Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48
Oyun

Bütün bu oyunlar tanışdır bizə, ¬
Oynaya-oynaya böyümüşük biz.
Gedib yas yerində oynamaq üstə
Hələ uşaq ikən döyülmüşük biz.

Böyüklər həmişə oynadıb bizi,
Heç vaxt qaytarmayıb söz, oynamışıq.
Deyiblər "çalğını neyləyir uşaq?"-
Onlar əl çalıblar, biz oynamışıq.

Arabir girmişik top oyununa.
Oyunçu çatmayıb, sayıblar bizi.
Elə hey deyiblər “arxada oyna”,
Ya da topdaşıyan qoyublar bizi.

İndiki oyunlar daha da qəliz:
Məşqçilər hamının baxır boyuna.
Səhərdən axşama məşq eləyən - biz,
Amma başqaları çıxır oyuna…


Mən uça bilsəydim

Mən xoşbəxt olardım – xəyallarımı
Gerçəyə döndərib uça bilsəydim.
Mən xoşbəxt olardım – bu qollarımı
Bir gün qanad kimi aça bilsəydim.

Göz yumub açınca bu yaşa çatdım
Yaxşıca gözümü ova bilmədim.
Nə vaxtsa oyanan uşaq arzumu
Neyləyim, başımdan qova bilmədim.

Qaranquş olardım - ola bilmədim.
Qağayı olardım - ola bilmədim.
Qollarımı açdım yana qanadtək,
Neylədimsə qanad çala bilmədim.

Quşlar var dənizin üstüylə uçur,
Quşlar var ölkədən ölkəyə yolu.
Quşlar var soyuqda, istidə uçur,
Quşlar var…
Göy üzü quşlarla dolu.

Razıyam, – mən adi kəpənək olum!

Mən xoşbəxt olardım – ömrü bircə yaz
bir kövrək kəpənək olsaydım barı!
Bir təbəssüm kimi çəkiləndə yaz
Töksəm də yarpaqtək o qanadları –
Mən xoşbəxt olardım, uça bilsəydim!


O şeir…

Bu şeir o şeir deyil, bilirəm,
O bir möcüzəydi, bir sehrdi o.
Yaza bilməmişəm indiyə kimi,
Yazmalı olduğum ilk şeirdi o.

Deyirən son dəfə nəfəs çəkəndə
O şeir sinəmə dolaydı barı.
Yazmalı olduğum birinci şeir
Nolaydı sonuncu olaydı barı.

...Yaza bilməmişəm. Amma o şeirin
Üzümdə işığı – gülüşüm qalıb.
O şeir ilk gündən qələmin, bir də
Dilimin ucuna ilişib qalıb.

Bu şeir o şeir deyil, bilirəm
Bilirəm, yenə də yazıram ancaq.
Axacaq kağıza göz yaşı kimi,
O şeir bu sayaq yazılmayacaq!

O şeirin buludu başımın üstə,
Cücərti olmuşam, yağıb-bitmişəm.
Hər dəfə o şeirə yol başlamışam,
Çaşıb başqa yola çıxıb getmişəm.

Bu şeir o şeir deyil, bilirəm,
Bilirəm, duyuram qədərsiz kədər.
Mən öz ürəyimin dərinliyinə
Enə bilməmişəm o şerə qədər.


Bilinməz

Mən bir daha bu dünyaya gəlmərəm,
Çünki gəlsəm, gəlməyim də bilinməz.
Həyat nədir, ölüm nədir – bilmərəm,
Bilsəm əgər, bilməyim də bilinməz

Dünya elə adiləşib gözümdə,
Adi olub, köhnə olub sözüm də.
Bir mənasız kölgə gəzər üzümdə,
Ağlamağım, gülməyim də bilinməz.

Yüz yarımçıq nəğmə ölür dilimdə,
Axtarsan hey köz taparsan külümdən.
Ürəyimin min dərdi var, - öləndə
Hansı dərddən ölməyim də bilinməz...


Hələ balacayam

Hələ balacayam, hələ balaca.
Hələ sözüm ötmür sözlər yanında.
Hələ sözüm ötmür
sözün açığı.

Yaşım çoxlarının yaşından artıq.
İşim çoxlarının işindən artıq.
Amma böyüməyə nəyimsə çatmır,
Elə balacayam,
elə balaca.

Hələ axırdadır yerim sırada.
Hələ axındadır şerim sırada.
Hələ sözüm ötmür sözlər yanında,
Hələ balacayam,
hələ balaca...


Bir şer yaz

Bir şer yaz
Misralarında
Özümü görüm olduğum kimi.
Qəlbimdə adamlara
Məhəbbətimi, kinimi…

Bir şer yaz
görüm ki,
Məni də görən var –
Özümdən başqa.

Bir şer yaz;
Nə görürsən elə yaz –
qəm dolu gözümdən başqa.
Qəm dolu, ümidsizlik dolu gözümdən…

Bir şer yaz,
bilim ki,
Sənə biganəliyimin
Yalanlığını bilirsən.

Bir şer yaz,
bilim ki,
Hardasa
suyun necə yandığını bilirsən.

Bir şer yaz…

Günün bütün mövzuları

XS
SM
MD
LG