Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18
Nənəm sonuncu dəfə anamın danışdığı əhvalata doyunca gülüb canını tapşırdı.

Gözlərində bu dünyanın son təbəssümünün işartısı qaldı. Anam yerindəcə qurumuşdu.

Nənəmin ömründə bəlkə də birinci dəfə eşitdiyi gülüşünü görüb sarsılmışdı, yoxsa bu ilk və son gülüşün onun ölümünə təsirindənmi, - yazıq qadın heç nə anlamamışdı.

Anam dərhal qışqırıb atamı çağırdı və atamın "Nə olub, nə qışqırırsan?" sualına dedi ki, arvad getdi.

Nənəm çox ciddi, ötkəm, qaradinməz olsa da, hələ uşaqlıqdan atam və anam məni ciddi tənbeh edib tapşırardılar ki, onu incitməyim, çünki hirslənəndə bizi də döyərdi.

Əmilərim danışardılar ki, indiyədək kənddə heç kim onu güləyən görməmişdi. Qoçaqlığına görə ona "Erkək Yetər" deyərdilər. Kişi işinə də, arvad işinə də özü gedərdi.

Nənəm bir xeyir işdən, birdə yas yerindən qalmazdı. Babamın müharibədən qara kağızı gələndən sonra xasiyyəti daha da ağırlaşmışdı, hətta qayınları da ondan çəkinərdi.

Əlli il kənddə müəllim işləmişdi, neçə uşağın qulağını dartmışdı, neçə uşağa iki yazmışdı, hətta dərsə gəlməyənlərin dalınca gedib onları zorla məktəbə də gətirmişdi. Onun dərsində milçək uçsa, eşidilərdi.

Kənd uşaqları ondan o qədər çəkinərdilər ki, xəstələnməyə də qorxardılar. Qışın şaxtasında analarını qapımıza göndərib dərsə gələ bilməyəcəklərini əvvəlcədən xəbər verərdilər.

Nəvələrini isə ərköyün böyütmüşdü, amma sözə baxmayanda cəzalandırmaqdan çəkinməzdi.

Kiçik əmimoğlunu bir dəfə necə kötəkləmişdisə, gəlin arvadın qarasınca danışmışdı. Bu, xüsusən, onu böyük vannada çimdirəndə baş verərdi.

Yaş bədənini sillələdikcə əmimoğlunun cır səsi bütün kəndi ayağa qaldırardı.

Anam isə ocağa çəkməmiş gəlin idi. Nənəmdən fərqli olaraq, hər şeyə çox zarafatyana yanaşırdı, lağlağını, deyib-gülməyi sevirdi.

Hərəyə bir ayama qoşardı. Kiminin yerişinə uyğun, kiminin danışığına, bəzilərinə isə düşdüyü hadisə ilə bağlı.

Nənəm həmişə ona acıqlanardı. "Gəlin özünü ağır aparar!" , -deyib onu məzəmmətləyərdı. Anam qulağının dibinə qədər qızarar, amma nənəm üzünü o yana çevirən kimi yenə də deyib gülməyinə davam edərdi.

Anam öz xasiyyətindən əl çəkməzdi, onu güldürmək üçün qonşu arvadlardan, şəhərdəki rəfiqələrindən eşitdiyi lətifələri bir yerə yazıb saxlayardı.

Anam kimisə bəzəyəndə, ya da söhbət əsnasında Molla Nəsrəddindən bir misal gətirmək istəyəndə də nənəm onun ağzından vurardı:

"Deyəsən, başınıza iş qəhətdir.

Boşlayın bu şit söhbətləri!" ,-deyərdi. Anam istədiyi bu dəfə də baş tutmadığından pərt olardı : "Ay arvad, bir üzün gülsün, dəryada gəmilərin batmayıb ki…" ,-deyərdi.

Anam başqa kənddən gəlin gəlmişdi. Nənəm ona "sarımsaq döyən"deyərdi. Niyə belə deyərdi bilmirəm, amma arabir bizi danlayanda da "sarımsaq döyənlərə çəkdiniz" deyib acıqlanardı.

Anam əsirdi. Nənəmin bu cür ölməsi onu bərk qorxutdu. İnana bilmirdi ki, ömrü boyu ifrat ciddiliyi ilə hamının çəkindiyi qadın adi bir zarafata bu qədər gülsün,elə oradaca canını tapşırsın.

Anam vicdan əzabı çəkirdimi,buna görə özünü günahkar bilirdimi?

Bunu bilmirdim,amma atam yamanca sarsılmışdı. Uşaq kimi anamın böyrünə qısılmışdı."Öldü, canını qurtardı yazıq arvad" ,-deyib nəmli gözlərilə anamın üzünə baxdı.

"Dünyanın işi belədir,hamının axırı oradır. Rəhmətlik istədiyi kimi yaşadı,namusla,əllərinin zəhmətilə balalarını böyütdü.

Oğul-qız, nəvə toyu gördü. Sən də ona yaxşı oğul oldun" və sonra: "Yeri, get" ,-dedi anam- gələnini - gedənini qarşıla."

Atam könülsüz əlini onun qolundan çəkdi, eşiyə çıxdı.

Eşidən-bilən, qohum-qardaş, yaxından -uzaqdan hamı bizim həyətə yığışdı.

Kəndin kişiləri atamın əllərini sıxır, bəziləri isə (görünür, çox yaxın olanlar) qucaqlayır, kürəyindən vurub təskinlik verirdi. Hər dəfə atamın yekə, güclü əlləri əsirdi, gözləri nəmlənirdi...

Nənəmi köhnə qəbiristanlıqda torpağa tapşırdıqdan sonra atam yavaş-yavaş toxtamışdı. Mollanı yola salandan sonra tut ağacının altında oturub gözlərini göyə dikmişdi. Biz onun yanına getməkdən çəkinirdik, sanki bu an onun sıxıntısını paylaşmaqdan qorxurduq.

Yasın zəhmi hamımızı əldən-ayaqdan salmışdı.

Hamı yatandan sonra nənəmin indi də ətri aydınca duyulan bu evə dərin, anlaşılmaz sakitlik çökmüşdü, bircə evin köhnə döşəməsi arabir cırıldayırdı.

Küləyin titrətdiyi quru budaqların xışıltısı və sakitlik qulaq deşirdi.

Qonşu otaqda isə atamın o üz bu üznə çevrilməsi, bütün günü o yana-bu yana qaçmış anamın xorultusu məni səhərə qədər yatmağa qoymadı.Səhərə yaxın yuxuya getdim.

Gecənin soyuqluğu yuxumda da iliyimə işləyirdi, sanki yuxuda da donurdum.

Nənəmin ağ sifəti qara nöqtələrin arasından boylanır, bir müddətdən sonra yox olurdu. Amma səsini aydınca qulaqlarımda eşidirdim...və nənəm gülürdü.

Səhər ölüm xəbərini indi eşidən bir-iki qohum-əqrəba bizim həyətə başsağlığı verməyə keçdi.

Amma onlar çox oturmadılar, biz yenə də baş-başa qaldıq. Gecə gördüyüm yuxunu atama danışmaq üçün imkan axtarırdım.

Gözləmədiyim halda, nənəm ölümündən sonra niyə mənim yuxuma girmişdi, üstəlik yuxuda gülürdü də. Yuxuda gülməyin yaxşı əlamət olmadığını bilirdim.

Narahatlığımı atamla bölüşmək istəyirdim. Elə bunu düşünürdüm ki, anam atamın yanında oturdu. Ona çay süzüb sakitcə əllərini çənəsində çarpazlaşdırdı.

Atamın gözləri yol çəkirdi. Elə təzəcə danışmaq istəyirdim ki, atam acıqla anama baxdı.

- Məgər sən bilmirsən ki, arvad sənin bu gic-gic, boş zarafatlarını sevmir?Arvadı son nəfəsində də güldürməyə çalışmısan. Axır istəyinə çatdınmı?
Anam heç bu sualı gözləmirdi:

- Boy, başıma xeyir.Sənin anan, ay kişi,öz əcəlindən öldü.

Vaxtı-vədəsi çatmışdı getdi. Mən niyə öldürürəm sənin ananı? Harda görülüb ki, gülməkdən adam ölə?

Anamı qəhər boğdu. Ərindən eşitdikləri ona pis təsir etmişdi.

-O dünyaya hazırlaşan da gülərmi heç? Vaxtı çatan adam da gülür?

- Əşşi,mən nə bilim, gülərmi ölü,gülməzmi? Ömrüboyu qulluğunda durduq,nə dedi, "baş üstə" dedik.

Atam söz güləşdirməyin mənasız olduğunu anlayıb susdu. Siqaret yandırdı, dərindən sümürüb sualedici nəzərlərlə anama baxdı. Baxışları bir anlıq anamın üzündə ilişib qaldı.Sonra isə :

- Yaxşı,o nə əhvalat idi elə?

Anam duruxdu. Bu sualı gözləmirdi. Həqiqətən də nənəm öləndən sonra ondan heç kim soruşmamışdı ki, belə ciddi, qaraqabaq arvadı son anda necə güldürə bilmişdi?

- Əşşi,nə fərqi var, bunun yeridimi indi? Əsas odur ki, arvad gülə-gülə getdi. Əvvəl-axır ölməyəcəkdimi? ,-deyib anam üzünü yana çevirdi.
Atamın israrlı baxışlarını görüb:

-Əşşi, köhnə qonşumuz Elşən yadındamı? Dələduzun biriydi? Bakıda yataqxanada qalan? Onun anasının başına açdığı oyunu danışdım.

Atam təəccübləndi. Gözlərini qıyıb anama baxdı. İnana bilməzdi ki, onun doğmaca anası neçə illərdən sonra hansısa kiçik əhvalata bu qədər gülə.

- Nə əhvalatdı elə? Danış biz də bilək, biz də gülək.

- Əhvalatdı da. Onu mənə sırağa gün Xeyransa xala nağıl eləmişdi. Dedim, arvada danışım, bəlkə kefi açıla. Mən haradan bilim ki…
Anam arxasını gətirə bilmədi.

Qəhərdən danışa bilmirdi. Atama acığı tutmuşdu. Axı, onun doğrudan da pis niyyəti olmamışdı.

Həm də anam inanmazdı ki, arvad bu əhvalata gülər, çünki indiyədək bundan da duzlu-məzəli əhvalatlar eşitmişdi. Anam isə sadəcə keçmişdən söhbət salıb nənəmin könlünü almaq istəmişdi.

Atam anamı suçlamasından deyəsən bir balaca peşman olmuşdu.

- Di yaxşı-yaxşı, sənə kim nə deyir? Qoca arvaddı da, bəlkə də, cavanlığı yadına düşüb gülüb? Əhvalatı danış görək, nədi o?

Anamın dodaqlarında hüznlü təbəssüm gəzdi, əvvəl atama, sonra isə o yan -bu yana baxdı, heç kimin eşitmədiyinə əmin olandan sonra asta səslə, könülsüz nağıl eləməyə başladı:

- Xeyransa xala mənə o gün danışırdı ki, bu Elşən cavanlıq vaxtı yaman hoqqabaz,itoynadan deyildimi? Ona -buna sataşardı.

Deyir, əziz bayram günlərinin birində kənddən arvadlar yığışıb pirə gedəsi olur. Elşənin öz anası da onların arasında.Yay vaxtı, hava da bürkü. Çöldə ilanlar mələyən vaxt nə məcburdu,deyən lazımdı.

Bu yerdə atam hövsələdən çıxdı:

-Ay arvad,serial danışmırsan ey, qısa elə, ürəyimizi üzmə.

- Gəlirəm də, elə ona gəlirəm.Hə, deyir ki, kəndin arvadları doluşublarmış birqapılı avtobusa pirə gedirlər.

Sən demə, bu Elşən ölmüş də gedib pirin mollasıyla əvvəlcədən danışıb,bilmirəm, nə yolla onu razı salıb ki, indi kənddən bir avtobus arvad gələcək, onlarla birbalaca zarafat eləyək.

Yaşlı arvadlardır,gəliblər pirə. Nə bilsinlər?

Anam əhvalatın bu hissəsini kəsib atama çay süzməyə getdi. Atam anamın arxasınca səsini yüksəldib əlavə elədi ki, deyəsən, rəhmətlik cijim də onlara qoşulmuşdu. Anam isə o biri otaqdan:

- Hə, pirə gedəndə axşamdan hazırlaşardı, -deyə əlavə etdi.

Atamı yenə fikir götürdü. Yalnız anam qaynar çayı qabağına qoyanda ayıldı. Anam isə davam elədi:

- Bu Elşən köpəyoğlunun öz anası da bu arvadların arasında olub axı.

Avtobusun içi də isti, göydən od yağır. Molla çıxır avtobusun qabağına,gələnləri salamlayır deyir ki, ay müsəlman bacılar, daha indiki ziyarətə gəlibsiniz,sizinlə açıq danışmaq istəyirəm.

Aradan uzun illər keçib. Hamımız üçün çətin günlər olub, həyatdır da hər şey ola bilər. Bir suçunuz varsa,haram iş tutubsunuzsa, tövbə eliyin.

Bura müqəddəs yerdir, ziyarətgahdır. Kimin keçmişdə mən deyən haqq-hesabı olubsa, yaxşı olar ki, heç avtobustan düşməsin.Əziz müsəlman bacılar,başa düşdünüz də yəqin…

Elə bu yerdə anam sözünə ara verib gülməyə başladı.

- Deyir, təsəvvür elə, arvadlar dəyib bir-birinə, hamı donub yerində qalıb.

Elşən də bu vaxt ağacın dalında gizlənib arvadların narahatlığına, təlaşına gülürmüş.

Bir az həyəcanlanan arvadlar yavaş-yavaş maşından düşürlər, bir neçə arvaddan savayı, o cümlədən Elşənin öz anası da ...düşmür.

Bu yerdə atam da güldü.

- Köpəkoğlunun tutduğu işə bax ha, (anam gülə-gülə davam edir) başqa arvadları lağa qoymaq istəyib, öz anasını utandırıb. Boyunu yerə soxum...

Atam:

-Amma sən də adamı lap o dünyaya göndərərsən ha... -dedi

Anam gülməyini saxlayıb heyrətdən donmuş, çaşqın nəzərlərini atama yönəltdi:

-Yenə başladın?,-dedi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG