Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Novruzəli Məmmədovun ölümündən bir il keçir…


Novruzəli Məmmədov
Novruzəli Məmmədov
- Azərbaycanda biz əzildik, əzablı günlər keçirdik. Oğlumu öldürdülər, ərimi öldürdülər. Mən bütün bunları bilirəm, savadlı adamam. Azərbaycanda qalıb 120 manat pensiya ilə necə dolana bilərdim?…

Düz bir il əvvəl Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edən «Talışı Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm xanım belə deyir.

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏSİ HOLLANDİYADAN SIĞINACAQ İSTƏYİR

Məryəm xanım və oğlu Emil indi Hollandiyaya köçmək niyyətindədirlər. Artıq bundan ötrü BMT-nin Qaçqınlar Şurasına da müraciət ediblər. Hal-hazırda isə onlar Rusiya Federasiyasının paytaxtı Moskvada yaşayırlar. Məryəm xanımın deməsinə görə, oğlu Emilin 3-cü dəfə əməliyyat olunmasını gözləyirlər. Emil Məmmədov ötən il Astaranın Ərçivan kəndindən - atasının 40 mərasimindən dönərkən avtomobil qəzasına düşüb:

- Əməliyyat vaxtı keçib. Burada da əməliyyat bahadır, 160 min rubl pul istəyirlər. Bu da hardasa 6 min dollar edir. Bilmirik nə edək? Burada BMT-nin Qaçqınlar Şurasına və başqa təşkilatlara müraciət etmişik.

Novruzəli Məmmədovun başqa bir oğlu Kamran Məmmədov isə vaxtsız həyatdan köçüb.

Məryəm Məmmədova
Məryəm xanım deyir ki, Novruzəli Məmmədovun həbsindən sonra tutulub buraxılan həmin oğlu da ailənin təzyiqlərlə üzləşməsinə dözməyərək ürək tutmasından vəfat edib. İndi həyat yoldaşının ildönümü günü Moskvada məscidə gedib, həm ərinə, həm də oğluna dualar oxutmaq fikrindədir.

NOVRUZƏLİ MƏMMƏDOVLA BAĞLI 4 İŞ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNDƏDİR

Artıq Novruzəli Məmmədovla bağlı 4 iş Avropa İnsan Hüquqları Məhkəməsindədir. Vəkil Ramiz Məmmədov deyir ki, həmin işlərdə 10-a yaxın pozuntu halından bəhs edilir. Söhbət orada Novruzəli Məmmədovun qanunsuz həbsindən, işgəncələrə məruz qalmasından, ədalətli mühakimə hüququnun pozulmasından, ayrı-seçkiliklə üzləşməsindən, ifadə azadlığının tapdalanmasından, şəxsi həyatına müdaxilədən və əlyazmalarının məhv edilməsindən gedir.

Vəkilin bildirməsinə görə, daha bir şikayət isə Ali Məhkəmədədir. Orada isə söhbət yaşamaq hüququnun pozulmasından gedir. Vəkil Ramiz Məmmədov deyir ki, Novruzəli Məmmədovun müalicə olunmasına ehtiyac olduğu halda cəzaçəkdiyi 15 saylı müəssisə bunu təmin etməyib. Halbuki, hələ ölümdən 5 ay əvvəl məhkəmənin çıxardığı hökmlə ona bu imkan yaradılmalıydı:

- Azərbaycanda heç bir adam nə ailəsinə, nə partiyasına, nə siyasi əqidəsinə, nə də mili mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalıdır…

Novruzəli Məmmədovun həyat yoldaşı və oğlu
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə müdafiə tərəfinin iddialarını əsassız sayırlar. Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mehman Sadıqov deyir ki, Novruzəli Məmmədov hələ həbs edilməzdən əvvəl bir sıra xəstəliklərdən əziyyət çəkib. Üstəlik, cəza çəkdiyi müəssisədə də bir neçə dəfə müayinə edilib:

- Onların demələri ki, Novruzəli Məmmədov vaxtında müalicə olunmayıb, bu düzgün deyil.

TALIŞ, RUS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ LÜĞƏTİN MÜƏLLİFİ


Novruzəli Məmmədov həbs edilməzdən əvvəl talış, rus və Azərbaycan dillərində lüğət hazırlayıb. İndi müdafiə tərəfi onun həbsində başlıca səbəbi bunda görürlər. Ancaq məhkəmədə Novruzəli Məmmədov dövlətə xəyanətdə - yəni İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb. Müdafiə tərəfi bildirir ki, Novruzəli Məmmədova həbs edilməzdən əvvəl hakimiyyətlə əməkdaşlığa dair təkliflər də gəlib.

Ancaq müdafiə tərəfinin iddiasına görə, Novruzəli Məmmədov bu əməkdaşlıqdan imtina etdiyindən sonradan əsassız ittihamlarla üz-üzə qalıb.
XS
SM
MD
LG