlaşdı. Yazıçılar Birliyinin içindən, əməkdaşlardan biri söyləmişdi:

“Bunlar əvvəlcə onu çıxarmaqdan çəkinir, ürək eləmirdilər. Yuxarının rəyini alıb, sonra cəsarətləndilər”.

Müxalifət qəzetləri bir xeyli yazı, intervyülər dərc etdilər. Mənimlə söhbət, sorğular buraxdılar.

Televiziyada söz salıb, mənim işdən çıxarılmağıma toxundular. Qırx il işlədiyim qəzetdə mən, doğrudan doğruya can qoymuşdum.

Qədrimi bilmədilər. Üç il baş redaktor olduğum müddətdə, götürüb qəzet bağlamalarını 1993-cü il iyuldan, 1995-ci ilin hansı ayınadək baxsınlar. Görəcəklər qəzet heç de pis çıxmayıb.

Mənim çoxdankı arzumdu: Yazıçı qırx yaşından sonra hər hansı yerdə, vəzifədə işləməməlidir. Evində yazmalı, yaratmalıdır. Bu acı da olsa, mənə indi nəsib olmuşdu.

Yazıçılar Birliyi, katibliyin nə qərar çıxaracağımı gözləmədən, mən özüm barədə hökm çıxartmışdım. Ertəsi Etibarla gəldik nəşriyyata.

Qalxdıq yuxarı, doqquzuncu qata. Açdım kabineti, şəxsi nəyim vardısa, başladıq yığışdırmağa.

Katiblik hələ də bilmirdi mənim işdən çıxmağım barədə necə, nə yazsın.

Bu, sənəddə göstərilməliydi. Bir-iki kərə Yazıçılar Birliyindən sifariş gəldi: İstədilər məni “öz ərizəsi”lə azad edilmiş təki göstərsinlər.

Mən bu yalana getmədim. Eləcə bir əmr yazmışdılar, “əmək kitabçam”da səbəb göstərmədən məni işdən götürdülər...

Həmçinin oxu
"Anarla söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim"
“Yaxşı yazıçısan, amma antisovetsən”...
“Hansı köpəyoğlu boynuna alar ki, vicdansız odur”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG