Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:16

Gəncədə hüquq müdafiəçiləri ilə görüşə imkan verilməyib


Avqustun 19-da Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsinin Gəncə şəhərindəki hüquq müdafiəçiləri ilə görüşünə imkan verilməyib.

Şəbəkənin yaydığı məlumatda deyilir ki, əvvəlcədən razılaşdırılmasına baxmayaraq görüşün keçiriləcəyi iaşə müəssisəsinin rəhbəri bu razılaşmanı pozub. O görüşə yalnız şəbəkənin koordinatoru, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin iştirakı olmadan razılıq verilə biləcəyini deyib. Nəticədə görüş İntiqam Əliyevin iştirakı olmadan polis əməkdaşlarının müşayiəti altında baş tutub.

Məlumatda həmçinin avqustun 17-də Hüquq Maarifçiliyi Cəmiyyətinin ATƏT-in Bakı Ofisinin dəstəyi ilə Gəncə şəhərində seçki mövzusunda keçirmək istədiyi tədbirə də imkan verilmədiyi bildirilir. Tədbirin keçiriləcəyi iaşə müəssisəsinin rəhbəri öncədən polis idarəsinə çağırılaraq xəbərdarlıq edildiyindən təşkilatçılar həmin təlimi yerli QHT-lərin kiçik zalında keçirməli olublar.

Gəncə Şəhər İcra Hakimiyyətindən isə deyilənləri təkzib edirlər. İcra hakimiyyətində İctimai-siyasi bölmənin müdiri Ruslan Qardaşov AzadlıqRadiosuna deyib ki, icra hakimiyyəti hansısa tədbirin qarşısının alınması ilə bağlı hər hansı göstəriş verməyib.

Ruslan Qardaşov Gəncədə belə tədbirin keçirilməsindən ümumiyyətlə xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, yaxşı olardı ki, tədbir təşkilatçıları əvvəlcədən icra hakimiyyətinə müraciət edəydilər. Bölmə müdiri problemlə üzləşən hüquq müdafiə təşkilatları ilə görüşüb bu məsələni müzakirə etməyə hazır olduğunu deyir.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məsələnin onunla bağlanmasını o qədər də düzgün hesab etmir, deyir ki, bu, seçki ərəfəsində bölgələrdə insanların fəallaşması ilə bağlı hakimiyyətin keçirdiyi narahatlıqla əlaqədardır. Cəmiyyət rəhbəri eyni problemlə Mingəçevirdə də üzləşdiklərini deyir.

İntiqam Əliyev deyir ki, onlar indiyə qədər nə Gəncədə, nə də digər bölgələrdə keçirdikləri tədbirlərə görə icra hakimiyyətlərinə müraciət etməyiblər.

Hüquq müdafiəçiləri görüşə mane olduqlarına görə, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Polis İdarəsini məhkəməyə verməyə hazırlaşırlar.

Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsi (http://www.caucasusnetwork.org) Cənubi Qafqazda 30, Azərbaycanda isə 10 vətəndaş cəmiyyəti qurumunu birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG