Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:39

«Seçkini daha yaxşı saxtalaşdırmaq...»


«2009-cu il bələdiyyə seçkiləri zamanı bəzi qanun pozuntuları olub və onlara yol verən icra strukturları cəzalandırılıb. Həmçinin Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib, bir sıra nəticələr ləğv olunub. Növbəti parlament seçkisində bu mövqe daha da sərtləşəcək».

AZƏRBAYCANDA SEÇKİ MƏDƏNİYYƏTİ


Prezident Administrasiyası ərazi-idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev belə deyir. Avqustun 23-də Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların başlamasına dair tədbirdə şöbə müdiri onu da bildirib ki, qarşıdakı parlament seçkilərində bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq seçki mədəniyyəti formalaşıb. İndiyə qədərki seçkilərdə əldə olunan təcrübə parlament seçkilərində daha da təkmilləşdirilməlidir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli


AXCP sədri Əli Kərimli isə deyir ki, 2005-ci ilin parlament seçkilərində də belə vədlər yetərincə oldu, amma nəticədə ATƏT məkanında tayı-bərabəri olmayan saxtakarlıq baş verdi.

SEÇKİDƏ GÖZƏ NECƏ KÜL ÜFÜRÜLÜR?


Əli Kərimli arzulayır ki, təki verdikləri vədi yerinə yetirsinlər. Müxalifət də elə bunu istəyir. Amma bu vədlərin səmimi olmaması indidən özünü siyasi partiyalara, sərbəst toplaşma azadlığına, seçki komissiyalarının tərkibinin formalaşdırılmasına və sair bu kimi məsələlərə münasibətdə göstərir. AXCP sədri düşünür ki, ölkədə seçkilər icra başçıları deyil, dövlət rəhbərliyi tərəfindən saxtalaşdırılır:

«Burda səmimiyyətdən yox, gözə kül üfürməkdən söhbət gedir. Saxtakarlıq birbaşa Prezident Administrasiyası tərəfindən istiqamətləndirilir. Hətta hər bir dairədə nəticələr də onlar tərəfindən müəyyənləşir. Bu bir dövlət siyasətidir və onun başında təbii ki, dövlət başçısı İlham Əliyev özü durur».

2005-ci il parlament seçkilərindən sonra yerli və beynəlxalq təşkilatlar Əli Kərimlinin də namizəd olduğu 31 saylı Suraxanı seçki dairəsində qanun pozuntuları baş verdiyini bildirmişdilər. Həmin vaxt bu dairədə seçkilərin nəticələri ləğv olunmuşdu. Amma sonradan Konstitusiya Məhkəməsi əvvəlki nəticəni qüvvədə saxladı və həmin dairədən YAP-ın namizədi Əhməd Vəliyev deputat oldu. Əli Kərimli deyir ki, həmin vaxt da rayon rəhbərliyi cəzalandırıldı. O hesab edir ki, bu, görüntü xatirinə atılmış addım idi.

MSK sədri Məzahir Pənahov
ƏDALƏTLİ SEÇKİYƏ HƏR CÜR ŞƏRAİT


MSK sədri Məzahir Pənahov da 2010-cu il seçkilərinin də ədalətli keçməsi üçün hər cür şərait yaradıldığını deyir.

Onun sözlərinə görə DSK sədrləri beynəlxalq qurumlarla birgə maarifləndirilir. ATƏT-in 400-ə qədər müşahidəçisi seçkiləri izləyəcək. Namizədlərin isə qeydiyyata alınması prosedurası o qədər sadələşdirilib ki, daha bundan artıq sadələşdirmək mümkün deyil:

«Bilirsiniz də qeydiyyat üçün nə edilir? Bir ərizə ilə dairəyə müraciət edirlər. Dairə onlara imza vərəqələri verir. Cəmi 450 imza toplanmalıdır».

Siyasi şərhçi Zəfər Quliyev isə Azərbaycanda indiyə qədərki seçki proseslərində kifayət qədər təcrübə əldə olunduğuna dair Zeynal Nağdəliyevin dedikləri ilə razıdır.

SEÇKİ TƏCRÜBƏSİ: DAHA YAXŞI SAXTALAŞDIRMAQ

Amma deyir ki, bu təcrübə seçkilərin demokratik, azad və ədalətli keçirilməsi yönündə yox, onun necə saxtalaşdırılması istiqamətində qazanılıb. Bu baxımdan hakimiyyət nümayəndələri qazandıqları böyük təcrübəni seçkidən seçkiyə daha da təkmilləşdirməyə çalışırlar.

Prezident Administrasiyası şöbə müdirinin qanun pozuntularına yol verilənlərə qarşı sərt mövqe ortaya qoyulacağı fikrinə gəlincə, ekspert deyir ki, əvvəla, bu ifadə altında kimlərin nəzərdə tutulduğu hələ məlum deyil. Digər tərəfdən, seçkilərdən sonra müşahidə olunan bəzi cəzalandırma faktları da əslində heç də ədalət naminə həyata keçirilmir.
Siyasi şərhçi Zəfər Quliyev


«Beynəlxalq müşahidəçiləri sakitləşdirmək, Azərbaycan ictimaiyyətinə bir görüntü yaratmaq üçün bu cür fikirlər səslənə, hətta seçkidən sonra konkret addımlar atıla bilər. Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilə, dəyişdirilə də bilər, lakin seçkinin mahiyyəti dəyişmir».

Zəfər Quliyev düşünür ki, elə buna görə də ölkədə parlament seçkilərinə iki ay qalmasına baxmayaraq ölkədə seçki ab-havası duyulmur. Cəmiyyət artıq seçkilərin formal bir prosesə çevrildiyini anladığı üçün ona maraq göstərmir.

POZUNTULARIN HAMISINA MÜNASİBƏT VERİLMƏDİ

2009-cu il bələdiyyə seçkilərində qanun pozuntusu qeydə alınan dairələrin heç də hamısında rəsmilərin dediyi kimi sərt mövqe ortaya qoyulmadı. Həmin seçkilərdə AzadlıqRadiosu İnternet saytında seçkilərdə qanun pozuntularını nümayiş etdirən video görüntülər də sərgiləmişdi.

ATƏT-in seçkinin nəticələrinə dair yekun hesabatında da pozuntular sadalanmışdı - seçki qutularına bülletenlərin topayla atılması, bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi, karusel əməliyyatı (bir qrup adamın avtobuslarla ayrı-ayrı məntəqələrə aparılıb səsverməyə cəlb olunması) və sairə.

MSK isə bir neçə dairədə seçkinin nəticələrini ləğv etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG