Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47
Vasil Klimentyevi sonuncu dəfə ötən həftə görüblər. Həmkarı ilə yerli prokuror və vergi rəsmisi barədə yazdığı məqaləni müzakirə edəndən sonra jurnalist yoxa çıxıb.

Xarkov şəhərində nəşr olunan həftəlik «Novy Stil» qəzetinin redaktoru olan Klimentyev hökumətin məşhur tənqidçisi kimi tanınır. Polis güman edir ki, onu qətlə yetirə bilərlər.

Klimentyevin müavini Petro Matviyenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, Klimentyevlə avqustun 11-də görüşüb və regional vergi rəisi Stanislav Denisyuk və digər rəsmilərin imarətlərinin şəkillərini müzakirə ediblər.

JURNALİSTİ GÖRDÜM DEYƏN OLMAYIB


Rəsmilər Klimentyevin sonuncu dəfə həmin gün naməlum şəxslə birgə BMW markalı maşına əyləşərkən görüldüyünü deyir. Həmin gündən sonra qəzet redaktorunu gördüm deyən olmayıb. İtkin düşən Klimentyev barədə «qabaqcadan planlaşdırılan qətl ehtimalı» maddəsi nəzərdən keçirilir.

Klimentyevin yoxa çıxması Ukraynada mətbuat azadlığının vəziyyəti ilə bağlı bir sıra sualları qaldırıb. Xüsusilə də «Narıncı İnqilab» və onun Qərb tərəfdarlarını sıradan çıxaran, ilin əvvəlində hakimiyyətə gələn Viktor Yanukoviçdən sonra.

JURNALİSTLƏR AKSİYAYA HAZIRLAŞIRLAR

Müxalifət hesab edir ki, mətbuata qarşı sərt tədbirlər hökumət tənqidçilərinə qarşı aparılan kampaniyanın bir hissəsidir.

Lisenziyası ləğv edilən televiziyalar arasında Kanal 5 və TVi də var
Avqustun 21-də jurnalistlər Kiyevdə etiraz aksiyası keçirməyi planlaşdırırlar. Onlar hökumətin bir sıra televiziyaların lisenziyalarını ləğv etmək qərarına etiraz edəcək. Lisenziyası ləğv edilən televiziyalar arasında Kanal 5 və TVi də var. Bu iki kanal ölkədə mövcud yeganə müstəqil və qərəzsiz televiziyalar hesab olunur.

Bəzi kanallar hökumətin qərarından apelyasiya şikayəti verib, məsələyə avqustun 26-da baxılacaq.

PREZİDENTƏ MƏKTUB


TVi-nin direktoru Mikola Knyajetski prezident Yanukoviçə mətbuat azadlığının pisləşməsinə etiraz əlaməti olaraq məktub ünvanlayıb:

- Mən prezidenti nəinki məhkəmə işi ilə bağlı məlumatlandırmalı, həmçinin Ukrayna mətbuatında ifadə azadlığının pozulması ilə bağlı mövcud tendensiyalar barədə məlumatlandırmalı idim.

Bu gün jurnalistlərin suallarını cavablandıran Yanukoviç isə ittihamları təkzib edib:

SİZƏ HƏQİQƏTİ YAZMAĞA KİM MANE OLUR?

- Deyin görüm sizə həqiqəti yazmağa kim mane olur? Mənə onların adlarını, şirkətlərini və sahiblərini deyin. Bu günə kimi hər hansı konkret cavab almamışam.

Beynəlxalq təşkilatlar da Ukraynada baş verənlərə biganə qalmayıblar. Ötən həftə Vyanada mərkəzləşən Beynəlxalq Mətbuat İnstitutu Yanukoviçə açıq məktub yazaraq, onu mətbuat azadlığına hörmət etməyə çağırıb. Təşkilat qeyd edib ki, cəzasızlıq mühiti jurnalistlərə qarşı hücumların sayını artırıb.

Avropa Şurası Parlament Assambleyasının rəsmiləri də jurnalistlərin senzura və fiziki hücumlarla bağlı şikayətlərindən narahat olduğunu deyib.

TVi-nin direktoru Mikola Knyajetski qeyd edir ki, prezidentə məktubunda onu administrasiyası ilə əlaqəli məmurların fəaliyyətini yoxlamağa çağırıb:

ONLAR UKRAYNANI AVTORİTAR DÖVLƏTƏ ÇEVİRMƏYƏ ÇALIŞIRLAR


- Mən prezidentin ətrafında olan bir sıra qrupların qanunsuz və Avropa təcrübəsinə yad üsullara əl atdığını ifadə etmişəm. Onlar məhkəmələrə təzyiq edir və xüsusi xidmətlərdən jurnalistlərlə döyüşmək üçün istifadə edirlər. Bu qruplar hökuməti inhisara götürməyə və Ukraynanı avtoritar dövlətə çevirməyə çalışırlar.

Avropa Birliyi və ATƏT də Ukrayna hökumətini tənqid edib.

Tənqidçilər isə bildirir ki, hökumət nəinki jurnalistlərə, həmçinin müxalifəti dəstəkləyən kiçik və orta sahibkarlara da təzyiq göstərir.

/Tərcümə etdi: Sevinc Hüseynzadə/

Şərhləri göstər

XS
SM
MD
LG