Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:30

Əli Nazimi Yazıçılar İttifaqından necə qovublar?


Əli Nazim
Əli Nazim
"PANTÜRKİST, SİNFİ DÜŞMƏN, İKİÜZLÜ, ƏDƏBİYYAT ZİYANÇISI"

“Kommunist” qəzetinin 12 sentyabr 1936-cı il tarixli sayında Ş. Abasov adlı müəllifin “Yazıçıların sıralarını saflaşdıralım” adlı məqaləsi yer alır.

Məqalədə iki erməni yazarla bərabər azərbaycanlı ədəbiyyatşünas Əli Nazim də ittiham edilir.


“İki gündür ki, Azərbaycan sovet yazıçıları ulu Stalinin ən yaxşı şagirdlərindən biri, Zaqafqaziya bolşeviklərinin sınanmış rəhbəri L.Beriya yoldaşın “Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı mübariz məqaləsini hərarətlə müzakirə edirlər.

Sovet yazıçılarının böyük əksəriyyəti həmişə Lenin-Stalinin böyük partiyası və sovet hökumətinin parlaq siyasəti keşiyində möhkəm durmuş, durur və duracaqdır.

Sovet yazıçıları bir səslə, bir dillə, bir ürəklə kontrevolusion Trotski- Zinovyev-Kamenov terrorçu bandasına intəhasız lənət və nifrət yağdırdı.

Yazıçılar kütləsi sovet məhkəməsinin ədalətli qərarını qəlbən təsvib etdi.

Azərbaycan sovet yazıçıları özünütənqidi genişləndirərək, işdə olan səhv, nöqsan və qüsurları ifşa etdilər.

Onlar Azərbaycan sovet yazıçıları ailəsinə soxulmuş panturkist, sinfi düşmən, ikiüzlü, ədəbiyyat ziyançısı Əli Nazimin, nasionalist, kontrrevolusioner, ikiüzlü Tatul Huryanın və Marqar Davtyanın murdar masqasını amansız bir surətdə yırtdılar.

Əli Nazim Azərbaycanda özünün 10 illik “ədəbi fəaliyyəti” müddətində saysız-hesabsız səhvlər buraxmışdır.

O, pereverzevçi, qrupbaz olmuş, Türkiyədə “Türk yurdu” jurnalında panturkist, kontrrevolusion məqalə çap etdirmiş, ədəbi tənqid silahına sarılaraq, onunla istədiyi hədəfi nişan almışdır.

O dəfələrlə tövbə etmiş və səhvlərini düzəltməyə söz vermişdirsə də, lakin bir nəticə çıxarmamışdır.

Sovet yazıçıları özlərinin 9 və 10 avqust iclaslarında Əli Nazim, Tatul Huryanın və Marqar Davtyanın masqasını yırtdılar. Lakin bizcə bu hələ hamısı deyildir.

Ayın 13-də sovet yazıçılarının son iclası olacaqdır. Bu iclas, bu üç alçağa liberallıq edən, onları gizlədən, onların bu qara fəaliyyəti üçün zəmin hazırlayan ikiüzlüləri də amansız bir sürətdə ifşa etməli və sovet yazıçıları sıralarından qovmalıdır”.

KİMLƏR ÇIXIŞDA BULUNMUŞLARDIR?

Üç gün sonra "Kommunist" qəzetində yuxarıda bildirilən və sentyabrın 12-də keçirilmiş Azərbaycan sovet yazıçılarının son iclası barədə qısa məlumat dərc edilib.

“İclasda sovet yazıçıları ulu Stalinin ən yaxşı şagirdlərindən biri, Zaqafqaziya bolşeviklərinin sınanmış rəhbəri L.Beriya yoldaşın “Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı məqaləsi müzakirə etmiş və bundan çıxan bütün nəticələri və bu nəticələr əsasında yazıçıların vəzifələrini müəyyən etmişdir.

İclasda R. Axundov, M. K. Ələkbərli, S. Şamilov, S. Vurğun, S. Rüstəm və başqa yoldaşlar çıxışda bulunmuşlardır.

Sovet yazıçıları partiyanı aldadan, ikiüzlü, panturkist, nasionalist, partiyadan çıxarılmış Əli Nazimi öz sıralarından xaric etmişlər.”

Bu iclasdan sonra bir sıra məqalələrdə Əli Nazimin adı düşmən olaraq qeyd edilir. Belə məqalələrdən biri 30 mart 1937–ci ildə “Sovet ədəbiyyatı tarixində vulqar sosiologizm əleyhinə” adlanır.

Ədəbiyyatşünas Hənəfi Zeynallı
“Gənc ədəbiyyatçı kadrolarımız istər ədəbiyyat tariximizin bütünlükdə və istərsə onun ayrı-ayrı problemlərinin əski panturkist-nasionalist traktovkasına qarşı atəş açmışlar.

Lakin hətta son zamanlaradək ədəbiyyat cəbhəsində Hənəfi Zeynallı və Əli Nazim kibi kontrrevolusioner, müsavatçı, nasist, qəddar xalq düşmənlərinin daldalanıb qalması faktları göstərir ki, ideoloji və xüsusən ədəbiyyat cəbhəsində kontrevolusion millətçiliyə qarşı mübarizəmiz zəif olmuşdur”.

Hənəfi Zeynallı 1937-ci ildə güllələnib.

15 DƏQİQƏLİK MƏHKƏMƏ

Əli Nazim (Mahmudzadə Ələkbər Mahmud oğlu) 1906-cı ildə Təbrizdə anadan olub.

«Ədəbiyyat ensiklopediyası»nın redaktoru, Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və əbədi mətbuat orqanı redaksiya heyətinin üzvü olub.

1937-ci il martın 18-də həbs olunaraq Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə ittiham olunub.

İttihamnamədə deyilir ki, "verdiyi ifadələrdə o, əksinqilabi, pantürkist, millətçi mövqedə durduğunu boynuna almışdır.

13 oktyabr 1937-ci il saat 13.25-də başlanmış son məhkəmə iclasında (iclas 13.40-da tamamalanıb) Əli Nazim Azərbaycan SSR CM-nin 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.

1941-ci ildə həbsdə vəfat edib.

1956-cı il iyunun 19-da Əli Nazimin oğlu Ramin Mahmudzadə SSRİ DTK-ə ərizə verərək atasının bəraət almasının mümkünlüyünü xahiş edib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 19 sentyabr qərarına əsasən 13 oktyabr 1937-ci ildə çıxarılmış hökm ləğv edilib.

P.S. Əli Nazimin Yazıçılar İttifaqından qovulduğu iclasda iştirak etmiş R. Axundov, M. K. Ələkbərli, S. Şamilov da sonradan repressiyaya məruz qalıblar.

Həmçinin oxu
Cavidi Cabbarlı da "vururdu"
Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG