Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:01

Məcburi köçkün ailəsi çölə atıldı


Avqustun 19-da Xocalıdan olan məcburi köçkün ailəsi ilə Binəqədi rayon polisləri arasında insident olub. Belə ki, 1992-ci ildən məskunlaşdıqları evdən çıxarılan məcburi köçkün ailəsi buna etiraz olaraq Ayna Sultanova heykəlinin yanından keçən avtomobil yollarından birini bağlamağa cəhd edib.

Ailə başçısı Mehman Rzayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar yolu bağlamaqla yanaşı həm də etiraz əlaməti olaraq evlərindən bayıra tökülən bəzi avadanlıqları yolun ortasında yandırıblar.

Mehman Rzayev iddia edir ki, bu zaman aksiyanı dağıdan polislərdən biri onun həyat yoldaşını yanan odun içərisinə itələyib. Nəticədə həyat yoldaşı Nübar Rzayeva və onu oddan çıxarmaq istəyən bacısı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Mehman Rzayevin sözlərinə görə, ötən gecə 5 saylı xəstəxana hər iki şəxsi qəbul etsə də, səhər tezdən onları xəstəxanadan çıxarıblar:

«İndi istinin altında oturub ağlayırlar. Qolları, ayaqları, bədənləri yanıb. Evimizin bütün avadanlıqları da tökülüb küçəyə, gecə acığımdan bəzilərini yandırmışam, indi bilmirik nə edək. Qalmışıq belə».

Avqustun 20-də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı rayon polis idarəsinin rəisi ilə birgə Mehman Rzayevi qəbul edib. Zərərçəkənin dediyinə görə, ona tez bir zamanda bütün problemlərinin həll ediləcəyi ilə bağlı söz verilib:

«Mənə dedilər ki, get kirayə ev tap, bütün avadanlıqları yığ ora, adamlar da dağılışıb getsin. Dedilər sizin kirayə haqqınızı da ödəyəcəyik».

Məhkəmə qərarını icra edən icra məmurları Xocalıdan məcburi köçkün olan Rzayevlər ailəsini avqustun 19-da 1992-ci ildən Bakıda məskunlaşdıqları mənzildən çıxarıb.

Rzayevlər ailəsinin məskunlaşdığı ev məhkəmənin qərarı ilə Rusiyanın Tolyatti şəhərindən olan və 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul edən Tamara Kurasovaya verilib. Məcburi köçkün ailəsinin evdən çıxarılmasından dərhal sonra o, polisin nəzarəti altında həmin evdə məskunlaşdırılıb.
XS
SM
MD
LG