Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27
«Nəzərə alsaq ki, Azərbaycanda təxminən 26-30 min dustaq var, bunun 25 mini, əgər prezident seçkisi keçirilirsə, hökumətin bir, parlament seçkisi keçirilirsə, bir neçə namizədinin xeyrinə gedir».

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, cəzaçəkmə yerində məhbus seçkidə ancaq hökumətin namizədinə səs verə bilər. Ona görə yox ki, məhbus özü bunu istəyir, ona görə ki, həbsxana rəhbərliyi belə istəyir.

Qənimət Zahid 17 saylı cəzaçəkmə yerində cəza çəkdiyi illərdə ölkədə keçirilən prezident, bələdiyyə və referendum seçkilərində bir məhbus kimi iştirak etməsə də, deyir ki, həbsxana rejimində seçkinin necə keçirilməsindən yaxşı məlumatı var:

«Məhbuslar seçkidə bir qayda olaraq göstərişlə iştirak edirlər. Onları aparırlar seçki məntəqəsinə, göstərirlər ki, burda filankəsə səs verəcəksən. Dustaqların arasında çox nəhəng agentura şəbəkəsi var. Həmin şəbəkəyə də rəhbərlik çox yaxşı nəzarət edir.

Qənimət Zahid
Hətta başqa meylli adamlar olsa belə dərhal onları çağırıb profilaktik söhbət edirlər. Profilaktik sözünü kursivlə qeyd edirəm, çünki o sözün arxasında başqa məsələlər də nəzərdə tutula bilər».

VENESİYA KOMİSSİYASININ AÇIQ QALAN TÖVSİYƏLƏRİ

Seçki Məcəlləsi qəbul olunan 2003-cü ildən seçki ekspertləri həm cəzaçəkmə yerlərində, həm də orduda seçkilərin şəffaf və demokratik keçirilmədiyi üçün qaydalar dəyişiklik edilməsini təklif edirlər.

Elə Avropa Şurası Venesiya Komissiyası da Azərbaycan hökumətinə tövsiyə edib ki, ümumiyyətlə qapalı müəssisələrdə seçki məntəqələri yaradılmasın. Hərbçilər sıravi sakinlərlə bir yerdə səs versinlər.

Komissiyanın tövsiyələrində qeyd olunur ki, yalnız yaşayış yerindən çox uzaqda olduqda hərbi hissələrdə seçki məntəqələri yaradıla bilər. Komissiya üzvlərinin hərbçi olmasına isə tövsiyələrdə ümumiyyətlə, icazə verilmir. Həbsxanada da həbsxana işçiləri komissiya üzvü ola bilməzlər.

Qarşıdakı parlament seçkiləri yaxınlaşdıqca, bu təkliflər yenidən aktuallaşır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli:

«Biz təklif edirik ki, həbsxanalarda və orduda səsvermə keçirilməməlidir. Ona görə ki, bu cür yerlərdəki seçicilərə həddindən artıq təzyiqlər olur. Cəzaçəkmə yerlərində insanların seçim imkanları məhdudlaşdırılır.

Hərbi hissələrdə isə bu vəziyyət daha ağırdır. Hərbi qaydalar adı altında hərbi qulluqçuların seçim etməsi çətin olur. Bizim müşahidəçilərə də bununla bağlı xeyli şikayətlər gəlir».

Anar Məmmədli deyir ki, qapalı yerlərdə səsvermənin nəticələri qalib namizədin xeyrinə 90-95 faizlik nəticələrlə yadda qalır. Bu da seçkinin şəffaf keçirilməsinə kifayət qədər şübhələr yaradır.

Anar Məmmədli
Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsindən verilən məlumata görə, parlament seçkiləri ilə bağlı Penitensiar Xidmət üzrə xüsusi tədbirlər planının hazırlanması nəzərdə tutulub. Bu tədbirlərə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və hərbi qurumlarda fəaliyyət göstərəcək məntəqə seçki komissiyalarının təşkili üçün ərazi üzrə dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq, seçicilərin siyahılarının dəqiqləşdirilməsi və s. daxildir.

SEÇKİ HƏMİŞƏ NECƏ OLUBSA, O CÜR DƏ KEÇİRİLƏCƏK

Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyir ki, cəzaçəkmə yerlərində seçki hazırkı Seçki Məcəlləsinə uyğun keçiriləcək. O ki qaldı məhbusların səsvermə ilə bağlı təzyiqlər göstərilməsinə, Mehman Sadıqov bununla razılaşmır:

«Seçki gizli səsvermə yolu ilə həyata keçirilirsə, kimsə kiməsə təzyiq göstərsə belə məhkum səsvermədə tək iştirak edir və öz səsvermə hüququndan istifadə edir. Təzyiqin əhəmiyyətindən danışmaq yersizdir».

Müdafiə Nazirliyi Mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev də deyir ki, əvvəllər hərbi hissələrdə seçki necə keçirilibsə, indi də elə olacaq:

«Qanun necə tələb edirsə, seçki o formada həyata keçiriləcək. Həmişə necə olubsa, o cür də olacaq. Biz icraedici orqan olaraq üstümüzə düşən vəzifəni həyata keçirəcəyik. Həmişə necə olubsa, o cür də şəffaf seçkilər olacaq».

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev isə bildirdi ki, orduda və cəzaçəkmə yerlərində seçkilərin keçirilməsi qaydaları səsverməyə 5 gün qalmış məlum olacaq, ona görə də indidən nəsə deyə bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG