Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:02
Avqustun 17-də AXCP və Müsavat liderləri – Əli Kərimli ilə İsa Qəmbər parlament seçkilərinə birgə getməklə bağlı danışıqların növbəti raundunda görüşüblər. Görüşdə tərəflər artıq 70 dairədə vahid namizəd məsələsini konkret razılaşıblar.

Danışıqların iştirakçılarından biri - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, görüşdə bir qədər də irəliləyiş əldə edilib. Siyasi ekspertləri isə hansısa irəliləyişlərin əldə edilməsindən daha çox AXCP-yə əməkdaşlığa tək qoşulmağı şərt qoyan Müsavat Partiyasının Demokratiya Uğrunda İttifaqın (DUİ) da namizədlərini unutmaq istəməməsidir.

Fuad Qəhrəmanlı deyir ki, onlar Müsavatla DUİ arasında bu əməkdaşlığı problemə çevirmək niyyətində deyillər və bu məsələdə ciddi problem də görmürlər:

BURADA CİDDİ BİR PROBLEM YOXDUR

«Müsavat Partiyasının DUİ-dən müdafiə edəcəyi namizədlər Müsavatın payına düşən kvotasına daxil olacaqlar. Ona görə də hesab edirəm ki, burada ciddi bir problem yoxdur. Bizim üçün indiki şəraitdə əsas məsələ ölkədə ictimai-siyasi mühiti dəyişmək və demokratiya uğrunda mübarizədə ictimaiyyəti səfərbər etməkdir. Bunun da yolu AXCP ilə Müsavatın birliyindən keçir».

Fuad Qəhrəmanlı deyir ki, Müsavat Partiyası ilə DUİ arasında 4-5 nəfər namizədlə bağlı anlaşma var. Bu onların öz arasında olan anlaşmadır və AXCP-Müsavat anlaşmasına təsir göstərən məsələ deyil. O hesab edir ki, vacib məsələ indiki halda seçki blokunun yaradılmasıdır və bu istiqamətdə də səylər göstərilir.

Arif Hacılı
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə isə, tərəflər arasında sonuncu görüş yaxın vaxtlarda razılaşdırılımış dairələrin sayının 80-ə çatacağını düşünməyə əsas verir. O ki qaldı DUİ-nin namizədləri məsələsinə, Arif Hacılı bu məsələnin hansısa mərhələdə Müsavat-AXCP anlaşmasına xələl gətirəcəyini düşünmür:

BU, PROSESİN GƏLƏCƏYİNƏ NİKBİN BAXMAĞA ƏSAS VERİR

«Təbii ki, AXCP-nin DUİ ilə eyni blokda olmaq istəməməsi müəyyən nüanslar yaradır. Ancaq Müsavat Partiyası ilə DUİ-nin müttəfiqlik münasibətlərinə AXCP-nin kifayət qədər loyal yanaşması prosesin gələcəyinə nikbin baxmağa əsas verir».

Ancaq AXCP-Müsavat birliyinə tərəflərin anlaşması mümkün olmayan dairələrdə gedəcək mübarizənin də xələl gətirə biləcəyini söyləyənlər var. Hər iki partiyanın rəhbərləri də etiraf edirlər ki, təxminən 5-6 dairədə vahid namizəd məsələsini həll etmək mümkün olmayacaq. Ona görə də həmin dairələrdə hərənin öz namizədi olacaq.

Buna baxmayaraq, həm Arif Hacılı, həm də Fuad Qəhrəmanlı hesab edir ki, həmin dairələrdə onların namizədləri bir-birinə qarşı təbliğat aparmayacaqlar. Yəni bunun baş verməməsi üçün bütün imkanlardan istifadə olunacaq.

Siyasi şərhçi Azər Rəşidoğlu isə düşünür ki, əslində seçkidən sonra bu iki partiyadan səslənəcək bəyanatlar bütün məsələlərə aydınlıq gətirəcək. Yəni bu birliyin alınmamasının günahının kimin üzərinə qoyulacağı indidən hazırlanır. Ona görə də ortaya tamamilə məntiqi suallar çıxır. Belə ki, əgər söhbət cırtdan partiyalardan imtinadan gedirdisə, Əli Əliyevin, Lalə Şövkətin rəhbərlik etdiyi partiyalar cırtdan partiyalar deyildi. Onlarla əməkdaşlıq mümkün deyildisə, KXCP və DUİ-yə daxil olan digər cırtdan partiyalarla əməkdaşlıq nə dərəcədə
Azər Rəşidoğlu
məntiqidir?

BİRLİK HAQQINDA DEYİLƏNLƏR SÖZDƏ QALACAQ

«Digər tərəfdən partiya sədrləri və müavinlərin namizədlikləri veriləcək dairələrdə razılaşma əldə olunmayıb. Bütün bunlar onu göstərir ki, həmin o birlik haqqında deyilənlər sözdə qalacaq. Düzdur, burada tək müxalifət günahkar deyil. Azərbaycanda çox sərt, avtoritar bir rejim hökm sürür və ölkə demokratiyasına dəstək vermək istəmir. Müxalifət maliyyə resurslarından məhrumdur, telekanallar, mətbuat onun üzünə qapalıdır, bu şəkildə ondan çox şey də gözləmək mümkün deyil. Ancaq buna baxmayaraq, müxalifət liderlərinin bəsit, primitiv taktiki gedişləri və strategiya qurması onu göstərir ki, bu seçkidə də böyük qələbəyə ümid bəsləmək olmayacaq və seçki sonrası günahı kiminsə üzərinə atmaq lazımdır».

Azər Rəşidoğlu hesab edir ki, bu, hakimiyyətin hazırladığı ssenaridir. Və uzun illərdir ki, ondan müxalifətə qarşı istifadə edir. Nəticədə seçkidən sonra məğlubiyyətə görə əsas günahkar, seçkiləri saxtalaşdıran hakimiyyəti ittiham etmək əvəzinə tərəflər bir-birini ittiham edir. Çox təəssüf ki, Azərbaycan insanı hələ də belə köhnəlmiş texnologiyalardan baş çıxara bilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG