Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49
Prezident təqaüdləri, mükafatları hansı meyarlarla verilir?

Azadlıq Radiosunun "Pen klub" ədəbiyyat verilişində bu mövzuda keçirilən müzakirədə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azad Yazarlar Ocağından Qan Turalı Elnur Astanbəyli, eləcə də şair Səlim Babullaoğlu iştirak ediblər.


Elnur Astanbəyli:


Mən ümumiyyətlə bu cür təqaüdlərin, mükafatların verilməsinin əleyhinəyəm. Bu, siyasi xarakter daşıyan bir addımdır.

Korrupsioner mahiyyətli rejimdən belə pay almaq olmaz.

Bununla yazıçını, şairi asılı vəziyyətə salırlar ki, ictimai-siyasi proseslərdə xalqın mənafeyindən çıxış etməsin.

Baxın görün o təqaüdü alanlar arasında xalqın maraqlarından çıxış edənlər var?

Səlim Babullaoğlu:

Xahiş edirəm belə kobud ümumiləşdirmə aparmayın.

Onların arasında istedadlı, savadlı, lazım gələndə sözünü deyən adamlar kifayət qədərdir.

Xarici fondlardan pul almaqdansa niyə öz dövlətimdən təqaüd almayım. Xarici fondların bilirsiniz ki, öz məramları var, pulu ona görə verirlər.

Qan Turalı:

Bu təqaüd avtoritar rejimin mahiyyətindən irəli gəlir. Onun öz məqsədi var. Bununla yazarları ələ almaq istəyirlər.

Rəşad Məcid:

Bu təqaüdləri, mükafatları alanların hamısı istdadlı yazarlardır.

Yaşlı nəsildən alanlar ədəbiyyatda öz sözunü demiş adamlardır.

Gənclər də bacarıqlı yazarlardır.

Amma bəzən humanistik məqamlar da olur seçimdə.

Qan Turalı
Vaxtilə aktiv ədəbi fəaliyyətlə məşğul olmuş, indi sosial vəziyyəti çətin olan bəzi adamların da siyahıda adları var.

Buna da təbii baxırıq. Sosial vəziyyətləri çətin olan, yaradıcılıqla məşğul olan insanlar da var.

Müraciət edirlər, xahiş edirlər, onları da nəzərdə tuturuq.

Amma Yazıçılar Birliyinin üzvü olmayan adamlar da var ki, deyirlər versələr də almarıq.

Onlara bir nümunə olaraq Azad Yazarlar Ocağının məşhur sədri Seymur Baycanın bir neçə il əvvəl söylədiyi bir fikri çatdırmaq istəyirəm.

O mətbuatda çıxış edərək deyirdi ki, 200 dollar versinlər dinimi dəyişim.

200 dollara dinini dəyişən hansısa yazıçılar qurumunun rəhbəri 200 dollar təqaüdü çoxdan alar, üstündən su da içərdi.

Ona görə də özündən belə qəhrəman obrazı yaratmaq lazım deyil. Bu adamların da danışığından belə başa düşürəm ki, bizim bu opponentlər ədəbiyyatla deyil, siyasətlə məşğul olurlar.

Mən onlara siyasi fəaliyyətdə uğurlar arzu edirəm. Getsinlər Xalq Cəbhəsində sədr müavini olsunlar, siyasi fəaliyyət göstərsinlər. Ədəbiyyat artıq onlarçün uzaqlaşıb.

Elnur Astanbəyli:

- Yazıçılar Birliyində olan sistemin bütün mahiyyəti ədəbiyyata qarşıdır. Mən bunun çox bariz nümunəsini gördüm. Səlim bəy buradadır, yadında olar.

Ədəbiyyat qəzetinin yaşlı, şöbə redaktorlarından biri vəfat etmişdi. O vaxt biz qərara gəldik ki, işsiz dostlardan birini o işə təklif edək.

Səlim bəy, Zahir Əzəmət, İlqar Fəhmi getdik bir dostumuzun, işsiz, heç bir siyasi mənsubiyyəti olmayan dostumuzu təklif etməyə çalışdıq heç nə mümkün olmadı.

Səlim Babullaoğlu:

- Məsələdə bir az düzəliş edim, Nəsib rəhmətə getmişdi biz də fikirləşdik Zahir Əzəmət bir istedadlı şair kimi həm də işi olmayan vətəndaş kimi o yeri tuta bilər.

Getdik Anar müəllimin yanına, mən hesab edirəm ki, burada Anar müəllimin qərarı düz idi. Anar müəllim dedi ki, bu məsələ artıq həll olunub.

Qərarlaşdırmışıq Sərvaz Hüseynoğlu olacaq…

Efirə mesaj:

Prezident təqaüdü və mükafatı alanların adları niyə ictimaiyyətə açıqlanmır?

Rəşad Məcid:


Səlim Babullaoğlu
- Prezident təqaüdçülərinin siyahısı aşkardır. Gənclərlə bağlı siyahını mən hazırlayıram. Siyahı hər ilin aprel ayında hazırlanır, sonra Mədəniyyət nazirliyinə təqdim olunur, may ayından başlayaraq təqaüdlər verilir.

Artıq üçüncü ildir ki, bu təqaüdlər verilir. Azərbaycanda Yazıçılar Birliyinin üzvü olan xeyli tanınan gənc var ki, bu təqaüdü alıblar.

Azad Yazarlar Ocağının üzvlərindən də istəyərəm ki, yazsınlar, tanınsınlar, əsərləri geniş reaksiya doğursun, amma söhbət bundan gedir ki, ümumiyyətlə bu gün Azərbaycanda ədəbiyyata maraq yoxdur.

Qaldı ki, təqaüdə, əgər ürəklərindən keçirsə, Yazıçılar Birliyinin üzvü olarlarsa onlara təqaüd verilə bilər.

Azad Yazarlar Ocağının “Alatoran” jurnalı Soros fondunun maliyyəsilə nəşr olunur və özləri iddia edirlər ki, dahiyanə jurnal buraxırlar, bəs bu jurnal niyə beş min – üç min abunəçi yığa bilmir.

Ümumiyyətlə ədəbiyyata maraq azalıb.

Bunu qaldırmaq üçün ədəbiyyat ətrafındakı mühit də sağlam olmaldır.

Azərbaycan ədəbiyyatına böyük xidmət göstərmiş Anar müəllim kimi, digər bizim yaşlı yazıçılarımıza ağzına gələn sözləri deməklə, söyməklə, qarğımaqla ədəbiyyatın nüfuzunu nə xalq arasında, nə hökumət yanında, nə də xaricdə qaldırmaq mümkün olmayacaq.

Ona görə də ədəbiyyata xidmət naminə obyektiv, dəyərli, vicdanlı işlər görmək lazımdır.

Qan Turalı:

Bu məsələnin açıqlanmasında AYB özü maraqlı olmalıdır ki, kimlərə təqaüd verilir. Belə hesab edirəm ki, Yazıçılar Birliyi sosial müdafiə fondu, pensiya fondu deyil ki, seçim edəndə Rəşad Məcidin dediyi kimi humanizm prinsiplərini də nəzə alsın.

Bu məsələlərlə dövlətin əlaqədar təşkilatları məşğul olmalıdır. Yazıçılar Birliyinin özünün ədəbi orqanları var, niyə bu orqanlarda siyahı çap olunmur. Yazıçılar Birliyindən orduda xidmət edən əsgərə də təqaüd verilib. Bu artıq Azərbaycan ordusuna təhqir deməkdir.

Rəşad bəy bizə irad tutur ki, 4-5 min oxucu yığa bilmirik, amma ironik olan budur ki,Yazıçılar Birliyinin mindən çox üzvü ola-ola jurnalları min tirajla çap olunur.

Azadlıq:

Elnur bəy, ümumiyyətlə yazmaq üçün pul lazımdır, yoxsa yox?

Elnur Astanbəyli:

- O sovet dövründən qalma bir şeydir ki, yazıçı dişini yumamalıdır, saçını daramamalıdır, ac qalmalıdır, araq içib küçələrdə yatmalıdır.

Amma sovet dövründə belə bir yazıçı yox idi. Elə adamlar vardı, amma onlar heç vaxt ədəbiyyatda söz sahibi olmadılar.

Amma həmişə saçını darayanlar, bahalı paltarlar geyinənlər, luks həyat yaşayanlar, qalstuk taxanlar söz sahibi oldular. Təbii ki, yazıçıya pul lazımdır.

Azərbaycanda yazıçı üçün gəzmək, həyat materialları toplamaq şəraiti olmalıdır.

İndi avtobus şoferi 20 qəpiyə görə adamın atasını söyür. Ölkələr gəzmək lazımdır, insanlarla tanış olmaq lazımdır. Bundan başqa bir şey də var.

Elnur Astanbəyli
Yazıçını stimullaşdıran hər hansı bir konkret obyekt olmamalıdır. Ələlxüs bu hakimiyyətdirsə ümumiyyətlə olmamalıdır.

Biz ayını öldürməmiş dərisinin üstündə savaşırıq.

Azərbaycanda əvvəla aydınlaşdırılmalıdır ki, ədəbiyyat bu sistemə nə qədər lazımdır?

Məsələn, bu gün Anar da qınayır, Əkrəm Əylisli də, Seymur Baycan da, Qan Turalı da - hamımız qınayırıq ki, kitablar satılmır.

Bir az bunun üzərində düşünmək lazımdır. Azərbaycanda son əlli – altmış ildə ədəbiyyat o qədər çirkinləşdi ki…

40 il bir adam gecə-gündüz çalışıb, qəzetlərdən düşməyib, televizordan düşməyib mümkün deyil axı... Bu adamın sonda iki yüz- üç yüz kitabı satılmır.

İnsanlar ədəbiyyatdan ayrı düşüblər, insanlar ədəbiyyatdan iyrəniblər.

Səlim Babullaoğlu:

Siz bu məsələyə bu qədər səthi yanaşmayın, dərin yanaşın. Mən sizə başımla cavabdehəm, Azərbaycanda bir neçə - çoxlu kitab alınan yer var.

Gedək siyahı tutaq görək Azərbaycanda satılan kitabların reytinqi nə qədərdir, Şərqi Avropada, Rusiyada satılan kitabların reytinqi nə qədərdir. Azərbaycanda məşhur adamların kitabları nə qədər satılır?

Ona qalsa, Azərbaycanda Milorad Paviç də az satılır.

Siz dövlətinizi insanınızı istəyirsiniz, AYB üzvü olan istəmir?

Məsələn, mənim korrupsioner məmurdan zəhləm gedir, qarşımda korrupsioner məmur oturanda onunla söhbət etmirəm. Amma bu o demək deyil ki, dövlət təqaüd verirsə ondan imtina etmək lazımdır.

İnsan yazıçıdır, müxalifətdədir, iqtidardadır fərqi yoxdur, öz dövlətinə düşmən kimi baxmamalıdır.

Bu məsələlərin normallaşmağı bir faktordan asılıdır. Ölkədə yayım, nəşriyyat poliqrafiya sistemi müstəqil və əsaslı olaraq formalaşmalıdır.

Xuraman Hüseynzadə
Verilişə dəvət edilənlərdən biri də şairə Xuraman Hüseynzadə olsa da, o, müəyyən səbəblərə görə proqrama gələ bilməyib. O redaksiyamıza öz mövqeyini yazılı şəkildə göndərib. Bir hissəsini bu yazıya əlavə edirik.

Xuraman Hüseynzadə:

İlk öncə ziyalıların, cəmiyyətdə söz sahibi olan insanların həqiqətən də dövlət səviyyəsində qiymətləndirildiyini hiss etməsi üçün onu komleksdən azad etmək, həmin yardımların əvvəlindəki “prezident” sözünü başqa bir sözlə əvəz etmək lazımdır (məsələn, “dövlət təqaüdü” və s.).

Çünki bu ziyalıların içərisində hakimiyyətin mövqeyini dəstəkləməyənlər də var və onlara “prezident təqaüdü” adlı bir yardımın edilməsi onları ziyalı kimi qiymətləndirməkdən çox, sınmağa sövq etmək təsiri bağışlayır.

İkinci bir tərəfdən, təqaüdün verilməsi mexanizmindəki senzura aradan götürülməlidir - sirr deyil ki, bu gün müxalif mövqedən çıxış edən yazarlar daha çox və daha istedadlıdır.

Yeri gəlmişkən, gəlin baxaq görək, təqaüd almaq imkanına malik Yazıçılar Birliyində həqiqi istedad sahibi çoxdu, yoxsa bu yardımdan məhrum Azad Yazarlar Ocağında?

Və zənnimcə balansı qorumaq, yəni bu yardımların həqiqətən də istedad sahiblərinə verildiyini sübut etmək üçün Yazıçılar Birliyinə üzvlüyün mütləq olmasını ləğv etmək lazımdır.

Azad Yazarlar Ocağında bu təqaüdü haqq edən nə qədər istedadlı yazarlar var ki bu gün onların haqqını Yazıçılar Birliyinin zəli xislətli bisavad qələm əhli yeyir, özlərinin yeməyi azmış kimi “boşqabı” öz övladlarının, tanış-bilişlərinin qarşısına çəkirlər.

Bu anormallığı tənzimləmək lazımdır...

İlqar Rəsul
Gülər Qasımova

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG