Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36
Azərbaycanda insan orqan və toxumalarının qanunsuz transplantasiyası ilə bağlı araşdırmalar aparmaq üçün Ukrayna Azərbaycana əməliyyat qrupu göndərəcək.

Bunu Ukrayna Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer avqustun 19-da «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib.

Bu günlərdə Ukraynada «qara transplantasiya»ya görə həbs edilənlər arasında azərbaycanlıların olub-olmadığına gəlincə, Yuri Kuçer hələ Azərbaycanın hüquq-mühafizə orqanlarından heç bir reaksiya görmədiklərini deyib.

Kuçer bildirib ki, ola bilər Azərbaycanın adının transmilli orqan mafiyası ilə bağlı çəkilməsi bu ölkənin hüquq-mühafizə orqanlarının xoşuna gəlməyib:

«Amma təəssüf ki, bu belədir. Transmilli orqan mafiyasının Azərbaycanla bağlılığı var. Bir daha təkrarlayıram, sizin hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı tutduğu mövqe bizim üçün qaranlıqdır. Azərbaycan Baş Prokurorluğunun bizim keçirdiyimiz əməliyyatdan sonra verdiyi açıqlama da anlaşılan deyil».

Ukrayna Daxili İşlər Nazirliyinin idarə rəisi orqan mafiyası ilə bağlı Azərbaycan ərazisində də əməliyyat keçirəcəklərini deyib.

Azərbaycanın Baş Prokurorluğu Ukrayna Daxili İşlər Nazirliyinin bir neçə gün əvvəl yaydığı bu məlumata hələ avqustun 14-də münasibət bildirib. Baş Prokurorluğun internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Azərbaycanda «qara transplantasiya» mövcud deyil.

Məlumatda həmçinin qeyd edilir ki, göstərilənlərə aydınlıq gətirilməsi üçün Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsi Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlayıb və eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilib.

Ukraynanın Azərbaycana əməliyyat qrupu göndərməsinə gəlincə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov burda hər hansı bir problem görmür.

Mətbuat xidmətinin rəhbəri indiyə qədər Azərbaycanda qanunsuz orqan köçürmələri ilə bağlı hər hansı fakt aşkarlanmadığını deyir.

Qaldı ki, Ukrayna Daxili İşlər Nazirliyinin idarə rəisinin Azərbaycan hüquq-mühafizə orqanlarının bu məsələyə münasibətilə bağlı dediklərinə, Eldar Sultanov deyir ki, Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsi Ukrayna prokurorluğunun eyni adlı şöbəsilə əlaqə saxlayıb və ola bilər ki, Ukrayna DİN əməkdaşı bu məlumatdan xəbərsizdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG