Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:36
ÜÇ ILDIR İCRASINI GÖZLƏYƏN MƏHKƏMƏ QƏRARI

Binəqədi rayon sakini Arzuman Mehdiyev üç ildir məhkəmə qərarının icrasını gözləyir. 2007-ci ildə Binəqədi məhkəməsinin ona torpaq sahəsinin ayrılmasına dair verdiyi qərar hələ də icra olunmayıb:

- Qərar çıxıb ki, bələdiyyə mənə torpaq ayırsın, 192 kvadratmetr. Hələ də ayrılmayıb.

- Məhkəmə icraçıları nə deyiblər sizə?

- Atırlar bələdiyyənin üstünə. Bələdiyyə də deyir torpaq yoxdur. Artıq yeni bələdiyyə də seçilib, yenə icra eləmirlər.

Binəqədi rayon icra şöbəsinin icra məmuru Süleyman Məmmədovsa deyir ki, əvvəla iş bütün məhkəmə instansiyalarından keçəndən sonra onlara gəlib çatıb. Dövlət Reyestr Xidmətindən onlara məktub gəlib ki, Binəqədi bələdiyyəsinin mülkiyyətində torpaq var. Hazırda işin həmin iki torpaq sahəsinə yönəldilməsi ilə əlaqədar məhkəməyə təqdimat verilib.

AVROPA MƏHKƏMƏSİNİN İCRA OLUNMAYAN QƏRARLARI

Məhkəmə qərarlarının icra olunmamasından Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlərin sayı ildən-ilə artır. Əvvəlki illərlə müqayisədə 5-10 dəfə artım var. Təkcə bu il Avropa Məhkəməsi bu cür şikayətlərə dair bir neçə qərar verib və ilin sonunacan onlarla belə qərar gözlənilir. Bunu vəkil Muxtar Mustafayev deyir. Vəkil əlavə edir ki, hətta Avropa Məhkəməsinin də icra olunmayan qərarları var:

- Sentyabrın 14-15-də Nazirlər Şurası Lətifə Əfəndiyeva ilə bağlı qərarın icra edilməməsini müzakirəyə götürəcək. Yalandan icra elədilər, sonra təzədən işdən çıxardılar. Bir də Nail Hümbətovun işilə bağlı. Torpaq sahəsini zəbt eləmişdirlər. Pul vəsaitlərini ödəyirlər, ancaq məsələn, Nail Hümbətova torpaq sahəsi verilmədi.

İcra olunmayan qərarlarla bağlı şikayətlər Avropa Məhkəməsinə göndərilir
Vəkil məhkəmə qərarlarının icrasıyla bağlı problemi qanunvericilikdəki boşluqlarla izah edir.

MAHIYYƏT DƏYİŞİRMİ?

Bəlkə də bu boşluqları nəzərə alaraq prezident İlham Əliyev bu il iyunun 18-də məhkəmə icraçıları, məhkəmə qərarlarının icrasına dair qanunlara dəyişikliklər edib. Dəyişikliklərə görə, məhkəmə icraçıları icra məmurları adlanır, onların səlahiyyətləri də artırılır. Məsələn, icra məmurları həm də növbəlilik əsasında məhkəmə nəzarətçiləri kimi fəaliyyət göstərəcəklər. Məhkəmə qərarlarının icrasına dair altı aydan bir prezidentə hesabat vermək də nəzərdə tutulur.

Vəkil Anar Qasımov deyir ki, bu dəyişikliklər mahiyyəti dəyişən deyil:

- Burda silah gəzdirmə hüququ daha qabarıq nəzərdə tutulub. Ancaq əvvəl də qanunda var idi ki, xüsusi hallarda silahdan istifadə edə bilərlər. Sadəcə indi xidməti silahla bağlı maddə xüsusi gözə çarpır. Ümumilikdə kosmetik xarakterli düzəlişlərdir. Mahiyyəti dəyişən düzəliş yoxdur.

RƏSMI STATİSTİKA


Ədliyyə Nazirliyi Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Xanlar Zeynalov bu ilin əvvəlində deyib ki, ötən il qurumun icraatında olan 100 minə yaxın icra sənədinin 85 faizi öz həllini tapıb.

Məhkəmə qərarlarının və digər icra sənədlərinin icrası ilə bağlı məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən 819 borclu şəxs inzibati məsuliyyətə cəlb edilib, 125-i barəsində cinayət işi başlanıb.

İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 81,14 faiz artaraq 38 milyon manatdan çox olub.

ARVAD ÖLDÜ, MƏHKƏMƏ QƏTNAMƏSİ İCRA OLUNMADI

Vəkil Muxtar Mustafayevsə deyir ki, Azərbaycanda əsas işlər icra olunmayanlardır:

- Məndə bir iş var idi, Aida Quliyeva, arvad öldü, məhkəmə qətnaməsi icra olunmadı.

Naftalanın keçmiş icra başçısıyla bağlı, sənədləri saxtalaşdırmışdı, heç onu da həbs etmədilər. Hələ işə Avropa Məhkəməsi baxmalıdır. Vəzifə başında olan vaxtı cəzalandırmaq lazımdır. Əli İnsanov kimi tutulandan sonra yox. Göstərsinlər ki, vəzifəli şəxs məhkəmə qərarının icra olunmaması səbəbindən həbsxanadadır. Yoxdur belə nümunə.

Muxtar Mustafayev deyir ki, Azərbaycanda icra olunmayan əsas məhkəmə qərarları yüksək çinli məmurlar, dövlət idarələrindən olan şikayətlərlə bağlıdır.

İCRA MƏMURU TƏKZİB EDİR

İcra məmuru Süleyman Məmmədovun fikrincə, onların səlahiyyətləri artırılandan sonra məhkəmə qərarları daha çevik icra olunacaq.

- 50-60 faiz daha keyfiyyətli icra olunacaq. İndi illik 85-90 faiz icra olunur. Pul məbləğləri ilə bağlı qərarlar çətin icra olunur, vətəndaşın pulu, işi yoxdur və s. Ancaq bunları da hissə-hissə, bir yolunu tapıb icra elətdiririk.

Süleyman Məmmədov vəzifəli, imkanlı şəxslərlə bağlı qərarların icra olunmaması barədə deyilənləri «fərziyyə» adlandırdı, praktikada belə bir hala rast gəlmədiyini dedi.

İcra məmuru Binəqədi sakini Arzuman Mehdiyevin məsələsinin bir-iki həftəyə həll olunacağını da bildirdi.

Arzuman Mehdiyev isə deyir ki, bu il mayın 21-də Avropa Məhkəməsinə müraciət göndəriblər.
XS
SM
MD
LG