Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00
Dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun nəslindən olanlar onun ömrünün son çağlarında evdən qaçıb yaşadığı dəmiryol stansiyasına baş çəkiblər.

Lev Tolstoyun ölümündən 100 il keçir.

Bununla bağlı Rusiyada, Tolstoyun doğma yurdu - Yasnaya polyanada yazıçının nəslindən olanların beynəlxalq toplantısı keçirilir.

Həmin toplantı çərçivəsində baş tutan səfərə Rusiya, Fransa, İtaliya, İsveç, Braziliya və Uruqvaydan gəlmiş təxminən 70 nəfər qatılıb.

Tula vilayətində yerləşən Yasnaya polyanadan avtobuslarla Lipetskə gələn qonaqların ən yaşlısı İsveçdən gəlmiş 75 yaşlı Pyotr Tolstoy, ən kiçiyi isə 6 yaşlı Moskva məktəblisi Kolya Kirişko olub.

Yazıçının nəslindən olanlar Tolstoyun büstü önünə əklil qoyublar.

Bundan sonra onlar vaxtilə Astapovo adlanan, amma 1918-ci ildən Tolstoyun adını daşıyan dəmiryol stansiyasının rəisinin evində yaradılan xatirə muzeyində olublar.

Onlar regionun qubernatoru Oleq Korolyovun stansiyaya köhnə adının qaytarılması ideyasını da dəstəkləyiblər.

Qubernator hesab edir ki, bu ad dəyişikliyi Tolstoyun xatirəsinə ehtiram olacaq:

"Çünki bütün dünyada Astapovo stansiyası yazıçının adı ilə assosiasiya olunur".

Tolstoyun Yasnaya Polyanadakı evi
Lev Tolstoy 1910-cu il noyabrın 20-də vəfat edib.

Rusiyada geniş anım tədbirlərinin də məhz bu ilin noyabrında keçirilməsi planlaşdırılır.

Humanist dəyərləri müdafiə edən, zadəgan olmasına baxmayaraq kəndlilərə yuxarıdan aşağı baxmayan, Rusiyanın inkişafında kəndlinin roluna xüsusi əhəmiyyət verən yazıçı ömrünün son illərini "bir rus mujiki kimi" yaşamaq istəyib.

Tolstoyun nəslindən olanlar dünyanın 25 ölkəsinə səpələnib. Onlar iki ildən bir Yasnaya polyanaya toplaşırlar.

Bu ilki tədbir avqustun 22-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG