Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:02

Nonna Müzəffərova "Çəmrə" (Hekayə)


Pəncərədən çöldə dünənin leysanı yağır. Bu gün yağır, sabah yağacaq, birisigün də.

O səhər bazar günü deyildi. Akvariumda susmağa məhkum balıq üzürdü. Saatın zəngi təngə gətirir, küləyə sərilmiş mələfələr laqeyd-laqeyd ağarırdılar. Qolunu, adəti üzrə, şərf kimi çiyninə atıb uzanmış qadının albalı rəngli dırnaqları, tərs kimi, yanındakı kişinin üzündə dərin iz buraxmış lal-kar qüssənin rəngi ilə kəskin təzad yaradırdı... və qadın heç də yuxulamırdı... Sonraysa fincanın kölgəsi yeriməyə başladı. Qəhvə buğlanırdı. Kino səssiz, üz tüklü idi.

...Pərdələr yüngülcə yellənirdi. Qadın qaşıqla fincandakı qəhvəni ağır-ağır qarışdıraraq harasa baxırdı. Susurdular. Susmaq – sükutu deşən sözlərin yoxluğu demək deyil, həmişə belə olmur. Bu - çox vaxt fikirlərin sərbəstlikdən məhrum olması, onların cəsarətsizliyidir. Odur ki, kişi müti halda oturub hərdənbir ürəksiz-ürəksiz qadına baxır və susurdu. Heç nə də əzablı səhər yeməyinin sükutunu pozmurdu – qəhvə fincanını qarışdıran qaşığın yeknəsəq səsindən başqa. Qadın çayı alışmadığı, hələ də sevib-bəyənmədiyi içki ilə bu yaxınlarda əvəz etmişdi. Qət etmişdi ki, qəhvə tortusunun cızma-qarasında xilas, heç olmasa möhlət tapmaq olar. Bir azdan, hamı evi tərk edəndən sonra isə, o, uzun-uzadı və diqqətlə bu ləkələrə baxacaq, amma yenə də cavab tapmayacaq. O, özünə anlaşılmaz ləkələrdən başqa daha nələrsə də görməyi öyrədə bilməyəcək ki bilməyəcək. Silinməz ləkə... nə cür oldu ki, “insanın, quruda yaşayan onurğalıların və bəzi balıqların nəfəs orqanı” olan ağ ciyərinə düşdü?..

Əllərinin nazik barmaqları arasından ovulub toza dönən yem tökülürdü. Eynilə nə vaxtsa tökülən zaman kimi. Asanca. Maneə bilmədən... Arxasınca yalnız xoş bənzətmələri buraxaraq. Çimərlik qumu da bax beləcə, azacıq yaş ovuclara yapışır... Qadının boyalı, qulluq görmüş dırnaqları ümidsizliyin arabir onu tərk etməsindən xəbər verirdi, lakin bu inadcıl hal, yenə və yenə çağırılmamış qonaq kimi onun həyatına soxulurdu – hər dəfə, axırıncı dırnağını boyayıb birdən anlamağa başlayanda: “əslində heç bəzənməyə dəyməz də...” Amma olan oldu... Səhər yeməyindən həyəcanlanmış balıq dərinə cumdu.

Astaca cırıldayıb açılan qapının arasından iri gözlü, pırtlaşıq saçlı oğlan göründü – sanki buludların kip çəkilmiş qalın pərdələri arasından günəş boylandı və gil qablardakı dibçək çiçəkləri səksənən kimi oldular. Ötəri. Rəngli boyalara bulaşmış stəkana su doldurdu, qapını cırıldadıb çıxdı. Yenə də çəmrənin səsi gəldi. Yağışlı külək şırıltıyla damı, örtülməmiş pəncərələri vururdu.

Bu yaxınlardan bəri hər gün açarla bağlanan siyirtməsində onun sonra yaşanılacaq bütün ömrü yatır. Özlərini sanki yuxuymuş kimi yada salan unudulmuş görüşlər, fotoşəkillərdəki solğun sifətlər, xoş niyyətlərlə dolu gündəlik qeydləri və məktublar. İndi artıq onun əli hər gün qeyri-ixtiyari siyirtməyə uzanır, açır və oradan şəkli çıxarır. Rentgen şəklini. Elə bil hansısa yaramaz bir rəssam əli oraya bir ləkə salmaqla işi tamamlayıb.
Qadın işdə ikən kiçik fasilədən istifadə edib, yuxu dərmanının göstərişini diqqətlə öyrəndi, sanki həqiqətən dərdinin əlacını tapmışdı. Burada, xəstəxana divarlarının və yağış muncuqları ilə bəzənmiş açılı çətirlərin əhatəsində onun ən çox istədiyi şey zülmətdə gizlənmək idi. Qoy heç kim onun dəvətsiz gələn göz yaşlarını görməsin.

Ev sükuta büründü. Amma küləyi, leysanın dam boyu qaçışını sükut adlandırmaq olarmı görən? Gecəykən xüsusi bir qorxu gəldi. Oyanmaq. Dinşəmək. İki işıqlı pəncərəyə baxmaq. Onun pəncərələri isə artıq həmişə işıqlıdır. Həmişə bədirlənmiş ay var. Evdə sakitlikdir. Yalnız bu sakitlikdə narahat fikirlər əks-səda verir.

Qaşları çatılı yuxulayan kişinin üzü yorğundu, sınıxıb. Yalnız indi qadın gördü ki, sifətləri birlikdə qocalıb. Alnındakı qırışlar da bənzərdir, gözlərinin ətrafındakı xırda cizgilərə isə hələ lap bu yaxınlarda gülücüklər adı vermişdi. İndi onlar get-gedə daha az danışırlar. Elə-belə, təsadüfən bir-iki kəlmə kəsib uzaqlaşırlar... Yuxu dərmanı isə doğrudan da hər şeyi unutmağa kömək elədi – gecəylə gələn kabusları unutmağa və yuxulamağa.

Anasının unutqan dalğınlığından istifadə edən oğlan, gecədən qorxmayıb, oğrunca dolaba yaxınlaşdı və uğursuz şəkli götürə bildi. Qadın nahaq sanırdı ki, gözlərindəki köməksizliyi və qorxunu qıfıl altına qoymaq, ümidsizliyindən gizlətmək olar. Oğlan bayaqkı ehtiyatla da öz otağına qayıtdı. Lazımlı nə vardısa buradaydı. Kağız, yapışqan, boyalar. Ən əsası isə – qayçı.

Maşının fırçaları itaətlə qabaq şüşəni silirdilər. Yoldakı tıxacda kişi öz fikirlərini oxumağa cəhd etdi. Amma əbəs yerə – fikir halqacıqları zəncir yarada bilmir, yarı yolda qırılırdılar. Görünür, hər şeyin günahı mənfur yağışda idi. Səkidə çömbəlmiş qaraçı qadın əsmər barmaqları ilə təsbeh çevirirdi. Kişinin ağlından – “sanki kiminsə həyatıdır” fikri keçdi.

Əczaxananın girişində zınqırovlar cingildədi - kişi içəri daxil oldu. List vurğunu əczaçı yenə də dünənki kimi krossvord həll edirdi. Altı hərf. Kəskin çətinlik, iflas təhlükəsi. İçəri girmiş ziyarətçinin həddən artıq səliqəsiz görkəmi onu fikrindən yayınmağa məcbur etdi. Tüklü üz. Palçıq sıçrantılı ayaqqabılar. Qolsuz köynəyinin boz paxlavaları və əzilmiş paltosu. Boynuna doladığı, Fələstini andıran yaylıq və ustalıqla dərin yuxuya dalmaq kimi göstərilən oyunun şəhadəti olan şişmiş gözlər. Eynəyinin qalın şüşələri arxasından çox diqqətlə ona baxıb, əczaçı çox düşünmədən şiş biçilmiş karandaşla krossvordun gözünə böhran sözünü yazdı. Cavab-diaqnoz belə idi. Kişi müdhiş siyirtmədən çətinliklə tapıb tələsik üzünü köçürdüyü resepti cibindən çıxardı və onu dinməzcə “Unudulmuş valslar”ın pərəstişkarına uzatdı. Əczaçı kağız parçasına nəzər yetirib, müştəri ilə göz-gözə gəlməməyə çalışaraq, lazımi dərmanı tapdı, çek vurdu və eyni susqunluqla onu kişiyə uzatdı. Əczaçı bir xeyli onun arxasınca baxdı, sonra əynindən xalatı çıxartdı, musiqini və işığı söndürdü, lövhəciyin dal üzünü çevirib qapını arxasınca bağladı. Açarla.

Qadın isə, öz növbəsində, əczaxananın bağlı qapısıyla üz-üzə gəlməli oldu. Qapıdakı “Closed” yazısını görəndə onun ürəyinə nəsə damdı. Eyni zamanda axtarışı başqa yerdə davam etməmək fikri də gəldi. Nə qabağından çıxan pişik, nə sınıq güzgülər heç vaxt onun xurafata varmasına səbəb olmamışdı. Əvvəllər. Amma indi yox. İndi hətta zərərsiz bir “Closed” yazılı lövhəcik belə onun evə qayıtmasına səbəb olur.

Artıq evə isti dolmuşdu. Özü ilə həmişə yeni həyat ətri gətirən bahar, qapı-pəncərənin aralarından içəriyə girməkdə idi. Sanki evdə hər şeyin yeri dəyişdirilmişdi, amma həm də köhnə yerlərində idilər. Qadın otaqlara göz gəzdirdi – hər şey əvvəlki kimi idi. Amma yenə də öz otağına keçdi. Açarı itmiş siyirtməni çəkdi və... nə gördü... Qorxunc ləkənin yerində yapışqan iyi verən al-qırmızı ürək döyünürdü, yanında isə, bayaq əczaxanaya dalınca getdiyi, dərdinin süni əlacı var idi.

Pəncərədən çöldə dünənin leysanı yağırdı, damlarda gəzirdi, örtülməmiş pəncərələri vururdu, yanaqlardan süzülürdü...

(Нонна Музаффарова "Непогода"
Tərcümə: Mehman Musabəyli)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG