Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56
Mirmehdi AĞAOĞLU

“Azadlıq”radiosunun “Oxu zalı” rubrikası artıq bir müddətdir ki, “Yazıçının iş otağı” adlı silsilə videosüjetlər hazırlayır.

Bu videosüjetlərdə Rafiq Tağının, Əkrəm Əylislinin, Həmid Herisçinin, Pərvizin, Nərmin Kamalın iş otaqları verilib.

Yazıçının iş otağı necə olmalıdır? Əvvəlcə bir az bu haqda.

Əsgərlikdə olduğum kənddə arada hərbi işlər üçün tanıdığım bir xarratın emalatxanasına baş çəkməli olurdum.

Balaca xarrat emalatxanası idi. Emalatxanadan daima yonulmuş taxta qoxusu gəlirdi, döşəmədə, divara vurulmuş mıxçalarda, ləmədə, divar diblərində yarımçıq qalmış, hələ tamamlanmamış məmulatlar olardı.

Dəzgahın, motorların üstü, altı, suvaqsız divarın dəlmə-deşikləri, damın hörümçək torlu pərdiləri yonqar, talaşa olardı.

Xarratın da o emalatxanada çalışmayanda belə, ya kənd içində rastlaşdıqda, ya da bir şey üçün zastavamıza gələrkən saçlarının arasında, yun köynəyinin üstündə bir yerlərə ilişib qalmış taxta yonqarı nəzərə çarpardı.

Adını çoxdan unutduğum arıq, cılız, qalın eynəkli, kasıb xarratın emalatxanasına hər girəndə, insan zəhmətinə, onun yaratdığı xariqələrə heyran olmamaq olmurdu.

İnsanda bu sadə peşəyə qarşı dərin hörmət hissi baş qaldırırdı. Bunu adama emalatxananın aurası, enerjesi təlqin edirdi.

Yazıçılıq sanıldığı kimi konformist, ekzotik peşə deyil.

Yazıçılığın katiblikdən fərqi bir şeyin üzünü köçürmək yox, yeni bir şey yazmaqdır. O əziyyətli, ağır peşədir.

O qədər ağır peşədir ki, onun haqqında yarızarafat, yarıciddi belə bir məsəl də var: “Yazıçıya məşhurluq gəlməmiş babasil gələr”.

Deməli xarrat kimi yazıçının da emalatxanası olmalıdır.

Yazıçıya oxucu gözüylə baxanlar, onun yazdıqlarını evdə, işdə, yolda, avtobusda, metroda, qatarda, təyyarədə, uzanarkən, oturarkən, çömbələrkən, gəzərkən, biriylə söhbət edərkən, yemək yeyərkən, televizora baxarkən, musiqi dinlərkən, iş görərkən oxuyanlar elə bilirlər ki, yazıçı da onların oxuduqları hər yerdə, hər şəraitdə yaza bilər.

İkinci bir tərəfdən yazıçı daşyonan deyil ki, onun matoru, çəkici, iş paltarı və bir zənbil iş diləkləri olsun.

Yazıçının bir qələmi var, bir də kağızı. Elmi-texnoloji nailiyyətlər bir çox sahələrdə işimizi asanlaşdırdığı kimi yazıçılığa da öz tövhəsini verib; notbukunu vur qoltuğuna, harda istəsən get yaz. Çoxları bu cür düşünür.

Amma ilk baxışda belədir. Həqiqətdə isə ilk yazının sivri uclu kəsici alətlərlə ağır, sal daşlara yazıldığı qədim dövrdən ötən əsrin əvvəllərində kəşf olunmuş diyircəkli qələmlə kağıza yazıldığı günümüzə qədər heç bir şey dəyişməyib.

Yazıçı qədim dövrdə olduğu kimi yenə də yazarkən düşünür, xəyala dalır, təxəyyülünün dolanbac yollarında axtarışlar edir. O yazdığının iki qatı, dörd qatı qədər düşünür. “Səfillər”i yazarkən Viktor Hüqonun düşündüklərini kitab halına salmaq mümkün olsaydı, ən minimal halda belə “Səfillər” qalınlığında bir kitab alınardı.

Deməli yazıçılıq sanıldığı kimi təkcə qələm-kağızdan ibarət peşə deyil. Hər yerdə yazmaq söhbəti yoxdur!

Müəyyən mənada gəzərki sənətlərdən sayılan rəssamlıqda belə rəssam əsərə son ştrixlərini emalatxanasında vurur və demək olar ki, emalatxanası olmayan rəssam yoxdur.

Yazıçının işləməsi üçün iş otağı, emalatxanası olması vacib şərtdir.

O yazıçının evinin guşəsində yox, evin bir otağında da ola bilər, evdən kənarda da.

Qabriel Qarsia Markesin emalatxanası evində olub, Orhan Pamukun emalaxanası evindən kənarda yerləşir.

O hər gün səhər evindən çıxıb yeriyərək emalatxanasına gedir və bütün gününü, özünün dediyi kimi 10-12 saatını yazı masasını arxasında çalışaraq keçirir.

Yazıçıya yazı masasının qoyulduğu kiçik bir guşə yox, məhz emalatxana nə üçün lazımdır?

Yazıçını ətraf aləmdən, gündəlik qayğılardan, məişət problemlərindən ayırmaq üçün, onun cənnəti andıran o möcüzəli, rəngli, füsunkar, sehrli aləmə, iç dünyasına adaptə olması üçün vacibdir.

O bu aləmdə rahatdır, azaddır, təkcədir, ona mane ola biləcək, işindən, xəyalət dünyasından ayıracaq kimsə yoxdur.

Amma eyni zamanda o tək deyil; o sevdiyi yazıçıların kitabları, şəkilləri, heykəlləri, ruhları ilə birlikdədir. Yazıçı emalatxanasında ona əziz olan nəsnələrlə- suvenirlərlə, müxtəlif əşyalarla, müxtəlif fiqurlarla birlikdədir, bunlar ona nələrisə xatırladır.

Yazıçı fikrin bir yerində sıxışıb duruxduğunda kitab rəfində “Qorio ata”nı görməsilə inadcıl, iradəli Rastinyakı xatırlayır, sözlər yenidən muncuq kimi vərəqin üzərində düzülməyə başlayır.

Yazıçının iş otağı kitablarıyla, masasıyla, masanın, divanın üzərinə, küncdəki stulun, rəfin üzərinə səliqəsiz şəkildə atılmış vərəqləriylə, qeydləriylə, hər biri yarımçıq bıraxılıb pərakəndə şəkildə atılmış arası əlfəcinli kitablarıyla, masanın üzərindəki qələmdanıyla, yazılmasını gözləyən A4 formatlı bir yığın kağızlarıyla, üstünün tozunun alınması hər dəfə yaddan çıxan, notbuku, kompüteriylə, divar boyu yerdən tavanacan baş alıb gedən kitab rəflərinə düzülmüş kitablarıyla, divarda boş qalan sahələrdə asılmış rəsmləriylə, fotolarıyla rəflərin, masanın boş yerlətinə düzülmüş, hər birinin bir kitab xatirəsi olan müxtəlif əşyalarla, suvenirlərlə, otağın yerinə salınmış yıpranmış xalısıyla, masanın böyründə içi qaralanıb cırılmış, bükmələnmiş kağızlarla, mürəkkəbi qurtarmış qələmlərlə, oxunmuş qəzetlərlə dolu zibil qutusu ilə və hələ nə qədərini sadalamağı unutduğum əşyaları ilə emalatxanadır.

Yazıçı bu əsrarəngiz dünyanın qapısını açıb içəri daxil olduqda bütün problemlərini, məişət qayğılarını, iş-gücünü, doğmalarını-yaxınlarını, dostlarını-tanışlarını, hər kəsi və hər şeyi unudur; otaqdan sonuncu çıxışında əsərini yarımçıq buraxdığı, fəslindən, abzasından, cümləsindən, sözündən; fikrini yarımçıq buraxdığı hissəsindən ardını xatırlayır.

Muzeydə adam hansı hisslər keçirirsə, yazıçının otağında da oxşar hisslər keçirməlidir.

Hətta bu hisslər, otağın yaratdığı aura, havası o qədər “ağır” olmalıdır ki, ora daxil olan yad adamda masanın arxasına keçib yazmaq istəyi yaranmalıdır.

Bunları metafizikasız, idealizmə varmadan qeyd edirəm.

Çünki yazıçı otağına girərkən oranın xaotik harmoniyasına (dağınıq kağızlarda, hərəsi bir küncə atılmış kitablarda xüsusi bir harmoniya, ahəngdarlıq var) düşməmək, fantastik aləmə qapılmamaq mümkün deyil.

Uşaqlar evin bir küncündə, tutalım yemək masasının altında özlərinə oyuncaqlardan, stullardan, ədyallardan balaca evcik düzəldib burada özlərini “öz evlərində” hiss etdikləri kimi, yazıçı da emalatxanasında özünü “öz evi”ndəki kimi hiss etdir.

Yazıçının emalatxanası onun öz ədəbi dünyasına rahat daxil ola bilməsi üçün katalizator rolu oynayır.

Gələlim “Oxu zalı” rubrikasının hazırladığı videosujetlərə.
Azərbaycanda yazıçıların kasıb zümrə olması, az qisminin evinin əy yaxşı halda 3 otaqdan ibarət olması, çoxlarının kirayədə yaşaması kimi bir həqiqətin yanından ürək yanğısıyla, hirslə, qəzəblə keçib Əkrəm Əylislinin iş otağı haqqında danışaq. Nərmin Kamalın iş otağı hələ tam formalaşmaya, dənizə açılan bir balkondan ibarət ola bilər, axı illərin yazıçısı olan Əkrəm Əylislinin də iş otağı öz yazı masası ilə birlikdə yazıçı otağından çox, Mənzil-İstismar İdarələrində kəhrəba rəngli masalarının arxasında katiblərin əyləşdiyi qəbul otağına bənzəyir.

Videosujetlərdəki digər yazıçıların otağı isə daha çox yazmaq üçün münasib guşəyə bənzəyirdi.

Bu viedosüjetlərə baxandan sonra “google”-un şəkil bölməsində “yazıçı otağı” axtarışı verin. Fərqi anında görəcəksiniz.

Artıq şərhə ehtiyac qalmayacaq. Bu şəkillərdə, haqqında danışdığımız videosüjetlərdə olduğu kimi evin bir guşəsi yazıçının emalatxanası deyil, bütöv bir otaq mənzərəyə açılan pəncərəsiylə, kompüteri, ağız-bağız kitablarla doldurulmuş rəfləriylə, kağızları, qələmləriylə və daha nələri, nələri ilə yazıçı emalatxanasıdır.

Yeri gəlmişkən qeyd edim ki, “google”-da etdiyim axtarışlar zamanı fantastika yazarlarının emalatxanaları daha maraqlı, daha qeyri-adi, daha əsrarəngiz gəldi mənə.

Sanki fantastika yazarlarının yazdıqları əsərlərlə emalatxanaları arasında bir oxşarlıq var.

Dünyanın axarını dəyişdirən, yönləndirən, olduğundan daha gözəl olmağa səsləyən, insanların təfəkkürünü, dilini, dünyagörüşünü formalaşdıran, insan haqqında müfəssəl biliklər verən bu gözəlim peşə növü bu qədər bəsit, sadədirmi ki, onun işinin aparılması üçün kiçicik bir emalatxanaya belə ehtiyac olmasın?

Yazıçının gözünün nurunu verdiyi, illərlə yazdığı, yazarkən əzab çəkdiyi kitab xarratın düzəltdiyi stuldan çoxmu dəyərsizdir?

Məncə cavab bəllidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG