Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:08

Məmur iş adamını niyə brokerin yanına göndərir?


Bakı Baş Gömrük Departamenti
Bakı Baş Gömrük Departamenti

İŞ ADAMININ İDDİASI: "MALIMIN HƏR TONUNA 850 MANAT RÜŞVƏT İSTƏYİRLƏR
"

“Azərbaycandakı gömrük orqanlarında yazılmamış qanunlar hökm sürür və belə qanunlara qeyri-rəsmi qurumlar nəzarət edir.” Bu, xaricdən Azərbaycana mal gətirən sahibkarların bəzən gizli, bəzən də aşkar dilə gətirdikləri etiraflardır.

Avqustun 20-də isə iş adamı Rəsul Kərimov AzadlıqRadiosuna müraciət edərək Bakı Baş Gömrük İdarəsində qeyri-rəsmi qurumların qoyduğu qanunsuz qaydalardan narazılığını bildirib. Rəsul Kərimovun deməsinə görə, Rusiyadan 46 ton kimyəvi həlledici gətirib. Avqustun 16-da rəsmi müraciət edərək yük götürmə bəyannaməsini təqdim edib. Ancaq indiyə kimi bu bəyannaməni qeydiyyata aldıra bilməyib.

Rəsul Kərimov deyir ki, bundan ötrü ona Tapdıq adlı broker – yəni vasitəçi menecer ilə danışmaq tapşırılıb. Həmin broker isə ondan malın hər tonu üçün nə az, nə çox düz 850 manat əlavə pul istəyir:
Rəsul Kərimovun məktubu


- Tapdıq adlı brokerdir və hər tonuna 850 manat pul istəyir. Əslində o adi adamdır, sadəcə onu broker kimi təqdim edirlər.

Rəsul Kərimov deyir ki, bu məsələdən Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə şikayət etsə də ona hər hansı bir cavab verilməyib.

Bu məsələyə aydınlıq gətirmək üçün biz də Tapdıq adlı brokerin mobil telefonuna zəng vurası olduq. Ancaq o, iş adamının dediklərini təkzib elədi:

- Bəli, mən Tapdığam, ancaq o işlərə baxmıram. Heç Kərimovu da tanımıram, Məmmədovu da…


İŞ ADAMLARININ BƏHS ETDİKLƏRİ GÖZƏGÖRÜNMƏZ MAFİYA

Ancaq eyni iddiaları dilə gətirən tək iş adamı Rəsul Kərimov deyil. Bir müddət əvvəl Azərbaycana xaricdən tikinti materialları idxal edən “Sirdaş” MMC-nin rəhbəri Bədrəddin Quliyev də bizə oxşar şikayətlə müraciət etmişdi. Onda da Bədrəddin Quliyev deyirdi ki, broker həm onun malına haqq qoyur, həm də sənədlərin dəyişdirilməsini tələb edirdi. İş adamının fikrincə, brokerin sənədləri dəyişməkdə məqsədi malın həcmini azaltmaq idi. Bununla malın vergisi azalır, ancaq toplanan rüşvətin həcmi artmış olur:

- Siyasəti inhisara aldıqları kimi, iqtisadiyyatı da inhisara alıblar. Burada gözəgörünməz qurumların əli işləyir, burada mafiya qanunları işləyir.
İş adamının qeydə alınmayan gömrük sənədi


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da deyir ki, əslində bu qayda Azərbaycanda artıq bir neçə ildir tətbiq edilir. Sadəcə bəzən iş adamları bundan danışmağa ehtiyat edirlər.

DÖVLƏTDƏN 10 MİLYARD MANATI GİZLƏDİBLƏR?

Qubad İbadoğlu deyir ki, Azərbaycana idxal edilən hər bir malın öz meneceri – yəni brokeri olur. Gətirilən mal da elə onun adına rəsmiləşdirilir və bu mala görə rüşvət də ona çatdırılır. İqtisadçının bildirməsinə görə, bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilərlər. Qubad İbadoğlunun fikrincə, bu, mərkəzləşmiş korrupsiya sistemidir və bu sistem gömrükdən də yuxarı orqanlardan idarə edilir:

- Azərbaycanda biznes məmurların əlindədir və onlar bazarlara nəzarət etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu da bazarların bölüşdürülməsi prosesinin tərkib hissəsidir.


İqtisadi Tədqiqatlar Mərkəzi son 7 ildə ölkəyə idxal olunan mallarla bağlı tərəfdaş dövlətlərin statistikası ilə Azərbaycan statistikasının məlumatlarını müqayisə edib. Mərkəzin iddiasına görə məlum olub ki, təqribən 10 milyard manatlıq mal gömrükdə qeydiyyatdan gizlədilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG