Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:33

“Almaniyadakı səfirimiz mədəniyyətdən, ədəbiyyatdan anlamayan biridir”


Almaniyada yaşayan azərbaycanlı şairə və araşdırmaçı Nuridə Atəşi Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliğində çətinliklərlə üzləşdiyini bildirir.

(Müsahibə ixtisarla verilir)

- Doğurdanmı tarixin yaddaşında savaşçı, cəngavər qadınlar kimi yaşayan amazonlar Azərbaycan qadınlarının ulu əcdadları olub?

- Amazonların əlbəttə, indiyə qədər bir çox qərb və Avropa tədqiqatçıları olub, onların haqqında çoxlu araşdırmalar, kitablar yazılıb.

Mənim tədqiqatımın qarşısına qoyduğu ilk məqsəd Avropada və Qərbdə betonlaşmış yunan mifologiyasının hegemon olması nəzəriyyəsini sındırmaq, Qafqaz amazonlarının bir əfsanə və yaxud “savaş allahı Aresin Qızları” olması cəfəngiyatını real, elmi, tarixi, arxeoloji faktlarla dünyaya sübut etməkdir.

Bir çox qərb amazon tədqiqatçıları özləri etiraf edirlər ki, onlar Qafqazda tədqiqat aparmaq istəyirlər.

Lakin onlar Qafqazın hər zaman münaqişəli bir bölgə, müharibə ocağı olduğunu deyirlər. Və onlar yalnız rusca danışırlar. Demək olar ki, bizimlə əlaqə qurmaq istəmirlər.

Mənim birbaşa qafqazlı olmağım, bu yerləri mentaliteti, tarixi yaxşı tanımağım və bir çox dilləri bilməyim çox köməyimə gəldi.

Və ona görə də 15 ilə yaxındır ki, yorulmadan tədqiqat aparıram.

Çoxlu kəşflərim var. Mən Plutarxın “Qafqaz amazonların vətənidir” tezisini bütün dünyaya sübut edə biləcəyimə qəti əminəm.

- Sentyabrdan fevrala qədər Almaniyanın Speyer muzeyində amazon sərgisi olacaq. Azərbaycan orada iştirak edəcəkmi?

- Təəssüflər olsun ki, bizimkilər hələ yatırlar. Mən 2 ildir ki, onlarla məktub yazmışam.

Akademiyanın Prezidiumuna, şəxsən Prezident Mahmud Kərimova (ona çox böyük hörmətim var) müraciətlər etmişəm ki, Qafqaz amazonları sərgisi və elmi konfrans keçirək.

Azərbaycanda Qafqaz amazonları muzeyi yaradaq. Azərbaycanın muzeylərində, xüsusən rayon muzeylərində amazonlara aid yüzlərlə, minlərlə eksponatlar var.

Sovet zamanında bir çox alman, fransız və digər həvəskar arxeoloqlar Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar apararaq çox qiymətli eksponatları Moskva, Ermitaj, Almaniya Fransa və s. muzeylərə satıblar.

Biz bunların hamısını toplayıb Azərbaycanda bir amazon muzeyi yaratsaq dünyanı heyrətə gətirəcək bir nailiyyət olar.

Eyni zamanda Amazonların tarixini sübut etmək, Qarabağın açarıdır, mən buna əminəm. Təəssüf ki, bunu anlayan çox az adamlar var. Heç bir kimsəyə gərək olmayan, Biləcəridən o tərəfə keçə bilməyən, pullu, dayılı tədqiqatçıların gərəksiz tədqiqatlarına “Böyük elmi kəşflər” kimi rəy verən alimlər belə bir gərəkli tədqiqatın qarşısında hələlik susurlar.

Əgər biz Qarabağı Təbriz kimi, Göyçə kimi, Dərbənd kimi itirmək istəmiriksə, heç bir nəticə verməyəcək diplomatik görüşlərdən imtina etməli, muzdlu lobbiçilərin gülünc təbliğatına son qoymalı və tarixçiləri, arxeoloqları səfərbər edib, Qafqaz Albaniyasının, Qarabağın əsl tarixini oturub yenidən yazmalı və bütün dünyaya tanıtmalıyıq.

Dünyanın bir çox ciddi tarixçilərinin, arxeoloqlarının Amazonların bir mifologiya deyil əsl tarix olması faktını qəbul etdikləri halda, Azərbaycanın bəzi alim və arxeoloqlarının bu faktı qəbul etməməsi yolverilməzdir.

Amazonların tarixi Qafqazın tarixidir, Qarabağın əsl tarixidir. Tarixinə sahib çıxmayan xalqlar hər zaman itirirlər.

- Deyirlər ki, Azərbaycan ədəbiyyatını xaricdə ancaq Anar və Elçinin əsərləri tanıdır. Siz bu fikirlə razısınızmı?


- Xeyr, bu şişirdilmiş pafoslu şüarlardan biridir. Azərbaycan ədəbiyyatını yalnız Əsəd Bəy (Qurban Səid) tanıdıb və tanıdır.

Bilirsiniz, onları ciddi alman ədəbiyyatında doğrusu tanımırlar. Axı onların yazdıqları dünya və Avropa ədəbiyyatı səviyyəsində əsərlər deyil...

Onların əsərləri Azərbaycan cəmiyyəti və uzağa getsəniz türk cəmiyyətində sevilə, qəbul edilə biləcək, oxunacaq əsərlərdir.

Onların şəxsi maddi imkanları olduğu üçün kitablarını başqa dillərə tərcümə etdirib türk nəşriyyatlarında çap etdirirlər.

Yalnız türk oxucuları tərəfindən ola bilsin ki, az-çox tanınırlar. Əlbəttə Anar və Elçin Almaniyada da çap olunub. Amma “Dagyeli” adlı kiçik bir türk nəşriyyatında.

Ədəbiyyatın xaricdəki təmsilinə indi fikir verən yoxdur. Azərbaycan Almaniyadakı Səfirliyi 2008-ci ildə 3 milyonluq “Azərbaycan Mədəniyyət İli” şousu keçirdi.

Məncə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı indiyə qədər belə təhqir olunmamışdı. Azərbaycan mədəniyyətinin xaricdə təəssübünü çəkənlər yığışıb sanballı əsərlər çap etdirə bilərdilər.

Mən bütün rəsmi orqanlara yazdım ki, Azərbaycan klassik Antologiyası alman dilinə çevrilməlidir. Təəssüf ki, bizim səfirimiz

mədəniyyətdən, ədəbiyyatdan anlamayan birisidir. Mənim alman şairi Jan Veinerdlə bərabər 2 il gecə gündüz üstündə oturub işlədiyim “Azərbaycanın minillik klassik poeziyası” antologiyasını Mədəniyyət İlinin Planına salmadı.

Onun bu ədalətsizliyi məni daha da güclü etdi və biz hər iki tərcüməçi qonorardan imtina etdik. Görkəmli bir alman ədəbiyyat nəşriyyatında bu antologiyanı çap elətdirdik elə həmin il təqdimatını da Almaniya Bundestaqında keçirdik.

Hətta Əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazmış olduğu romanının nəşrini, onun filminin nümayişini mən təklif etdim. Mənə olan şəxsi intriqasına görə o, Azərbaycan ədəbiyyatını “cəzalandırdı”.

Lakin Azərbaycanda olan alman səfirliyi Alman mədəniyyət ilində Əsəd bəyin sərgisini keçirdi və filmini də nümayiş etdirdi. Bu cür ucuz və cılız intriqalar, haqsızlıqlar məni qorxutmur əksinə daha mübariz edir.

Müsahibəni apardı Elbrus Erud
“Qafqazinfo”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG