Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:46
Ziyad QULUZADƏ

Homo homini lopust est...*


“Həmişə fikirləşirdim ki, nə zamansa azad olacağam. ...oysa, mənim taleyimə əbədi məhbus həyatı yazılıb.

Bəlkə, qızım, öz ərinə atanı fəxrlə göstərə bilməyəcəksən. Bəlkə, arvadım, əziz SUNAm, bir də bazar meydanından ərinin qoluna sığınıb gedə bilməyəcəksən.

Ancaq bir həqiqət var ki, siz mənsiz də var olacaqsınız. ...yaşayacaqsınız...

HEFFAnın doğulduğu günü xatırlayıram. Mənim balaca qızım. Daha sən yetim qalacaqsan.”

Yazmağına bir az ara verdikdən sonra, beton lövhələrlə tikilmiş divarın ləkələrinə gözlərini gəzdirdi. Xeyli vaxt nə isə düşündü və otağa yayılmış sükunəti kədərli ahı ilə pozdu.

-Hə, onu deyirdim axı, HEFFAnın doğulduğu gün. Mən onda da elə indi olduğum kimi yazıq və çarəsiz idim.

Həyatda bəzən elə anların olur ki, ölüm belə səni xilas edə bilmir. ...başqasına getsən yəqin ki, ruhum narahat olmaz. Uşaqları bilmirəm.

Sən necə də gözəl qadınsan əzizim SUNA. -o rabitəsiz cümlələri pıçıltı ilə səssizliyə söylədi və qələmi əlinə alıb vəsiyyətnaməsini yazmağa davam etdi.

“Bilirəm ki, bu həbsxanada hamı əbədi olaraq, ömrünün sonuna qədər məhkum olunub. Hər kəsin əbədi məhkumiyyətdə belə nə zamansa azadlığa ümidinin olması - bəlkə də inamı - nə yaxşı şeydi..

Sağ ol, mənim qızım. Çalış, bu əclaf dünyada atanın namusunu qoruya bil.

Sağ ol, mənim əziz arvadım, gecələr tək qalmamaq üçün qonşulardan birini çağırarsan, kənd meydanından keçəndə isə o qonşunun qoluna sığınma, mən narahat olaram...”- o, hamı ilə vidalaşdıqdan sonra göz yaşına bürədiyi vəsiyyətnaməni bükdü və masanın üzərinə buraxdı.

Qalın kəndir tavandan asılmışdı. MAHMUD gözlərini kəndirin boğazına keçirəcəyi hissəsinə dikib, qəmli-qəmli gülümsündü.

Sonra dəmir barmaqlıqlar arasından boz çöllüyün ortasında ucalan qurumuş ağaca baxdı. Bu tənha və kimsəsiz çöllükdə belə həyat davam edirdi.

Külək əsir, quru budaqlara qonan qara qarğalar isti çöllüyün səssizliyini pozur və bu qoca məhkuma öz xoşbəxt həyatının nəğməsini oxuyurdu. Sonuncu nəğməni...

MAHMUD balaca pəncərədən boz və boş çöllüyə azadlıq arzusu ilə baxarkən, indiyə qədər yaşadığı həyatını gözlərinin önününə gətirirdi.

Ögey anasını öldürməyi, əbədi məhkum həyatı, 19 illik cəza və nəyahət, bu gün.

Qırışmış göz qapaqlarını yazıq-yazıq yumub-açır, dərd çəkməkdən zəif düşmüş ürəyinin dəhşətli bir əzabla sıxıldığını duyurdu. Soyuq həbsxana divarları ona bir də vərəm xəstəliyini bağışlamışdı.

Buna görə də durmadan öskürür və tez-tez əlindəki qırışmış dəsmalı ilə filtirsiz “ASTRA” çəkməkdən saralmış buğları və çənəsi üzərindəki qan ləkələrini silirdi.

Onun uzun müddətdir qırxılmayan sifəti BOMJ-u xatırladırdı. MAHMUD uşaqlıqdan bəri çiyinlərində hiss etdiyi, o səfaləti və kimsəsizliyi 19 illik həbsxana həyatından sonra daha da əzabla yaşadı.

- Ömür boyu əzab çəkmişəm. Hərdən, qonşumuzun oğlu təmiz paltarlarını geyinib harasa gedəndə, mən də, onun paxıllığını çəkirdim. Indi inanıram ki, tanrı insanlara taleni yazmır.

O, bizi bu dünyaya müharibə aparmaq üçün yollayır. Bu da müharibə. Bu da imtahan...

Anam məni doğanda ölmüşdü. (İlk dəfə ağlayıb fəryad qoparmağımın səbəbini də ona yas tutmağımla əlaqələndirirəm)

Mənim ona ən çox ehtiyacım olan vaxtlar, o yox idi. Hərdən də inanırsan ki, tanrı bu dünyada yaxşıları və pisləri əvvəlcədən bilir. Cənnətə və cəhənnəmə gedəcək olanları o özü seçir. Nə isə...

Indi daha 45 illik həyatımda nə zaman xoşbəxt bircə gün keçirdiyimi də xatırlamıram. Görən, mənim elə anım olubmu..?”

O, uzun müddət susdu. Gözlərini həbsxana divarlarında gəzdirdi və nəhayət, otağın bir küncünə sığınıb ağladı.

“- Mən ağılsız. Məgər sənə lazım idi?! Heç o, mənim doğma anam da deyildi.”-Tək olanda MAHMUD işlədiyi günahın peşmançılığını belə çəkirdi.

Özünü həbsxana karidorlarında danlayırdı. Arvadı gələndə isə -Mən bunların hamısını namus və şərəf üçün etdim... Eşidirsən SUNA? Mən hamısını özümüz üçün etdim. O qəhbə, bizi bütün kəndə biabır edə bilərdi - deyirdi.

MAHMUD fikirləşirdi ki, onun bu hərəkərtlərini arvadı bəyənir və ona görə də öz ərinə sədaqətini heç vaxt itirməyəcək.

Ərinin şərəf və ləyaqətinə layiq olmaq üçün SUNA da gecə yarısından qalxmış ehtirasını bir təhər boğacaq və ay işığında abırına sığınıb oturacaqdı.

–SUNA, qızımızı qoru. Daha mən burdan namus təmizləmək üçün çıxa bilməyəcəyəm. Başa düşürsən?..

Boz çöllüyün isti sükunətində ilıq bir küləyin xışıldatdığı quru ağacın həzin səsi onun üçün sonuncu nəğmə idi. MAHMUD kəndiri boğazına keçirdikdən sonra dodağının altında pıçıldadı- əşədüənna la ilahə illallah və əşədüənna Məhəmmədin abduhu və rəsulu-. O, tanrısına ibadət edə-edə, onun qanunlarını pozdu.

Ayağının altındakı balaca stulu itələdi və sallandı.

O sallandıqca külək qurumuş ağacı yellədir və budaqlarını xışıldadırdı. MAHMUDun son nəfəsi kəndirə bürənmiş boğazından çıxanda, qurumuş ağacın üzərində qurulmuş qarğa yuvası uçdu. QARRRR, QARRR... - deyə qarğalar pəncərəyə qonub fəryad qoparırdılar.

Qarğaların uçmuş evlərinə matəm tutduğu, MAHMUDun sallandığı bir vaxt SUNA qızının gecələr evə gec gəlməsindən qonşulara şikayətlənirdi.

Indi daha MAHMUD yoxdu. O bilmir ki, qızı “LİVE” barda bir gecəsi 10 manata çıxır.

Görən, o atasının namuslu bir kişi olduğunu bilirmi?

Külək məktubu masanın üzərindən qalıdırıb dəmir barmaqlıqlar arasından çöllüyə atdı.

Məktub çöllüyün ortasında ucalan balaca təpənin üstünə düşdü və bir neçə aydan sonra çürüyüb torpağa qatıldı.

Hərdən güclü tufan qopanda vəsiyyətnamənin tozlarını aparıb SUNAnın evinin qabağına atır.

**********************************************************

MAHMUDun ölümü əbədi məhbuslar həbsxanasında böyük bir təşvişə səbəb oldu. Burada yaşayan bütün insanlar həqiqəti dərk etməli oldular.

Ömürlərini sonuna kimi azadlıq həsrəti ilə boz çöllüyün quru ağacına baxmaqla keçirəcəklərini anladılar.

Görən, bu cür həyat tərzini hamı qəbul etdimi? Yox. MAHMUD öləndən sonra daha üç nəfər özünü öldürdü. Onlar da çoxdan dağılmış ailələrinə məktublar buraxaraq öldülər...

Məktublar heç vaxt ünvana çatmadı. Özünü öldürmüş atalar qızlarına namuslu olmağı vəsiyyət edib gedirdilər. Onlar elə bilirdilər ki, bununla öz övladlarına heç bir atanın verə bilməyəcəyi sərvət buraxıb gedirlər.

Ancaq həyatın lap dibinə yenmiş bu əbədi məhkum övladlarına atalarının qoyub getdiyi quru nəsihət dolu mirasdan daha çox onlardan geri qalacaq olan bir neçə qəpik idi.

Zaman keçdikcə həyatın baş gicəlləndirən qarmaşası qızlara uzun illərdir həbsxanada yatan atalarını unutdurur, qadınlara isə həyatına və bütün varlığına nifrət etdiməyi öyrədirdi... daha doğrusu yapışdırırdı...

Uzun illər atasını gözləməkdən bezmiş qızcığaz bir gecə yarısı səfalətin hökm sürdüyü daxmasında yasını tutub özünü məişətin lap içinə atır. Daha kimsəni gözləmədən “həyat”ına davam edir.

*******************************************************

Axşamdır... Ulduzlar özünü qaranlığın qoynuna atıb... Ay nurunu balaca sahil daxmalarının üstünə töküb.

Pəncərə qabağına qoyulmuş şam işığı qadının sifət cizgilərində oynaşır. Göz yaşlarını şamın ətrafına pərvanə kimi səpir və dodağının altında pıçıldayır...

Indi gecədir.

Qaranlığa oxuyuram nəğməmi.

Zülmətin içindən boylanır ulduzlar

...xəsis...

...xəsis...

Daha gəlmə.

Daha səni gözləmirəm.

Unutmuşam. Çoxdan unutmuşam.

Məhkum arvadları beləcə, uzun illər gözlədikdən sonra, ərlərini unudub öz həyatını yaşamağa başlayır.

*******************************************************

-
Biz bir yerdə qaçacaqdıq. Hə, yəqin bilirəm ki, o arvadının gəlməməsindən narahat olub.

Bax, elə buna görə gedib özünü asdı. Axı, yazıq arvad nə etsin?.. –AKİF divarda vurulumş şəkilə baxdı və dilləndi.

-Hə. Arvadı da gözəldi ha. De, hansı köpək oğlunun haqqı var ki, durub belə gözəl qadına heç vaxt gəlməyəcək bir ərin yolunu gözlə demək olar. Heç kimə. -deyə MİR gözünü divardakı şəkillərə zillədi.

Bu həbsxanada hər şəy gərçək həyatda olduğu kimi acımasız, uydurma və uyğunsuz idi.

Namusu... şərəfi... və qeyrəti... üstündə əbədi məhkum olan bu adamlar divarlara çılpaq qızlarla yanaşı öz analarının, bacılarının və arvadlarının da şəkillərini vurmuşdular.

Hərdən ehtirası qalxmış məhkum divardakı lüt qız şəkillərinə baxmaq əvəzinə çaşıb qonşusunun arvadına da baxırdı.

Onun arvadını gizli-gizli sevirdi. Bura belə idi. Bax, beləcə...

*****************************************************

Payız ayları idi. Axşam saat 21:45. Böyük otaq boyu uzanmış iki mərtəbəli çarpayıların üzərində əbədi məhkumlar yatıb.

Onlar bəzən səhərə kimi gözlərini qırpmadan tavana zilləyir və uzun xəyalara dalır, nə zamansa azad olduqlarında nə edəcəkləri barədə düşünürdülər.

-Yəqin evdəkilərə heç nə demərəm. Birinci LENA ilə sevişdiyimiz yerlərə gedərəm... Eh. Mən də pis gənclik keçirməmişəm.

Sonra uzun-uzun XƏZƏRin sahillərində gəzərəm. BAKI bulvarında balıq tutanlardan xahiş edərəm ki, bir dənə də balıq mən tutum.

Onların əlindən tilovu alaram və balıqları tutaram. Yox... Onları öldürə bilmərəm.

Daha mən heç kimi öldürə bilmərəm. Yəqin onu tutduqdan sonra açıb yenə buraxaram. Azadlığa buraxaram...

İllər ötdükcə azadlığın rəngi də, dadı da, qoxusu da dəyişir.- VALODİYA yerinin içində uzanıb beləcə xəyallar qururdu.

Burada olan bütün məhkumların azadlığa gizli ümidi var idi.

Onlar ölənə qədər burada qalmaq fikrini özlərindən çox uzaqlara göndərmişdilər. Bu insanın nə zamansa öləcəyini unutması kimi bir şeyə bənzəyir.

...Onu unudublar...

Hamının yatdığından əmin olandan sonra MİR və AKİF MAHMUDla bir yerdə hazırladıqları qaçış planını yeni dostları VALODİYAya göstərdilər.

MİR planın üzərinə qoyduğu zəif şamın işğında gözlərini bərəldə-bərəldə yeni dostu VALODİYAya azadlıq haqqında elə nağıllar danışırdı ki, buna kim olsaydı beləcə ağzı açıq qulaq asardı.

-Deməli belə. Bax, bu planı biz 2 ildir hazırlayırıq. Hər altıncı gün saat 13:45-də növbə dəyişir.

Növbə dəyişəndə arada fasilə verilir. Yəni 13:50-yə kimi 5 dəqiqə bu kalidor boş qalır. Həmin beş dəqiqədə biz tualetə getmək bəhanəsi ilə çölə çıxacağıq və ordan isə azadlığa.-Bunu dedikdən sonra hamısı birdən gülməyə başladı.

Onlar güldükcə ağızlarında adda-budda qalmış dişləri özünü çölə atırdı. Bu insanların varlığı kimi dişləri də azadlıq həsrətində yaşayırdı...

- Neçə ildir divarın dibini qazırıq. Ordan çölə çıxmaq üçün böyük bir dəlik açmışıq. Həmin yerdən sürüşüb çöllüyyə çıxacağıq. Divarın o tərəfinə keçən kimi qaçmaq lazımdır.

Divarların küncünə qoyulmuş əsgərlər bizi görə bilərlər. Mən bir neçə dəfə buna nəzarət etmişəm. Həmin vaxt onlar nahara çıxırlar və başları yeməklə qarışır.

-Bəs çöllüyyə çıxandan sonra nə edəcəyik?-deyə VALODİYA gözlərini AKİFin sifətinə zillədi.

-Əsas məsələ bu divarın o tərəfinə keçməkdir. Ondan sonra ALLAH kərimdi- MİR astaca dilləndi və neçə vaxtır təmizlənməyən, uzanmış, kirli dırnağını çertiyojun üzərinə, cızılmış qara xəttin üstünə qoydu.

Onlar həmin xətti bir neçə dəfə müxtəlif rəngli qələmlərlə qaralamışdılar.

Hətta bu çertiyojun üstündə o qədər işləyirdilər ki, bu xəttə ad belə qoymuşdular. Azadlıq xətti... ƏZRAYIL poçdu... alın yazısı... və.s.

MAHMUD gəncliyində çoxlu romanlar, şerlər oxuduğu və bir az də fəlsəfəni sevdiyi üçün olmalı idi ki, xətlərin ən məhrəm hisslərindən tutmuş bütün əlamətdar xarakterlərini bu qalın kardon üzərinə çəkdikləri çertiyoja yazmışdı.

VALODİYA maraqla çertiyoja baxır və 35 illik məhkum həyatının sonda azadlıqla bitəcəyinə hələ də inana bilmirdi. Ancaq o, hamının azad olmasını və qaçmasını istəyirdi... bəlkə bu həbsxana həyatını yaşayan bütün insanlara məxsus bir şeydir.

Heç bir qul bütün insanların qul olmasını istəməz.

VALODİYA astaca dilləndi.- gəlin, bunlara da deyək. Qoy hamı qurtulsun.

Bunu eşidər-eşitməz AKİF donquldandı

-Kəs Səsini. Sən istəyirsən ki, bunların hamısı qaçanda şübhələnsinlər. Sən elə bilmə ki, beş dəqiqəyə bu qədər adam azadlığa çıxa bilər. Bu beş dəqiqə də heç biz qaça biləcəyikmi?

Akif VALODİYAnın bu humanist düşüncəsinin nəticəsini yaxşı görmədiyi üçün onun qolundan tutub möhkəmcə sıxdı. Pıçıltı ilə dedi- Sənin müqqəddəsliyin əgər bizim bütün planımızı alt-üst etsə, onda səni öz əllərimlə əbədi cənnətə yollayacağam. Eşidisən? Əbədi cənnətə.

-Bəlkə cəhənnəmə düşdü.-Şam işığının durmadan tüklü sifətində oynadığı MİR pıçıldadı.

-burdan getdikdən sonra onun üçün ikisi də eynidir.-deyə Akif ona baxdı və VALODİYAnın qolunu buraxdı.

Çerdiyojun üzərinə qoyulmuş şamın zəif işığı özünü həyatın zülmətində tapmış məhkum gözlərində parladı və söndü.


************************************************

-Qaçırlar, qaçırlar- deyə saldat məhkumların arxasınca bağırırdı. O hələ əsgərlərlik həyatının 1-ci ayında idi.

Təcrübəsiz saldat silahi necə gəldi tuşlayır və atəş açırdı. AKİF, MİR və VALODİYA durmadan qaçır, yıxılır və tez-tez arxalarına dönüb baxırdılar.

Həbsxanada həyəcan siqnalı eşidilir, hay-küy, təşviş bütün çöllüyü bürümüşdü.

Indi daha güclü külək əsir, quru ağac daha tez-tez budaqlarını yerə tökürdü. Indi azadlıq daha çox xoş gəlirdi. Hər addım həyəcanında, hər nəfəs alışda azdlıq idi.

Qaça-qaça yenidən həbsxanaya qayıdaram deyə düşünməkdə də azadlıq var idi. Bəlkə də azdlığın zirvəsi.

Indi daha heç kim yoxdu... Nə əsgərlər, nə də çöllük boyu ucalan siqnal səsləri.

Ucsuz-bucaqsız çöllüyün tənhalığında azadlığına qaçan bu adamlar hara gedəcəyini bilmədən hey qaçırdılar.

Çöllüyün bitdiyi yerdə ilanların ulaşdığı, tanrı mərhəmətinin hiss olunmadığı sap-sarı səhra başlayırdı. Onlar bu səhranın acımasız dərinliyinin fərqinə varmadan özlərini onun qoynuna atdılar.

Külək durmadan qumu məhkumların qurumuş dodaqlarına çırpır və yorğun sifətlərini azadlıq ətri ilə doldururdu.

Hərdən onlara elə gəlirdi ki, sifətlərinə vuran külək azadlıq ətri yox, azadlığın gərçək çirkabıdır.

Nəhayət taqətdən düşən VALODİYA özünü qumun üstünə sərdi. Başını yerə qoyanda beyninin hansısa bir nöqtəsindən belə bir fikir keçdi - görən, azadlıq budurmu? Ya bəlkə hələ bizim ona çatmağımıza çox var.

Bir neçə gün ac və susuz üfüqə doğru durmadan qaçan məhkumlar tez-tez hara gedəcəklərini unudurdular.

Onlar uzun illərdir hazırladıqları qaçış planında nədənsə heç vaxt sonranı fikirləşməmişdilər.

Oysa, bütün xətlərin, nöqtələrin adları var idi. Yalnız azadlıqdan sonranınkı yox idi. İndi “azadlıqdan sonradır”. Bəlkə də azadlıqdır. .. Səhranın qızıl bulutlar arasından boylanan günəşi... xaos kimi birdən gələn qum tüfanı... və nəhayət azadlıq...

VALODİYA uzandığı yerdə son nəfəsini verirdi.

O, astadan amma var gücü ilə pıçıldayıb axırıncı sözlərini deyirdi.

“MİR. Mən LENAya söz vermişəm. O, məni gözləyəcək. Bilirəm. Mənim ölümü... də olsa, ona apar. ”

MİR qüssəli baxışlarını VALODİYAnın sönmüş gözlərinə tikmişdi və ağlayırdı.

Göz yaşları qurumuş dodağına düşən kimi onu acgözcəsinə yalamağa başlayırdı. VALODİYAnın ölümü MİR üçün bəhanə olmuşdu. Var gücü ilə ağlayır və göz yaşlarını yalayırdı.

Xəfif bir külək əsdi... Belə küləklər insanın qəlbində əbədi rahatlıq hissi oyadır.

AKİF arxası üstə uzanıb bulutlu səmaya baxırdı. Qara buludların səhranın üzərində belə sıx topalaşması AKİFin ürəyincə oldu. Nəhayət ki, yağış yağacaqdı. Bir neçə saat keçdi və səhranın əbədi dostu günəş özünü göstərməyə başladı.

Hardansa naməlum bir yerdə hələ də həzin bir külək əsməkdə idi.
“Hardasan?

Bax, sənə deyirəm bu ilanlar ulaşan boş səhranda günahsız azadlığa çıxa bilməsək daha bizdən insanların içində rahiblik etməyimizi gözləmə.” AKİF tanrısını arxayın edirdi.

Onun bu dünya barəsində və tanrıya olan münasibətlə əlaqədar öz fikri var idi. Bu “öz fikir” indiyə qədər yerə enmiş İNCİL, AVESTA və QURANİ - KƏRİMdə belə yoxdur.

AKİF dünyanı və insanları başı boş buraxılmış xaosa bənzədirdi. O tanrının varlığını təsdiqləyir ancaq onun istədiyi an yer kürəsindəki hadisələrə müdaxilə etdiyini qəbul etmirdi.

“Dur. Bir balaca dərin qazsaq onu yerləşdirə bilərik.”-deyə Akif yoxlayıcı nəzərlərlə MİRə baxdı. Bu an gözü birdən VALODİYAnın ətli sifətinə sataşdı. O indiyə kimi VALODİYAnın belə kök və ağ olduğunu bilmirdi...


“Mən ona söz vermişəm. Sən eşitmədin nə dedi?. Onu LENAsına aparacağıq. O, azadlığı görəcək”-MİR göz yaşlarını daha da gücləndirib var gücü ilə AKİFin üstünə bağırırdı.

“O, onsuz da azadır. Başa düşürsən indi onun ruhu göylərdədir.

Tanrısına hesabat verirdi ki, bu xaosun içində o, öz insanlığını necə qorudu. Anla, bu cisimdir. Sən onu Lenasına aparıb çıxrana kimi çürüyüb gedəcək.” VALODİYA ondan da bərk çığırır, ancaq ağlamırdı.

“Mən aparacağam. Onu sonuna kimi aparıb Lenasına çatdıracağam.” O gücü çatdığı qədər psixaloji gərginlik yaradıb göz qapaqlarının araxasında nə qədər su var idisə hamısını son damlasına qədər çıxardıb dodaqlarına tökməyə çalışırdı.

“Bax, əzizim. Onun paltarları bizə kömək edə bilər. Özünü burda basdırarıq.

O, özü də istiyər ki, biz azad olaq. Onun ruhu onda rahat olacaq.” Deyə, Akif bütün vasitələrlə Miri öz fikrindən döndərməyə çalışırdı.

“aparacağam”- deyə qışqırdı və Valodiyanı çiyninə qoydu... “onun əlləri şişib və ağdır” Mir fikirləşdi...

“Apar. Sənə heç bir kömək etməyəcəyəm. Axıra kimi özün apar.” Akif ona baxır, pis-pis gülürdü.

Intəhasız səhranın dərinliyində bir cəsəd və iki nəfər səfil insan hara isə gedirdilər.

Onlar bu “hara isə”nin adını azadlıq adlandırırdılar. Bəli, azadlığa gedirlər... Gedə-gedə arxada buraxdıqları qum təpələrinin dərəsində hansısa insani hislərini unudurlar. Mir 2 gün Valodiyanı ən hümanist duyğu ilə daşıdı.

Və nəhayət, üçüncü gün o özü də yorulduğunu hiss etdi. Mir elə yorulmuşdu ki, Valodiyanın cəsədini gərəksiz bir əşya kimi tullayıb ondan bir neçə metr uzaqlaşdı və qumun üsündə uzandı.

Akif isə asta-asta gəlir, hərdən dodağının altında fit çalır, səmaya baxır və günəş saatı ilə vaxtı hesablayırdı. Mir onun bu qədər rahat və xoşbəxt olmağının mənbəyini bilmirdi.

O, bilmirdi ki, onun Lenaya apardığı əmanətin ayağında heç bir barmaq qalmayıb. Dünən gecə, Akif onları gizlincə kəsib cibinə doldurmuşdu və yol boyu yeyirdi.

Gecə səhərə kimi isə, Valodiyanın bütün bədənindəki qan axıb, çoxdan qumun canına hopmuşdu. Mirin yükü yüngüləşmişdi.

İnsan kütləsinin içində azadlıqlarına olan bu mübarizə bitəcəkdi və onlar məqsədlərinə çatmış olacaqdılar. Insanın azadlığı yalnız onun yanında başlayır və onun yanında bitir.

Gecə saat 3. Akif saatları günəşlə dəqiq müəyyən edirdi. Ancaq o, axşamlar vaxtı uydururdu. Uydurulmuş zaman...

Ay öz saralmış nurunu qum təpələrinin üstünə sıra ilə paylayırdı.

Sonsuz səhranın ənginliyində Mİr və Akif Valodiyanın ətli yerlərini dişlərinə çəkir, aya doğru mahnı oxuyurdular.

Valodiya 3 günlük ərzaq ehtiyatını ödəmişdi. Yemək bitdikdən sonra Mirdə ümumi halsızılıq başladı.

Onlar arasında Valodiyanın cəsədi bitdiyi andan gizli bir şübhə başlamışdı. Ikisi də bir-birindən qorxurdular.

Ancaq təbiətə və ucsuz-bucaqsız səhraya qarşı həmişə bir mübarizədə idilər və bir-birinə arxayın idilər. İnsanlar bir-birinə qarşı münasibəti o zaman insani duyğularla bərkidirlər ki, həmin vaxt onların qarnı doymuş olur.

Məhkumlar da beləcə qarınları doyandan sonra sonsuz səhranın amansiz üzünə qarşı durmaq üçün bir olmalarından və dayaq durmaqdan başqa çarə görmürdülər.

Şübhə, qorxu və arxayınçılıq- bunların üçü də bir adama yönələndə insan daha rəzil və amansız olur.

Axşam idi. Hər ikisi uzanmış və qorxu içində vücudlarını tanrılarına tapşırmışdılar.

Ulduzlu səmanın pak işığı olan ay az qala bu səhraya yenmişdi.

“Bu mübarizədi. Birdəki, o məndən çox gücsüzdür.

Onun azadlığa çıxmaq şansı yoxdur. Bu gecə onu öldürəcəyəm. Nə qədər olmasa mən ondan güclüyəm” beləcə Akif düşünür və xısın-xısın gülürdü.

Mir qorxu içində tanrısına yalvarır və ona söz verirdi ki, azadlığa çıxan kimi minlərlə qurban kəsəcək.

“-Sən ...”

“-nə olub? Hə. Mən” deyə zola akif Mirin fikrini öyrənmək istəyirdi.

“-Əgər mən də... onun kimi ölsəm, məni də yeyərsən? ”-Mir bu son sözləri əzab çəkə-çəkə dedi.

“-bəs sən?”

“-Heç vaxt”

“-mən də”

Akif daha əvvəlki kimi qorxmurdu. Çünki, Mirin hümanist qəlbi icazə verməzdi ki, onu yesin.

Ancaq, səhv etdiyini çox gözəl bilirdi. Bilirdi ki, əgər ac qalmamaq üçün Valodiyanı yedisə, deməli onu da yeyərdi.

Ona görə də birinci addımı atmalı və həm həyatını qurtarmalı, həm də yol üçün ərzaq tapmalı idi.

Mir isə özünü Akifin sözlərinə elə inadırmışdı ki, daha onun nə zamansa öldürüləcəyini düşünmürdü.

Ancaq o öz aləmində ağıllı bir fənd işlədib Akifi öldürəcək və onun cəsədi ilə azadlığa çıxacaqdı.

Onlar iki gün beləcə bir-birlərinə vəd verə-verə, bir-birlərini öz azadlıq yollarındakı birgə mübarizlərinin labüdlüyününə inandıra-inandıra yaşayırdılar. Ancaq zaman keçdikcə və təbii tələbatlar artdıqca şübhə və ovlanma hissi daha da güclənirdi.

Axı, cismin arzuları ruhunkundan daha amansdız və dəf edilməzdir.

O, bu gecə öldürəcəkdi. Daha bu işə son qoymalı idi.

Qurumuş dodaqlarını bir-birinə sürtüşdürə-sürtüştürə düşündü. “Bu gecə sonun gələcək. Sən qaldıqca arıqlayırsan. Deməli belə, yorğunluqdan dəli kimi yatmağa başlayanda, gizlincə pıçağını götürərəm. Və BİTDİ. ”

***

“QAN... YAMAN DADLI İMİŞ... Mən heç Valodiyanın qanında bu ləzzəti görməmişdim. Heyyy. Mən indi dünyanın ən xoşbəxt adamıyam. Gətir bura qolunu əclaf. Sən elə bilirsən mən bilmirəm.

Istəyirdin ki, məni bu gecə öldürəsən? Hə.” Pıçağı cəsədin qurumuş barmaqları arasına soxmağa çalışır.

“-Al. Al öldür. Öldür. Məni öldür. Hahaha.”

Akif Miri şakkaladı və çantasına yığdı. 5 gün o, beləcə yaşadı.

Nəhayət, ərzağı bitdikdən 1 gün sonra onda daha şiddətli heyvani hisslər baş qaldırmağa başladı. Indi aradabir qabağına çıxan əqrəbləri, səhrada təzə-təzə görməyə başladığı qayaların arasındakı kərtənkələləri tutub yeyirdi.

***

Burada, qayalıqların arasından süzülüb gələn saf su balaca gölməçəyə dolurdu.

Gölməçənin ətrafında rəngarən çiçəklər, quş səslərinin qarışıq amma ardıcıl melodiyası və yaşıllığın təkrarsız təbiət qoxusu var idi. Akif sifətində qurumuş qan ləkələri ilə, gözlərinin üstüdəki yorğunluq hissi ilə, içində ölmüş ruhu ilə bu cənnətə ifadəsiz-ifadəsiz baxırdı.

O, uzanmış, qapqara dırnaqlarını hələ gənc qız təravəti ilə nəşələnən çiçəklərin üstünə yavaş- yavaş sürtür, nə edəcəyini bilmirdi.

Ağacların üstündə qalaq-qalaq yığılıb qalmış meyvələr, ətrafda gəzişən çöl dovşanları, balaca tısbağalar və ağacların ən zəif nöqtələrindən akrobatlıq edən meymunlar onun gözlərini qamaşdırırdı.

O, asta-asta gölməçəyə gəldi və gölməçənin qırağına çıxmış qurbağanı götürüb yeməyə başladı. Sonra isə oxuya-oxuya gölün uzanmış çiçəkərini parçalayır və paklanmağa çalışırdı. Indi səhrada itirdiyi xoşbəxtlik hissinin xousunu duyurdu. Ancaq azadlıq adında bir şey hiss etmirdi.

Görən, bunun səbəbi onun heç vaxt azad olmamasında idimi?

Quşlar oxuduqca elə bil qorxurdular ki, nə zamansa payız gələcək.

Məhz, ona görə də cəh-cəhlərini elə tez-tez çıxrarırdlar ki, sanki qəlbindəki bütün mahnıları bu yaz oxuyub qurtarmalı idi. Axı, o heç bilmir bəlkə payız heç vaxt bitmədi. Azad olmağa doğru atılan addımlar kimi...

Quşların payız həsrəti...

Ruhunu səhrada itirmiş adamın azadlıq uğurunda mübarizəsi...

Vəhşi təbiətdə sonsuz səhranın ortasındakı balaca vahədə meymunlara qoşulub bağıran bu adam azadmı oldu?

P.S- Mən qış fəsli ağacıma yapımış tənha yaşıl yarpağam.

Qarlar deyir “-sən azadsan.”

Külək deyir “-sən azadsan”

Mən tənhayam, azadmıyam?

_______________
*insan insanı yeyir (latın ata sözü)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG