Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47
Evin çəhrayı suvağı rütubətdən tökülmüşdü; divarlar solğun, oyuq-oyuq idi. Eyvandan küçənin tinini, oradan isə dənizi görmək olurdu.

Dəniz mapmaviydi. Səki boyunca dəfnə ağacları uzanırdı; bu ağaclar elə boy vermişdi ki, eyvanın başına qədər çatırdı.

Ağacların kölgəsi sərin idi. Eyvanın baş tərəfində küncdən içində qaratoyuq olan qəfəs asılmışdı; qaratoyuq oxumurdu, heç cikkildəmirdi də.

Qəfəs örtülmüşdü. Qəfəsi təxminən iyirmi səkkiz yaşında bir cavan oğlan öz sviteri ilə örtmüşdü. Oğlan arıq idi, qaralmışdı.

Üzündə cod tükləri, gözlərinin altında göyərti vardı. O, ağzını yarımçıq açaraq durmuşdu, qulaq asırdı; kimsə qıfılla bağlanmış həyət qapısını açmaq istəyirdi...

Oğlan eyvanın başına qədər uzanmış dəfnə ağaclarının tərpəşən yarpaqlarının səsini eşitdi; küçədən ötən taksinin siqnal səsi gəldi.

Tərcüməçinin qeydi: Bu vaxta qədər Azərbaycan dilinə tərcümə olunan bütün əsərlərdə yazıçının familiyası “Heminquey” kimi getmişdir. Əslində “quey” sonluğu ruscadan götürülərək İngilis dilindən gəlmədir. Təsviri fonetikaya görə, hər bir dilin, o cümlədən Azərbaycan dilinin də səs sistemi, səs dəyişmələri, fonetik qanunauyğunluqları var və burada orfoqrafiya normaları, ədəbi tələffüz qaydaları müəyyənləşir. Azərbaycan dilində cütavazlı səs –diftonq yoxdur. İngilis, alman və s. dillərdə iki saitin bir məxrəcdə tələffüz edilməsi kimi diftonqlaşma hadisələri baş verir. Bu dillərdə saitlərin uzun tələffüzü zamanı hətta sözün mənası da dəyişə bilər. Bu və digər amilləri, habelə rahat və asan tələffüzü nəzərə alaraq, yazıçının familiyasındakı “ue” cütavazlı səsdən imtina edilməsini münasib sayıram.
Yaxındakı məhlədə oynayan uşaqların səsini də eşitdi. Həyət qapısının qıfılının içində açar fırlandı.

Qapının aralandığını eşitdi, lakin siyirmə cəftə qapını hələ saxlamışdı. Qonşu məhəllədə toxmaq beysbol topunu şappıldatdı və uşaqlar çığırışdılar.

O, dodaqlarını yalaya-yalaya gözlərini diqqətlə həyət qapısına zilləmişdi, qulaq asırdı; birdən eşitdi ki, indi də kimsə arxa qapını açmağa çalışır.

Cavan oğlan (onun adı Enrike idi) ayaqqabılarını çıxartdı və onları ehtiyatla artırmanın görünən yerinə qoydu.

Orda heç kəs yox idi. O, əyilə-əyilə geri döndü; görünməməyə çalışdı, sonra küçəyə boylandı.

Dəfnə ağaclarının altından, səkidən həsir şlyapalı bir zənci keçdi. Əynində boz yun gödəkçə və qara şalvar vardı.

Enrike beləcə durub bir də o tərəf bu tərəfə göz gəzdirdi, daha heç kəsi görmədi. Sonra sviterini qəfəsin üstündən götürüb geyindi.

Burda ayaq üstəcə onu tər basmışdı, kölgəliyə çəkilən kimi sərin şimal-şərq küləyi əsdi və o, üşütdü. Sviterin altında belinə bağlamış qayışdan dəri qoburu göründü. Qobur sürtülmüşdü, üstündə bədəninin tərindən hopmuş ağımtıl duzlar parlayırdı.

Qırx beş kalibrli tapançanın ağırlığı onun əzələlərini tarıma çəkmişdi. Enrike divarın dibində yerləşən kətan örtüklü çarpayıya uzandı.

Qulağı hələ də eşikdəydi. Qaratoyuq cikkildəyib qəfəsdə hoppanmağa başladı; Enrike bir anlıq quşa baxdı, sonra durub astaca qəfəsin qapağını açdı.

Qaratoyuq başını qəfəsin qapağından çıxartdı, əvvəl sinəsini qabağa verdi, sonra da dimdiyini qaldırdı.

- Qorxma,- deyə Enrike pıçıldadı.- Tələ-zad yoxdu...

Enrike əlini qəfəsin içinə saldı, quş küncə qısıldı.

- Axmaq,- Enrike əlini qəfəsdən çıxartdı. – Özün bil; qəfəsin ağzı açıqdı...

Enrike kətan çarpayının üstündə üzüqoylu uzanmışdı, qollarını çənəsinin altında qatdamış vəziyyətdə qulaq asırdı. O, qaratoyuğun pırıldayıb qəfəsdən uçduğunu eşitdi; quş dəfnə ağacının budağına qondu, oxumağa başladı.

“Gərək elə quşu bu kimsəsiz evdə saxlayaydım?! Bax, elə bu cür axmaqlıqlar ucbatından bədbəxtliklər baş verir.

Heç kimdə günah yoxdu, elə mənim özümdədi günah!”. Enrike düşündü.

Evdən bir qədər aralıda məhəllə uşaqları beysbol oynayırdılar. Hava sərinləşdi. Enrike qoburu açdı, ağır tapançasını götürüb ehmalca yanına qoydu. Sonra yuxuya getdi.

Enrike ayılanda artıq qaranlıq düşmüşdü; küçənin tinindən qalın yarpaqlar arasından fənərin işığı gəldi.

Enrike qalxıb xəlvətcə fasada girdi; qaranlıqda divara söykənib həyətə boylandı.

Həyət qapısının o tərəfində, tindəki ağacın altında üstündə qısa düz zolaqları olan, yastıtəpə şlyapalı bir adam durmuşdu. Enrike onun pencək və şalvarına baxmadı, lakin bu adamın zənci olması apaydın görünürdü.

Enrike cəld arxa divara tərəf keçdi, orada qaranlıq idi; yalnız məhəllədəki iki qonşu evdən işıq gəlirdi.

Burda nə qədər adam desən gizlənə bilərdi. Enrike bunu bilirdi; o, heç nə eşidə bilmirdi. Bir ev o yanda radionun bərkdən səsi gəlirdi.

Birdən uğultulu sirena səsi eşidildi. Enrikenin bütün canını gizilti və təşviş hissi bürüdü. Sonra sifəti alışdı, bədəninə bir istilik gəldi və dərhal ötüb keçdi; sirena radiodan gəlirdi; radioda reklam verilirdi.

Diktor dinləyiciləri inandırmağa çalışırdı: ”Həvis diş fırçasını alın! Ən yaxşısı, ən əvəzedilməzi, ən təmizi!”. Enrike gülümsədi. Axı indi kiminsə gələn vaxtıydı.

Sirena səsi yenə gəldi; bunun ardınca körpənin ağlamaq səsi eşidildi.

Aparıcı inadla deyirdi ki, körpələri yalnız “Malta-Malta” uşaq sıyığı ilə sakitləşdirmək olar. Daha sonra efirdən avtomobil siqnalının səsi eşidildi və bunun ardınca sürücünün səsi gəldi:

“Mənə etil qazolini “Yaşıl xaç” lazımdır. Dişlərini nə ağardırsan?! “Yaşıl xaç” lazımdı mənə; yüksək təzyiqli, keyfiyyətli və sərfəli”.

Enrike bu reklamları əzbərdən bilirdi. Müharibədə olduğu on beş ay ərzində bu reklam mətnləri heç dəyişməmişdi; yəqin eyni valları fırladırdılar.

Lakin belə sirenalar hər dəfə onun canına vəlvələ salırdı.

Elə bil ov iti bildirçin iyinə reaksiya verirdi.

Əvvəllər onda belə şeylər olmurdu. O, özünü zəif hiss edəndə təhlükədən canı gizildəyər, qızdırmaya tutulardı. Qabağa getmək üçün addım atmaq istəsə də, ayaqları sözünə baxmırdı. İndi isə belə deyil.

Əlbəttə, o, nə lazımdırsa edə bilərdi. Sadəcə bu sirena səsi onu bir qədər titrətdi, vəssalam. Belə hallar ən cəsur adamlarda da olur.

Təhlükəyə qarşı Enrikenin yeganə reaksiyası bu cür oldu. Hələ bir üstəlik onu tər basdı və ona elə gəldi ki, bu, yalnız xəbərdarlıq əlamətidir.

Enrike ayaqüstəcə ağac altında oturan həsir şlyapalı adamı izləyirdi; birdən dəhlizin döşəməsinə daş düşdü.

Enrike daşı aramağa çalışdı, lakin tapa bilmədi. O, əyilib çarpayının altına baxdı, orda da görmədi.

Ayağa durmamış daşın biri də gəlib düşdü düz döşəmənin üstünə. Daş diyirlənib küncə yuvarlandı. Enrike onu götürdü.

Bu, xırda, hamar bir daş idi; o, daşı cibinə qoydu, evə girdi, sonra arxa qapıya düşdü. Sağ əlində tapança ehmalca qapı çərçivəsinə söykəndi.

- Qələbə!- deyə bu sözü astadan, az qala qəzəblə dedi. Sonra yalın ayaqlarıyla arxa qapının o biri küncünə yeridi.

- Yalnız layiq olan adamlar üçün,- deyə qapının o biri üzündən kimsə ona cavab verdi.

Bu, qadın səsiydi; cavab da dərhal və anlaşılmaz şəkildə oldu. Enrike cəftəni çəkdi və bir əlində tapança, o biri əli ilə qapını açdı.

Onun qarşısında əlində səbət tutmuş bir qız dayanmışdı. Başı yaylıqla örtülü idi.

- Salam, -Enrike dedi və qapını örtüb cəftəni yerinə saldı.

Enrike qaranlıqda qızın nəfəsini duydu. Səbəti onun əlindən aldı və qızın çiynindən dartdı.

- Enrike!

Enrike qızın gözlərinin parıldadığını, sifətinin isə yandığını görmədi.

- Gedək yuxarı,-Enrike dedi,- Küçədən kimsə evi izləyir. Sən onu gördün?

- Yox,-qız dedi.- Mən məndəcərdən keçib gəldim.

- İndi onu sənə göstərərəm. Çıxaq aynabəndə...

Onlar pilləkənlə qalxdılar. Səbəti Enrike tutmuşdu, onu çarpayının yanına qoydu, sonra küncə qısılıb həyət qapısının arxa tərəfinə boylandı. Şlyapalı zənci orda yox idi.

- Belə...- deyə Enrike yavaşca dilləndi.

- Necə belə?-qız onun əlinə toxunaraq soruşdu, sonra özü də boylanıb həyətə baxdı.

- O, getdi...- Enrike təəssüfləndi. - Yeməyə nə gətirmisən?

- Enrike, mən səninçün narahat oluram. Bütün günü burda tək-tənha oturursan...- qız dedi. – Qaranlığı gözləmək nə pis şeymiş! Mən həmişə sənin yanında olmaq istəyirəm!

- Ümumiyyətlə burda oturmaq özü axmaqlıqdır. Onlar hələ dan yeri sökülməmiş məni qayıqdan düşürüb bura gətirdilər.

Bircə dənə parol verdilər, vəssalam; yeməyə də heç nə qoymadılar.

Gör məni harda gizlədiblər - bu evi də izləyirlər! Parolla doymaq olar? Məni gərək izlənən evə qoymayaydılar. Lap kubalılar kimi hərəkət etdilər.

Lakin mənim vaxtımda belə şeylər olmazdı, əsgəri ac saxlamaq olar?.. Hə, sən necəsən, Mariya?
Mariya onu möhkəmcə öpdü.

Enrike qaranlıqda qızın kip qalın dodaqlarını hiss etdi, ona yapışan əndamının titrədiyini duydu. Birdən belində dəhşətli ağrı hiss etdi və:

- Yavaş ol, oxxx!- deyə çığırdı.

-Sənə noolub?

- Belim...

- Belinə noolub? Yaralanmısan?

- Heç... sonra ...- Enrike dedi.

- Göstər görüm...

- Yox, qalsın sonraya... Qoy bir az yeyim, acımışam, sonra burdan əkilib getmək lazımdı... Burda nə gizlədiblər belə?

- Nə desən. Aprel məğlubiyyətindən sonra nə qaldısa, hamısını saxladılar. Gələcək üçün...

Enrike dedi:

- Axı bunlar gələcəyin işidir!? Görəsən evin izləndiyindən bizimkilərin xəbəri varmı?

- Əlbəttə, yox...

- Hər halda, bilmək istəyirəm ki, bu evdə nə gizlədiblər belə?

- Silah dolu yeşiklər, patronlar...

- Bunları elə bu gün burdan çıxartmaq lazımdır... – deyə Enrike ağzında yemək davam etdi.- Bunlar, allah bilir, bir də neçə ildən sonra lazım olacaq...Eskabaça* xoşuna gəlirmi? Çox dadlıdır... Gəl burda, yaxın otur.

- Enrike!-qız oğlana qısılaraq dedi. Mariya bir əlini onun dizləri üstünə qoydu, o biri əli ilə oğlanın boynunu tumarladı.- Mənim Enrikem!

- Amma ehtiyatlı ol, belim bərk ağrıyır!

- Hə, de görüm müharibədən qayıtdığına sevinirsən?

- Bu barədə heç düşünməmişəm.

- Enrike, bəs Çuço necədi?

- Lerida ətrafında həlak oldu...

- Bəs Felipe?

- Onu da öldürdülər... Elə orada...

- Arturo necə?

- Teruel ətrafında həlak oldu.

- Bəs Visente?- deyə Mariyanın üzündəki ifadə heç dəyişmədi; o, hər iki əlini oğlanın dizləri üstünə qoydu.

- O da həlak oldu. Seladas yolunun üstündə, hücum zamanı...

- Visente mənim qardaşımdı, Enrike.

Qız ondan bir qədər aralandı. Əllərini oğlanın dizinin üstündən götürüb gərgin vəziyyətdə qaranlıqda tək oturdu.

- Bilirəm,- deyə Enrike yeməyinə davam etdi.

- O, mənim yeganə qardaşım idi...

- Elə bilirdim xəbərin var.

- Yox, bilmirdim, o, mənim qardaşımdı...

- Bağışla, Mariya, çox təəssüf... Gərək bunu ayrı cür deyəydim.

- Doğurdan onu öldürüblər? Axı sən bunu necə bilirsən? Bəlkə elə bu, yalnız əmrdə yazılıb?

- Bura bax, bircə Bazilio, Rocelio, Esteban, Felo və mən sağ qalmışıq. Qalanları həlak oldular.

- Hamısı?

- Hamısı öldü...

- Yox, mən... inana bilmirəm... inana bilmirəm! -Mariya dedi.

- Mübahisə etməyin nə mənası var axı?! Düz sözümdü, onlar sağ deyillər.

- Visente təkcə mənim qardaşım deyil axı! Mən onun əvəzinə canımı da verərdim. O, bizim partiyanın ümidiydi...

- Hə, düz deyirsən... Bizim partiyanın ümidiydi...

- Axı bu kimə lazımıydı, hə? Orda ən yaxşıları həlak oldu...

- Buna dəyərdi!

- Bunu necə dilinə gətirirsən? Bu ki cinayətdir!

- Yox! Ölməyə dəyərdi!

Mariya ağlayırdı, Enrike isə yeməyində idi.

- Ağlama, -Enrike dedi.- İndi biz bu itkilərin yerini necə doldurmaq barədə düşünməliyik.

- Axı o mənim qardaşımdı, Enrike! Başa düşürsən, mənim qardaşım!?...

- Biz hamımız qardaşıq. Bəziləri öldü, bəziləri sağ qaldı. Heç olmasa bir necə nəfər sağ qalsın deyə bizi evə yolladılar. Belədə hamı qırıla bilərdi. İndi biz işləməliyik.

- Axı niyə onlar hamısı öldürüldü?

- Biz ön cəbhədə idik. Orda ya öldürür, ya da yaralayırlar. Biz, sağ qalanlar, hamımız yaralıyıq...

- Bəs Visenteni necə öldürdülər?

- O, qaçaraq yolu keçirdi, sağ tərəfdəki evdən güllə səsləri gəldi və bütün yol gülləbaran edildi.

- Sən də orda idin?

- Hə. Mən birinci rotanı aparırdım. Biz onlardan sağ tərəfdə hərəkət edirdik.

Biz evi tutduq, lakin bu, birdən baş vermədi. Orada üç pulemyot vardı. İkisi evin içindən atırdı, biri də tövlədən. Yaxınlaşmaq mümkün deyildi.

Axırda məcbur olduq ki, tank çağıraq və düz pəncərəni tank atəşinə tutduq. Sonuncu pulemyotu da məhv etdik. Mənim əsgərlərimdən səkkizi həlak oldu.

- Bu harda baş verib?

- Seladasda.

- Heç eşitməmişəm.

- Əlbəttə ki, - Enrike davam etdi.- Əməliyyat uğursuz alındı. Bu haqda heç kəs heç vaxt bilməyəcək.

Elə orda da Visente ilə İqnasionu öldürdülər.

- Sən deyirsən ki, belə lazım idi? Deyirsən ki, belə adamlar ölməliydi, hə?

Özü də uğursuz əməliyyatda, özü də yad bir ölkədə?

- Yad ölkə yoxdu, Mariya. İspan dilində danışılan ölkə yad deyil...

Dəxli yoxdu harda öləcəksən! Azadlıq uğrunda ölürsənsə, harda həlak olduğunun nə dəxli var? Və bir də... hər halda, əsas odur ki, ölmə, sağ qal və yaşa!

- Gör orda, vətəndən uzaqda uğursuz əməliyyatlarda nə qədər adam ölüb!

- Onlar ölməyə yox, döyüşməyə getmişdilər. Onların ölümü təsadüfdür.

- Uğursuzluq deyil, hə? Mənim qardaşım uğursuz əməliyyatın qurbanı olub! Çuço da, İqnasio da!

- Bax, bu istisnadır! Hərdən biz mümkün olmayan şeyləri də etməliyik. Məncə, biz mümkün olmayan çox şey elədik.

Lakin bəzən hücum zamanı kömək olmur, artilleriya çatmırdı. Bəzən bizim gücümüzü nəzərə almayıb tapşırıq verirdilər.

Məsələn, Seladas əməliyyatı kimi. Bax, beləcə uğursuz əməliyyatlar baş verirdi. Lakin bütövlükdə götürəndə, bu, müvəffəqiyyət idi.

Qız susdu. Enrike xörəyi yeyib qurtardı. Külək əsdi, ağacların yarpaqları tərpənirdi.

Aynabəndin havası soyudu. Enrike boşqabları səbətin içinə yığdı, ağzını salfetlə sildi. Sonra barmaqlarını da səliqə ilə silib bir əli ilə qızı qucaqladı. Qız ağlayırdı.

- Ağlama, Mariya,- Enrike dedi.- Olan olub! Bundan sonrakı həyatımız barədə düşünmək lazımdır. Qabaqda görüləsi işlərimiz çoxdu.

Qız cavab vermirdi. Enrike küçə lampasının aynabəndə düşən işığında gördü ki, qız gözlərini düz onun gözlərinə zilləyib.

- Biz bu romantikaya son qoymalıyıq. Bu ev elə başdan-ayağa romantikadır. Terror taktikasıyla da qurtarmalıyıq. Macəraçılıq etmək olmaz!
Mariya susdu.

Enrikenin nəzərləri ona dikilmişdi. Enrike bütün bu ayları Mariya barədə fikirləşmişdi. Hər zaman və hər gün! Heç özü və işi barədə bir o qədər düşünməmişdi.

- Sən deyəsən kitab dilində danışırsan, -qız dedi.- Sənin nitqin insan dilinə bənzəmir.

- Çox təəssüf,- oğlan dedi.- Bunu mənə həyat öyrədib. Biz nə etmək lazım olduğunu etməliyik. Bu, mənim üçün hər şeydən vacibdir.

- Mənim üçün isə ən vacibi ölənlərdir!

- Ölənlərə hörmət! Lakin bu, bir o qədər də vacib deyil.

- Yenə kitab dilində danışırsan!-qız qəzəblə dilləndi.- Səndə ürək əvəzinə deyəsən kitab döyünür.

- Çox təəssüf, Mariya. Fikirləşirdim ki, sən məni başa düşərsən!

- Mənim başa düşdüyüm bircə şey varsa, o da ölülərdir.

Enrike anlayırdı ki, ölənlə ölmək olmaz. Mariya yağış altında, Haram zeytunluğunda, Kihorun uçuq-sökük evləri arasında, qızmar istidə, Tereulun şaxtalı qışında onun əsgər dostlarının necə həlak olduqlarını görməmişdi.

Enrike başa düşdü ki, Mariya onu qınayır: o, sağ qalmışdı, Visente isə ölmüşdü. Enrike incidi; o, şüurunun lap dərin qatlarında hardasa ilişib qalmış mənalı və dərin bir küskünlüklə dedi:

- Burda quş vardı, qaratoyuq.... qəfəsdəydi...

- Hə...

- Mən onu buraxdım.

- Sən necə də xeyirxahsan!-qız istehza ilə dedi.- Düzü, bilmirdim ki, əsgərlər bu qədər sentimentaldır!

- Mən yaxşı əsgərəm.

- İnanıram. Sən elə yaxşı əsgər kimi də danışırsan. Bəs mənim qardaşım necə əsgər idi?

- Çox gözəl! O, məndən daha çox şən idi. Mən şən deyiləm. Bu da mənim bir nöqsanımdır.

- O, şən idimi?

- Həmişə... Biz onu çox qiymətləndirirdik.

- Bəs sən?

- Yox. Mən hər şeyi çox vaxt ciddi qəbul edirəm. Bu da, dediyim kimi nöqsandır.

- Özünə tənqidi yanaşsan da, lap kitabdakı kimi danışırsan.

- Şən olsaydım, daha yaxşıydı... Amma bunu heç cür öyrənə bilmirəm.

- Amma şən olanları öldürdülər.

- Yox, - Enrike dedi,- Bazilio əhvallı adamdı.

- Nolsun, onu da öldürərlər...

- Mariya! Bu nədir? Sən məğlub kimi danışırsan.

- Sənsə kitab dilində! Mənə toxunma! Sənin daş ürəyin var, mən sənə nifrət edirəm!

Enrike yenə özünü incik kimi hiss etdi. O, özünü daşürəkli hesab edirdi və düşünürdü ki, onun qəlbinə fiziki ağrıdan başqa heç nə təsir edə bilməz. Enrike çarpayıda əyləşib azca belini əydi. Dedi:

- Sviterimi çıxart!

- Nə üçün?

Enrike sviterini sinəsinə qədər qaldırdı və kürəyini qıza göstərmək üçün çevrildi.

- Bax, Mariya! Kitabda belə şeyi görməzsən!

- Baxmayacam! Baxmaq da istəmirəm!

- Əlini ver mənə.

Enrike qızın barmaqlarının yarası üzərində gəzdiyini hiss etdi.

Bu yaranın izi ilə hətta beysboll topu belə keçə bilərdi; onun belində dəhşətli bir yarıq vardı. Cərrah bu yaranı təmizləyərkən onun əlcəkli əli kürəyinin bir tərəfindən o biri tərəfinə qədər girmişdi.

Qızın barmaqlarını hiss etdikcə Enrikenin içi titrədi, sonra qız onu möhkəmcə qucaqlayıb öpdü.

Qızın dodaqları okeanda qəfil tüğyan edən nəhəng, sərt, amansız bir dalğanı xatırlatdı; dalğalar səngisə də, qızın dodaqları onun dodaqlarından hələ qopmamışdı; Enrikeni tər basdı, həyəcanlandı; birdən gördü ki, çarpayıda təkdir, Mariya isə ağlaya-ağlaya deyirdi:

- Enrike, bağışla məni. Bağışla, bağışla məni!

- Lazım deyil,- oğlan dedi,- burda bağışlamağa heç nə yoxdu. Lakin biləsən ki, bu, kitabdan deyildi.

- Həmişə belə incidir?

- Əl vuranda, ya da bir balaca gücə düşəndə...

- Onurğan necə?

- Ona azca xətər dəyib. Böyrəklərim də yüngülcə zədələnib. Qəlpələr bir tərəfdən girib o biri tərəfdən çıxıb. Aşağıda, ayaqlarımda da yaralar var.

- Enrike, məni bağışla!

- Nəyə görə? Lazım deyil! Bircə bu pisdir ki, səni qucaqlaya bilmirəm , həm də şən ola bilmirəm...

- Yaraların sağalanda qucaqlaşarıq.

- Əlbəttə...

- Və mən sənin qulluğunda duracağam.

- Yox, özüm-özümə qulluq edərəm. Bunlar boş şeylərdi.

Toxunanda, yaxud da gücə düşəndə incidir, vəssalam. Bu, məni narahat etmir. Biz gərək işə başlayaq. Burdan tez çıxıb getmək lazımdır.

Burda nə varsa, hamısını elə bu gün aparmaq lazımdı. Bunları gözə dəyməyən yerdə yerbəyer etmək lazımdır. Yəni ki, saxlanmağa yararlı yer olsun.

Silah-sursat bizə hələ ki, lazım olmayacaq. Lazımi şərait yaranana kimi çox iş görməliyik. Hələ çoxlarını gərək tərbiyə edək.

O vaxta qədər patronlar çətin ki, lazım olsun. Rütubətdə fitillər tez xarab olur...

İndi isə biz getməliyik. Onsuz da axmaqlıq etdim, burda çox qaldım. Lakin məni bura yerləşdirən o sarsaq da komitet qarşısında cavab verməli olacaq.

- Enrike, səni gərək gecə aparım. Onlar hesab edirdilər ki, sən bu evdə təhlükəsiz qala bilərsən.

- Bu evdə?! Axmaqlığa bir bax!

- Yaxşı, tezliklə gedərik!

- Bunu çoxdan etməliydik!

- Məni öp, Enrike!

- Amma ehtiyatla, yaxşı?

Sonra onlar çarpayıya uzandılar; Enrike qaranlıqda qızın ehtiraslı öpüşlərini öz dodaqlarında hiss etdi; o, ağrısız bir xoşbəxtlik duydu.

Bu anlarda o, rahat bir evdə olduğunu hiss edirdi. Ona elə gəlirdi ki, öz evindədir, orda təhlükə və ağrı yoxdur.

O, sağ və salamatdır, onu sevirlər, onun heç bir yarası-filanı yoxdur. Əlbəttə, onların sevgisində bir boşluq yaranmışdı və bu boşluq doldu.

Bu qaranlığın ağuşunda onlar xoşbəxtcəsinə öpüşürdülər. Bu qaranlıq onlar üçün isti yuva kimiydi; onlar necə də bəxtəvərdi; evdə olduğu kimi, ağrısız.

Birdən sirenanın sarsıdıcı uğultusu eşidildi. Bu səslə birgə yenə dözülməz ağrılar başladı. Bu dəfəki sirena həqiqiydi, radio deyildi.

Sirena iki tərəfdən, küçənin hər iki tinindən gəlirdi.

Enrike böyrü üstə çönüb ayağa qalxdı. Deyəsən o, bu evdə çox ləngidi. Üzünü Mariyaya tutdu, dedi:

- Arxa qapıdan çıx, məndəcərdən get! Mən burdan onların başını qataram.

- Yox, sən get, xahiş edirəm. Qoy mən qalım; onlarla atışaram, elə bilərlər sən hələ burdasan.

- Mariya, qulaq as, ikimiz də gedək. Burda qorunası heç nə yoxdur. Bu silahlar da heç kimə lazım deyil. Yaxşısı budur gedək burdan.

- Yox, -qız dedi.- Mən qalıram. Mən səni müdafiə edəcəyəm.

Mariya əlini oğlanın qoburuna atdı. Tapançasını çıxartmaq istədi. Lakin Enrike qızın yanağına bir şillə vurdu və çımxırdı:

- Gedək! Axmaqlama, gedək deyirəm sənə!

Onlar aşağı düşdülər; Enrike qızın onun arxasınca gəldiyini duyurdu. O, qapıları açdı və hər ikisi qaranlığa girdi. Enrike dönüb qapını kilidlədi. Sonra:

- Qaç, Mariya,-dedi.- Məndəcərdən qaç, bax o tərəfə, tez ol!

- Mən səninlə qalmaq istəyirəm!

Enrike yenə qızı vurdu.

- Qaç, dedim sənə! Sonra otluğa gir və sürün! Bağışla məni, Mariya! Çıx get. Mən başqa tərəfə gedəcəyəm. Qaç,- deyə əmr etdi.- Axı dedim sənə qaç, lənət şeytana!

Onlar birlikdə alaq otları basmış kolluğa cumdular; Enrike bir neçə metr qaçdı.

Bu vaxt evin qabağında dayanan polis maşınları sirenalarının uğultusu kəsildi, Enrike yerə uzandı və başladı sürünməyə.

O, kolluq arasıyla əzmlə sürünürdü; üz-gözünü alaq otlarının tozu basmış, ayıpəncəsi çiçəklərinin tikanları əllərini və dizlərini didik-didik etmişdi. Enrike onların evi axtardığını anladı. Sonra evi mühasirəyə aldılar.

Enrike gərginlik və həyəcan içində inadla sürünürdü; ağrılara əhəmiyyət vermirdi.

“Görəsən nə üçün sirenalar uğuldadı? Niyə arxada maşınlar görünmür? Nədən məndəcərdə fənərlər, projektorlar yoxdu? Ah, bu kubalılar!”- deyə Enrike düşündü.-Gör necə axmaqdılar?!

Axı onlar yüz faiz bilirdilər ki, evdə heç kim yoxdu. Silah götürməyə gəlmisiz, bəs bu sirena nə üçündü?”

Onlar qapını sındırdı; evin ətrafında səs-küy qopmuşdu. Sonra o tərəfdən iki dəfə fit səsi gəldi; yenə sürünməyə başladı. “Axmaqlar! Bəlkə də səbəti tapıblar, boşqabları da! Necə adamdılar bunlar?! Basqın eləməyi də bilmirlər!”

O, məndəcər qurtarana kimi süründü. İndi durmaq olardı, küçəni keçib uzaqda görünən evlərdən birinə qədər qaçmaq olardı.

Enrike xüsusi ağrı hiss etmədən sürünürdü. O, hər cür hərəkətə özünü alışdıra bilirdi. Yalnız kəskin hərəkətlər edəndə yaraları incidir, durmağa qoymurdu.

Əvvəlcə bir dizi üstə durdu, yarası incitsə də dözdü; sonra o biri dizini də qaldırdı və ayağa qalxdı.

Küçəni keçib qarşıdakı evə dönmək istəyirdi ki, birdən projektorlar yandı və düz onun üstünə düşdü. Gözləri qamaşdı, projektor şüalarının zolaqlarının ətrafında olan zülməti ayırd edə bildi.

Projektor polis maşınından gəlirdi; bu maşınlar xəlvəti gəlib durmuşdu məndəcərin arxa tinində.

Enrikenin nazik iti silueti projektorun işığına tuş gələn kimi o, dərhal tapançasına əl atdı. Bu vaxt qaranlıqda dayanmış maşınlardan avtomat atəşləri açıldı.

Elə bil onun sinəsini dəyənəklə döyürdülər, lakin Enrike yalnız ilk güllə zərbəsini duydu, o biri güllələr isə qulağında demək olar ki, əks-səda verdi.

Enrike üzüqoylu otluğa yıxıldı; yıxıldığı an, bəlkə də ondan bir qədər əvvəl, ilk güllə ilə projektorların işığı arasındakı anda, o, sonuncu dəfə düşündü: ”O qədər də axmaq deyillər.

Ola bilsin ki, onlardan nə vaxtsa bir şey çıxsın.”

Əgər düşünmək üçün yenə vaxtı qalsaydı, o biri tində maşınların olmadığı qənaətinə gələrdi.

Lakin orda da maşın vardı və oranı da projektor tutmuşdu. Projektorun uzun topası məndəcəri işıqlatdı, sonra Mariyanın gizləndiyi kolluqlara sarı tuşlandı.

İşıqları sönmüş maşından pulemyotçular projektorun topası boyu güllə yağışı tökdülər.

Ağacın altında, işıqları sönmüş maşının yanında projektorla birlikdə zənci durmuşdu.

Onun başında şlyapa və əynində yun gödəkçə vardı. Köynəyinin altında görünən boyunbağısından amulet** asmışdı. O, dinməzcə projektorçunun işini müşahidə edirdi.

Projektor Mariyanın yerə sərildiyi və başını torpağa qoyduğu bütün məndəcəri ələk-vələk elədi. Mariya atəş səsləri eşidəndən bəri hərəkətsiz qalmışdı. O, yerə toxunan sinəsində ürəyinin döyüntüsünü eşidirdi.

- Onu görürsən?- maşından kimsə soruşdu.

- Otluğu təmizləmək lazımdır, - leytenant dedi. – Hola!-deyə o, ağacın altında durmuş zəncini çağırdı.- Evə qaç, onlara de ki, bura gəlsinlər, özü də məndəcərdən keçib gəlsinlər. Qoy oranı yaxşıca yoxlasınlar. Sən əminsən ki, iki nəfər idilər?

- Bəli... iki nəfər idilər...- deyə zənci arxayınlıqla cavab verdi. – Biri artıq hazırdı...

- Qaç...

- Baş üstə, cənab leytenant!

Şlyapasından ikiəlli tutan zənci məndəcərin qırağıyla evə sarı qaçmağa başladı, pəncərələrdən artıq işıq gəlirdi. Mariya məndəcərdə əllərini peysərində qatlayıb uzanmışdı.

- Mənə burdan çıxmağa kömək elə, - deyə qız otlara üzünü tutub pıçıldadı. Sonra birdən zarıyaraq təkrar etdi:

- Visente, mənə kömək elə! Felipe, mənə kömək elə! Çuço, Arturo, sən də, Enrike, mənə kömək edin!

Mariya nə vaxtsa dua oxumuşdu. Lakin o vaxtlar artıq ötüb keçmişdi və indi, bu anlarda ona arxa-dayaq lazım idi.

- Məni tutsalar, mənə kömək edin ki, susum,- deyə qız ağzını otluğa basdı. – Enrike, mənə kömək elə ki, susum. Visente, axıra kimi susmaqda mənə kömək elə!

Qız eşidirdi ki, arxadan gəlirlər; elə bil dovşan qovurdular. Onlar geniş dairədə dövrə vurub gəlirdi, əllərində elektrik fənərləri vardı.

- Enrike, yalvarıram, mənə kömək et!-deyə qız yenə zarıdı.

Mariya peysərində çarpazladığı əllərini araladı, onları yana uzatdı.

- Qoy belə qalsın. Qaçaram, qoy güllə atsınlar. Belə daha yaxşıdı.

Mariya yavaşca qalxıb maşına doğru qaçmağa başladı. Projektorun işığı ona tuşlandı; Mariya qaçırdı, ona elə gəlirdi ki, belə yaxşıdı. Projektorun kor edən işığına baxa-baxa qaçırdı.

Arxadan qışqırır, lakin atəş açmırdılar. Birdən kimsə onu qamarladı və qız yıxıldı; Mariya onu tutan adamın tövşədiyini duydu; kimsə onun əlindən tutub qaldırdı. Onlar Mariyanı maşına aparırdılar; qızla kobud rəftar etmirdilər, lakin onu inadla maşına sarı dartırdılar.

- Yox, -qız qışqırdı.-Yox, yox!

- Bu qız Visente İturbenin bacısıdır,-leytenant dedi. –O, bizə lazım ola bilər.

- Onu artıq sorğu-sual ediblər, - kimsə dilləndi.

- Bir də edərik!

- Yox!-qız qışqırdı.- Yox, yox!- Sonra daha bərkdən qışqırdı:

- Visente, mənə kömək elə! Mənə kömək elə, Enrike!

Kimsə dedi:

- Onlar daha sağ deyillər! Sənə kömək edə bilməzlər, axmaqlama!

- Düz deyil, yalandı! Onlar mənə kömək edəcəklər! Ölülər mənə kömək edəcək! Hə, hə, bizim ölənlər mənə kömək edəcək!

- Hələ bir öz Enrikenə bax, gör nə vəziyyətdədir?!- leytenant dedi.- O, burda, baqajdadır...

- O, artıq mənə kömək edir,-Mariya dedi,- görmürsüz məgər? Artıq mənə kömək edir! Enrike, təşəkkür edirəm, sağ ol! Sənə minnətdaram!

- Əlbəttə, kömək edəcək!-leytenant kinayə ilə polislərə baxdı, əlavə etdi:- Qız dəli olub! Polislərdən dördü qalsın, silahları qorusun, biz yük maşını göndərərik. Bu dəlini isə qərargaha apararıq. Orda hər şeyi söyləyər.

- Yox!-Mariya qışqırdı,- görmürsüz ki, onlar hamısı mənə kömək edir?

- Boş-boş danışma!-leytenant çımxırdı.- Sənin başına sadəcə hava gəlib.

- Heç kəs əbəs yerə ölmür,-Mariya dedi.- İndi hamısı mənə kömək edir.

- Qoy onlar sənə bir saat da kömək eləsinlər...-leytenant dedi.

- Kömək edərlər!-Mariya dedi.- Narahat olmayın! Mənə indi çoxları kömək edir!

Qız oturacağa söykənib sakitcə oturmuşdu. Adama elə gəlirdi ki, onda qəribə bir arxayınçılıq var. Belə bir arxayınçılıq beş yüz il bundan qabaq Ruan şəhərindəki bazar meydanında digər bir qızda da olmuşdu***.

Mariya bu barədə düşünmürdü. Maşında oturanların heç biri bu barədə düşünmürdü.

Bu iki qızda, Janna və Mariyada ümumi heç nə yox idi, özünə inam və arxayınçılıqdan başqa.

Bu inam hər ikisinə qəflətən, lazım olan anda gəlmişdi. Lakin Mariyanın sifətini fənər işığına tutan polislər bunun hayında deyildilər.

Maşınlar yerdən götürüldü; arxa oturacaqdakı pulemyotçular avtomatlarını ağır brezent örtükləri altına qoydular və çaxmaqları boşaldıb xırda ciblərə yerləşdirdilər.

Lülələrini isə qabaq gözlərə qoyub sandıqlarını daha kip gözcüklərə soxdular.

Şlyapalı zənci evin tinindən çıxdı və qabaqda gedən maşına əl elədi. O, sürücünün yanında oturdu və dörd maşının hamısı şose yoluna buruldu. Bu yol Havana sahillərinə aparırdı.

Sürücünün yanında əyləşən zənci əlini boyunbağının muncuqlarına uzatdı və göy xırda muncuq daşlarını oynatmağa başladı. O dinməzcə oturub muncuqları çevirirdi, elə bil təsbeh çevirirdi.

Zənci əvvəllər limanda yükboşaldan işləmişdi, sonra donosluqla məşğul olmağa başladı və bugünkü işə görə də Havana polisindən əlli dollar alacaqdı.

Havanada əlli dollar o zamanlar üçün az pul deyildi. Lakin zənci pul haqqında daha fikirləşə bilmədi; Malekonun işıqlı küçəsinə çatanda zənci oğrun-oğrun arxaya boylandı və qızın işıqda parlayan məğrur sifətini gördü. Mariya başını dik tutmuşdu.

Zənci qorxdu. O, muncuqların demək olar ki, hamısını barmaqla saydı, sonra boyunbağından asılan ovsun daşını əlində möhkəmcə sıxdı.

Lakin o sehrli daş zəncini qorxu və ürküdən xilas edə bilmədi, çünki maşının içində daha möhtəşəm və qədim ovsun vardı; bu, onun qoruyucu amuletindən daha güclüydü.
________________________
*Burada duza qoyulmuş balıq nəzərdə tutulur
**həmayil, gözmuncuğu kimi bir daş; dua, tilsim mənasında
***Janna D”Ark nəzərdə tutulur


İngiliscədən çevirəni
Kamran Nəzirli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG