Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

QAT aksiya keçirib


Avqustun 23-də Qarabağ Azadlıq Təşkilatı (QAT) və İnsan Azadlıqları və Hüquqlarının Müdafiə Cəmiyyətinin üzvləri Rusiya-Ermənistan hərbi əməkdaşlığına etiraz olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

«Rusiya Qarabağdan əlini çək», «Rusiya işğalçı Ermənistanı dəstəkləmə» şuarları ilə keçirilən aksiyada polislə aksiya iştirakçıları arasında qarşıdurma olub.

QAT sədrinin müavini İlqar Əliyevin AzadlıqRadiosuna dediyinə görə, buna baxmayaraq onlar piketin qətnaməsini sona qədər səsləndirərək onu səfirliyə təqdim edə biliblər.

İlqar Əliyev deyir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan bir dövlətin Azərbaycan torpaqlarını işğal edən dövlətə yardım etməsini həmin dövlətin həyata keçirməli olduğu missiyaya uyğun olmayan addım adlandırıblar.

«Rusiya ATƏT-in Minsk Qrupuna üzv dövlətlərdən biridir və o, bir tərəfdən Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində gedən danışıqlardan iştirak edir. Rusiya Ermənistanı hərbi sahədə dəstəkləməklə Azərbaycan xalqına bir başa hörmətsizliyini göstərir. Biz istəyirik ki, Azərbaycan hökuməti də bu məsələyə özünün kəskin mövqeyini bildirsin».

Aksiyanın qətnaməsində bildirilib ki, Rusiya Azərbaycan üçün arzuolunmaz dövlət elan olunmalı, ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmalı, bu ölkənin səfirliyinin fəaliyyəti dayandırılmalı, prezident Dmitri Medvedevin Azərbaycana gözlənilən səfərinə imkan verilməməlidir.
XS
SM
MD
LG