Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49
«Qəbələ RLS-in borcu Putinin borcudur». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı Zöhrab İsmayıl hökumətin enerji borclarını silməsinə münasibət bildirərkən deyib. İqtisadçını maraqlandırır ki, görəsən, başqa ölkənin borcu bu borcların arasında özünə necə yer tapıb.

«Qəbələ RLS-in borcunu yarızarafat, yarıgerçək Putinin borcu kimi qiymətləndirərdim. Yəni Nazirlər Kabineti eyni zamanda Putinin elektrik enerjisinə olan borcunu da silib. Bu Rusiyanın idarəetməsindədir. Bunun borc məsələsi nəyə görə ortaya çıxıb? Bizim hökumət onu niyə silir?»

BU, QEYRİ-QANUNİDİR

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oktay Haqverdiyev deyir ki, belə proseslərə vaxtaşırı rast gəlinib.
Oktay Haqverdiyev


«Bu təzə bir şey deyil vaxtaşırı bunu silirlər. Sonra «xitriy» bir şey tapdılar. Dolayısı subsidiya adı ilə bunu edirdilər. Büdcədə bunu ayrıca göstərirdilər ki, misal üçün, «Azərenerji», «Azəriqaz» - onların borcları Neft Şirkətinin hesabına silinirdi. Çünki Neft Şirkətinin özünün büdcəyə olan borcunun hesabına onların da borcları silinirdi».

Ekspert belə prosesin qeyri-qanuni olduğunu deyib.

NİYƏ BU BORCLAR YARANIR?

Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov isə məsələnin kökünü araşdırmağı lazım bilib. Deputatın sözlərinə görə, hökumət artıq bu müəssisələrdə bir arxayınlıq yaradıb.

«Niyə bu borclar yaranır? Əvvəlcə bu analiz olunmalıdır ki, dövlət strukturlarının tərkibində niyə bu borclar yaranır? Səbəb nədir? Bu müəssisələr hamısı faktiki olaraq əksəriyyəti gəlirlə işləyən müəssisələrdir. Amma bir-birlərinə borcları var. Və gözləyirlər ki haçansa dövlət belə bir addım atacaq. Bu borcları siləcək, bununla da bu məsələ bitəcək».

SİLİNƏN İSTEHLAKÇININ PULUDUR

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki silinən pullar istehlakçıların pullarıdır. Bu qərardan sonra isə silinən pullar yenidən istehlakçılardan alınacaq.

«Silinən pullar, əlbəttə, istehlakçıların pullarıdır. Çünki dövlət büdcəsi istehlakçıların pulları ilə formalaşır. Bu istehlakçıların həyatında mənfi iz buraxacaq. Çünki belə hadisələr baş verəndə istehlakçıların bizə şikayət dinamikası artır. İstehlakçılardan işlətmədikləri enerjinin pulunun tələb olunması kampaniyası başlayır».

Şərhləri göstər

XS
SM
MD
LG