Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:04

Ədəbi dalğada «Göləqarğısancan»


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Bu yazısı ilə ədəbi tənqidçi Elnarə Tofiqqızı Azadlıq Radiosunun "Oxu zalı"nda gənc yazar Aqşin Yeniseyin "Göləqarğısancan" romanı ilə bağlı keçirilən müzakirəyə qoşulur.

ƏDƏBİ DALĞADA "GÖLƏQARĞISANCAN"


İndiyə qədər nəşr olunan hekayələri Aqşin Yeniseyin şair olmasıyla bərabər, həm də nəsr imkanlarının mövcudluğundan xəbər verirdi və ədəbi mühit ondan irihəcmli əsər gözləyirdi.

Nəhayət, müəllifin «Göləqarğısancan» romanı 2009-cu ildə «ən yeni ədəbiyyat» seriyasından «Cənnətdə terror aksiyası» («Qanun» nəşriyyatı, 2009) kitabında oxuculara təqdim edildi.

Müəllif Leş Əlini əsərin əsas aparıcı qəhrəmanına çevirə bilməyib: reket jurnalist kimi öldürülən də (səh.98), kəndə qayıtdıqdan sonra leş alveri ilə məşğul olub «gözlərinə su gələnə qədər» (səh., 265) qocalan da Leş Əlidir və anlaşılmazlığın əsərdə məntiqi izahı yoxdur.
Aqşin Yenisey romançılıq ənənəsinin hələ tamamilə formalaşmadığı ədəbi mühitimizdə «Göləqarğısancan»la gözləntiləri doğrulda bildimi?

Bu sualın cavabını hazırda müzakirəyə çıxarılan romanın elə özündə tapmaq olar.

Antitezis

İlk baxışdan «Göləqarğısancan» adı oxucuda əsərin məzmununu ehtiva etmədiyi təəssüratı yaradır.

Hətta müəlifin müdaxiləsinə baxmayaraq (əsərin əvvəlində və sonunda məşhur rəvayət nəql olunur), mətn bütövlükdə «göləqarğısancan» ideyasını realizə etmir.

Halbuki «Göləqarğısancan» adının assosiativ olaraq yada saldığı Selincerin «Çovdarlıqda uçurumdan qoruyan» əsərində ad, fəlsəfi-mistik məzmunun ifadəsidir.

Müqayisənin uğurlu və ya uğursuzluğuna toxunmadan, iki əsər arasında paralellər apardıqda bir tərəfdə dünyanın və cəmiyyətin ümumiləşmiş modeli kimi təcəssüm edən uçurum kənarındakı uşaqları qorumaq istəyi, digər tərəfdə göl kənarında olan «oyundankənar» qayğısız uşaqların məhvi ideyasının dayandığı görünür; Selincerdə mənəvi təkamül dünyanıdərk modelinə, Aqşində mənəvi şikəstlik ictimai böhran dəhşətinə aparıb çıxarır.

Bu, iki fərqli dünyagörüş təəssüratından daha çox Aqşinin ironiyasıdır və burada artıq Selincer təsiri yox, Aqşin antitezisliyi diqqəti çəkir.

Aqşin əsərdə müsbət obraz və proses yaratmağı qarşısına məqsəd qoymayıb, əksinə, sadəlövh inanc və inam komplekslərindən tutmuş mənəvi şikəstliyin yaratdığı çatışmazlıq sindromuna qədər hər şeyə fərqli münasibət göstərib, mənəvi şikəstlərə yaradılan imkan və şəraitin doğurduğu ictimai fəsadları qələmə almağa cəhd edib.

Ona görə «Göləqarğısancan» adının məzmunu qismən əks etdirdiyini söyləmək mümkündür.

Leş Əli əsərin qəhrəmanı deyil

Əsərin əsas personajlarından biri Leş Əlidir. Əli ölü mal-qara ətini kolbasa sexlərinə satan, pinti, həyatın dibində olan bir şəxsdir.

Müəllif obrazlaşdırdığı bu real surətin timasalında İslam dininin ən müqəddəs şəxslərindən olan Həzrəti Əli (halallıq simvolu) və leşi (haramı) birləşdirməklə halal-haramın qarışdığı xaotik cəmiyyəti ifadə edib (səh. 55-56).

Öz müşahidələrinə uyğun Leş Əlini bir neçə sosial zümrənin içərisindən keçirən Aqşinin qurduğu mürəkkəb süjeti izləsək, təxmini istiqamətləri belə müəyyənləşdirmək olar:

Təhkiyəçi-Çörək-Keyşəbədə-Rey-Yalçın, Leş Əli-Gursəs-Yazarlar-Təhkiyəçi…

Bütün obrazlar və şaxələnmiş süjet həyatın dibində olan ayrı-ayrı sosial qrupların mövcudluq mübarizəsi üzərində qurulub.

Müəllif ictimai böhranın səbəbləri sırasında qeyri-sağlam mühit, adət-ənənə, tərbiyə, sosial ədalətsizliklərin doğurduğu mənəvi şikəstliyi göstərməyə çalışıb; Leş Əlini – bu ürəyitəmiz, qaba, sevgisində və kinində səmimi olan insanı rastlaşdığı həyat reallıqları dəyişir, onu «leşə» çevirir.

Amma müəllif Leş Əlini əsərin əsas aparıcı qəhrəmanına çevirə bilməyib: reket jurnalist kimi öldürülən də (səh.98), kəndə qayıtdıqdan sonra leş alveri ilə məşğul olub «gözlərinə su gələnə qədər» (səh., 265) qocalan da Leş Əlidir və anlaşılmazlığın əsərdə məntiqi izahı yoxdur.

Bu süjet qırıqlığı istər-istəməz əsərin süjetsizliyi təəssüratını doğurur və obraz ümumiləşmir.

Halbuki müəllif Leş Əlininin mükəmməl tipini yaratmaq üçün onun bütün həyatını - doğulması, böyüməsi, mühiti, tərbiyyəsindən tutmuş kənddən qovulması, şəhər həyatı, ilk sevgisi, ailə qurması, yaşam uğrunda mübarizəsi və qocalığını izləyib. Bəs, niyə bu obraz tipə çevrilməyib?

Romanın təqdimatında Leş Əli əsas personaj kimi göstərilsə də, əsərdən çıxarılan nəticə budur ki, müəllif heç bir obrazın özündən önə çıxmasına – qəhrəman olmasına - imkan verməyib:

1) bütün bənzətmələr;

2) hadisələrə fərdi yanaşma və dünyagörüş;

3) ümumiləşdirmə və müqayisələr;

4) dəyərləri gülüş hədəfinə çevirmə;

5) jarqon və tabular və s. sırf müəllifin özünə aiddir.

Bütün obrazlar və süjetlər onun ətrafında birləşir və dəyərləndirmə təhkiyəçinin ixtiyarındadır.

Əsər sanki müəllifin müxtəlif proseslərə, düşüncə və fikirlərə, milli kimlik göstəricilərinə - muğama, yas mərasiminə, dinə, xalq yaradıcılığına, hətta təbiət hadisələrinə özünəməxsus yanaşması, satira hədəfinə çevirməsi üçün bir meydan, öz eqosu ilə (Cünunla) müzakirə məkanıdır.

Süjetin inkişafına və məqsədə nə qədər aid olub-olmamasına baxmayaraq, müəllif «söz ki, yas çadırından düşdü, gəlsənə bir-iki cümlə də ordan yazaq; onsuz da avara adamlarıq, iş yox, güc yox» (səh., 59) məntiqi ilə ayrı-ayrı hadisələrə münasibət bildirir; ideyanın açımına xidmət edib-etmədiyi nəzərə alınmadan real həyatdan götürülmüş obrazlar işlənilir, amma bəzən onların prototipləri yaradılmaq əvəzinə ədəbi oçerk səviyyəsində (hətta həyatdakı adları ilə) portretləri çəkilir.

Bu münasibətlər və portretlərin hər biri mükəmməl ədəbi nümunələrə çevrilə bilər, çünki maraqlı yanaşmalar, dəqiq cizgilərdir; Amma bu baxışlar və portretlər heç bir halda birləşmir və əsərin roman olmasına imkan vermir.

Fikrin daha aydın anlaşılması üçün bircə epizodu - Pərvizin «Yad dildə» əsərində Polkovnikin atasının ölümü ilə Leş Əlinin atasının ölüm səhnələrini müqayisə edə bilərik: hər iki səhnədə ailə başçısının ölümü ilə dul ananın gündəmə gəlməsi işlənilib.

Pərviz bu təsvirləri romanın ümumi ruhuna və fəlsəfəsinə nə qədər uyğunlaşdırıbsa, Aqşin bir o qədər mətndən ayırıb və publisistləşdirib.

Aqşinin dili və üslubu

Mürəkkəb cümlə strukturu, fikrin səlist ifadəsi, uğurlu bənzətmələr – «Göləqarğısancan»da Aqşinin üslubunu səciyyələndirən əsas keyfyyətlərdir.

Azərbaycan dilinin imkanlarından yararlanmaqla Aqşin Yenisey özünəməxsus ifadə tərzi və yazı üslubu ilə çağdaşlarından çox seçildiyini açıq-aydın nümayiş etdirə bilib.

Müasirlərindən fərqli olaraq, cümlə strukturu baxımından apardığı eksperimentlərin böyük əksəriyyəti özünü doğruldub və bu da müəllifin ədəbi potensialının genişliyini göstərir.

Yerli ləhcə və şivələrdən istifadə ilə ədəbi dili zənginləşdirmə cəhdləri, həmçinin alınma sözlərin qarşılığının tapılmasındakı xidmətləri qiymətləndirilməyə bilməz.

Hətta sinonimlərin axtarışı (tərcüməçi, çevirən, çevirmən), sözyaratma istəyi (quşvuran, quşvuran haça) və s. axtarışları da ədəbi dilə xidmət baxımından dəyərləndirilməlidir.

Aqşinin yumoru, gözlənilməz bənzətmələri, metaforaları oxucunu bir an belə yorulmağa, darıxmağa qoymur; o, ən adi hadisələrin təsvirində də mütləq hansısa ədəbi vasitədən isifadə edir.

Aqşin Yenisey
Bəzən mümkünsüz görünən elə müqayisələr, bənzətmələrdən, elə təkrir və alletrasiyaladan bəhrələnir ki, müəllifin yazı və manevr sərbəstliyinin hüdudsuzluğu təsəvvürü yaranır. Məsələn: «…sənədli-sübutlu külək» (səh., 61); «sifətində iki bığı vardı, biri alnında, o biri də ağzında – biri taleyinin bığı idi, o biri özünün» (səh., 62); «(…) qocalıqla, ölümlə yeganə uğurla mübarizə apardığı yer əyin-başı idi» (səh., 89); «Zədəsiz ədəbiyyat hacı pivəsi kimi alkolsuz bir şeydir» (səh., 161); «(…) bütün təbiətdə, mili yaltaqlıq məktəbimizin diliylə desək, tikinti-quruculuq işləri geniş vüsət almışdı» (səh., 200); «(…) itlər – kəndin kütləvi informasiya işçiləri» (201); «Ortada üstünə minillərin qanı hopmuş iri ət kötüyü qoyulmuşdu, bəlkə, ərəblər Babək Xürrəmidin özünü belə bu kötüyün üstündə doğramışdılar» (səh., 207); «(…) qara suvaqlı qazan o qədər çirkli idi ki, sanki bu qazanda axırıncı dəfə Qaraqoyunlu hökmdarının qarınqulu düşməni Qara Yusifə qara qoyun ətindən bozartma bişirmişdilər və o vaxtdan bu qazanı yuyan, təmizləyən olmamışdı» (səh., 205) və s.

Bu bənzətmələr o qədər yerli-yerində və çoxdur ki, ancaq əsəri oxumaqla dolğun təsəvvür əldə etmək olar.

Geniş manevr, ifadə qabiliyyəti olan bir yazarın jarqon və tabulardan gen-bol istifadə etməsinin səbəblərini isə izah etmək çətindir.

Aqşin nəinki obrazların danışığında, hətta müəllif təhkiyəsində saysız-hesabsız tabulardan yararlanıb.

Halbuki bu tabu, jarqon və arqoları çox uğurlu ədəbi vasitələr və bənzətmələrlə əvəzləmək potensialına malik olduğunu bütün əsər boyu nümayiş edirib.

Bədii əsərdə jarqonlardan istifadəyə bəzən obrazın psixoloji durumunu və mənsub olduğu sosial təbəqəni göstərməyə xidmət edən vasitə kimi haqq qazandırmaq olursa, tabu və arqolar müəllifin söz bazasının məhdudluğu faktı kimi qiymətləndirilir.

Ona görə əsərlərinin lüğət tərkibi çox geniş, leksik bazası kifayət qədər zəngin olan Aqşinin vulqarizmdən yararlanmasını özünüifadə probleminin deyil, yazıçı məsulyyətsizliyi və səliqəsizliyinin adına bağlamaq olar.

Uzaq… yaxındadır

Bu qısaca qeydlərlə ötəri olaraq toxunulan məqamları ümumiləşdirib çəkinmədən söyləmək olar ki, Azərbaycanda ən yeni ədəbiyyat yaradıcılarından biri də Aqşin Yenisey olacaq və o an uzaq gələcəkdə deyil!
Aqşin Azərbaycan ədəbiyyatı, tarixi, adət-ənənəsi, qədim mifoloji təsəvvürləri, el inanclarının qaynaqları haqda bilgilidi və bu informasiyalar «Göləqarğısancan»da oxucuya vaxtaşırı olaraq ötürülür: xəstənin xoruz dərisinə bükülməsiylə sağaldılması (50), hal arvadları, cin-ifritələrin şəbihləri (səh., 51), dul qalmış qadının kəbininin xoruza kəsilməsi (səh., 55) və s.

Müəllifin yanaşmasından asılı olayaraq, bu dini-mifoloji təsəvvürlərin ədəbi nümunələrdə yaşadılması öz-özlüyündə müsbət haldır və böyük ədəbi aləmdə əsərin qəbul edilməsini şərtləndirən milli kimlik rəmzidir.

Bütövlükdə isə Aqşin yaradıcılığı - dili, üslubu, bənzətmələri, özünüifadə forması, baxışı və dünyaduyumu – yeni ədəbi dalğa kimi geniş tədqiqat tələb edir.

Bu qısaca qeydlərlə ötəri olaraq toxunulan məqamları ümumiləşdirib çəkinmədən söyləmək olar ki, Azərbaycanda ən yeni ədəbiyyat yaradıcılarından biri də Aqşin Yenisey olacaq və o an uzaq gələcəkdə deyil!

Həmçinin oxu
Tehran Əlişanoğlu "Gölə qarğı sancan kimdir?"
Aqşin Yenisey "Göləqarğısancan" (Romandan parça)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG