Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01
60 yaşı tamam olan yazıçı Rafiq Tağı ilə Elmin Həsənli söhbətləşib.

- Rafiq bəy, 60 yaşında özünüzü necə hiss edirsiniz?


- 60 yaşımı bir sirr kimi nə qədər gizlətdimsə, alınmadı. “5 avqust”umu bilən beş-üç adamdan biri Rasim Qaraca idi ki, ondan bu tarixi aləmə yaymamağı xahiş etmişdim.

Sözümü yerə salıb, “Adyazar.az” saytında bu təbriki “həyata keçirdi”.

Yəni “mənim yubileyim” əslində Rasim Qaracanın günahıdır. Bunu eşidib də, Nərmin Kamal qutlama mesajı göndərdi.

O zaman aldı görək mən: “Nərmin xanım, kitabınızın çıxmasını gözləyirəm: bax, belə uğura təbrik düşür. Yoxsa dananın, camışın, hətta broyler fabrikində toyuqların da ad günü var.

Yubileylər bir sərçənin ad günü qədər əhəmiyyətsizdir”.

Doğrudan da, bizdə yubileylərə hədsiz meyl patoloji haldır.

Mamaçalar istəsə, uşağı bir gün əvvəl də doğuzdurar və belə çıxır, gələcək tarıx indidən dəyişdirilmiş olar.

Yubiley şöhrətin vacib komponenti deyil.

Qoy gülmək üçün deyim ki, ad günümü ilk təbrik edən Mail.ru kampaniyası oldu. Sözlərin altında da bir dənə gül şəkli.

Düzdü, bu, qloballaşma üslubunda mexaniki təbrik idi, ancaq mənə quldarın öz qullarını təbrikindən daha səmimi görsəndi.

- Qloballaşma barəsində fikirləriniz maraqlı olardı.

- İnternet məkanı qloballaşmanın bir görüntüsüdür.

Təbiətdəki kataklizmlər, “müharibə” və “inqilab” adlı ictimai-siyasi təbəddülatlar - bəşəriyyətin bütün bu faciələri qloballaşmanı vacib edir. Təbii fəlakətlərdə insanlığın həmrəyliyi də qloballaşma təzahürü kimi ortaya çıxır.

Qloballaşma insanlığı milli komplekslərdən xilas etmiş olardı.

Qloballaşmada diktatorlara yer qalmaz. İndiyəcən milli komplekslər insanlığın inkişafında əyləc funksiyası daşıyıb. Bəzi millətlərin özünü yüksəltməsi, o necədir, ari sayması ən gülünc işlərdəndir.

Milli mütəkəbbirlik əsassızdır. Ümumiyyətlə, arilik, başqa toplumların haqqını tapdalayan, milli quldurluq psixolojisidir.

Mən deyirəm: qlobal dəyərlər milli dəyərlərdən üstün və səmərəlidir.

Qloballıq özlüyündə yüksək əxlaqı ehtiva edir. İnsan haqları, azadlıq, demokratiya, həmrəylik - bunlar əslində siyasi yox, əxlaqi dəyərlərdir.

- Ətrafınızdakı yazarların əksəriyyəti gənclərdir. Bu sizə müsbət təsir edirmi?

- Bahar insana necə təsir edirsə, o cür. Onlarla birlikdə olanda, ən azı öz gəncliyimi unutmuram.

Həm də onlarla, artıq bığı da ağarıb görünməz olmuş Rafiq Tağı yox ki - elə gənc Rafiq oturub-durur.

Gənclərdə mən formalaşma prosesini izləyir və xoşlayıram.

Kasıb bir oğlan, artıq iki roman ortaya qoymuş gənc yazar Əsəd Qaraqaplanın cidd-cəhdlə öz ədəbi taleyini qurmağını gördükcə, gözlərim dolur. Qan Turalının, Elnur Astanbəylinin yazılarına, özüm yazıbmışam kimi, sevinirəm.

Mənim kimi cibində siçanlar oynaşan bu gənclər elə mənim kimi də ancaq sözdən-yaradıcılıqdan xoşbəxt olurlar.

Nümunələr çoxdur.

Rafiq Tağı və Samir Sədaqətoğlu məhkəmədə. 1 mart 2007
- İndi bizdə çox müzakirə olunan məsələlərdən biri ziyalılarımızın ictimai mövqeyidir. Sizcə yazıçının ictimai mövqeyi necə olmalıdır?


- “Ziyalı” məfhumunun özündə böyük yanlışlıqlar var.

Bizdə rüşvətlə institut qurtarana da ziyalı deyirlər. Bəşəriyyətə elmi töhfə verməmiş akademiklərimiz də ziyalı sayılır. Azərbaycanımızda qaranlıqdan ibarət elə ziyalılar var ki, içinə qara pişik atsan, tapılmaz.

Yazıçının ictimai mövqeyi, məsələn, Dostoyevskinin “Yazıçının gündəlikləri” tipində üzə çıxmalıdır, həyətindəki zibillikdən “İç xəbər”ə şikayətlənən arvadın fikri şəklində yox.

Yazıçı detallardan yox, ümumidən danışmalıdır. Böyükdən yapışmalıdır, kiçikdən yox.

Yazıçı diktaturadan yazmalıdır, əzazil kontor rəisindən yox. Yazıçı şərin ləğvi yollarını aramalıdır; konkret rüşvətxorların islahına onun ömrü çatmaz.

Ancaq deyirik, deyirik, hələlik xeyri yox. Amma olacaq.

- Sartr deyirdi: ekzistensializm humanizmdir. Bəs, sizcə ədəbiyyat humanizmdirmi?

- Ədəbiyyat bəşəriyyətin ona ehtiyacından doğulub. Əlbəttə, ilkində humanistik məram güdülüb, faydalılıq əmsalı göz önündə olub.

Ancaq bəşəriyyət özü sonradan ədəbiyyata praqmatikcəsinə yanaşmanın absurd olduğunu anladı.

Ədəbiyyatın funksiyası təkcə humanizmi çözməkdən ibarət deyil. Ədəbiyyat Allahı da çözür, Şeytanı da.

Əksinə, ədəbiyyatda bəzən Şeytan hədsiz maraqlı görünür. Tutalım, detektiv ədəbiyyat başdan-başa Şeytana həsr olunmuş kimi üzə çıxır, yaxud elə onun təsviri deməkdir.

Fyodor Dostoyevski büsbütün İblisin təfsirindən ibarətdir.

- Həbsiniz şərin təzahürü idi, yoxsa həlim xasiyyətli bir doktor-yazıçının təsadüfü?

- Həbsim şərin təzahürü idi. Şər əvvəl dindən şədd elədi, sonra siyasətdən. Boğuldum qaldım.

Cəmiyyət də ildırım sürəti ilə şoka düşdü. “Avropa və biz” bizdə demokratiyanın hələ iməkləmə dövründə olduğunu sübut etdi.

Boynumuzun damarları şişə-şişə bağırdığımız “Azad söz!” şüarı yüngülcə bir hərəkətlə kənara itələnmiş oldu.

Hətta demokratiya üzrə demaqoq Pənah Hüseyn də mənə nifrin yağdırdı.

Mikloş Haraşti azad sözün fundamental insan hüquqları sırasında olduğunu bəyan edəndən sonra, elə san, qızğın başların üstünə soyuq su əndərdilər. Hamı sanki ayılmış kimi oldu.

Mən yazılarımda divin ayağına batmış ağacı çəkib çıxaran nağıl qəhrəmanına bənzəyirəm.

Nağılda əvvəl ağrıdan nərilti qopur, amma dincələndən sonra div o ağacı çıxaranı axtarıb tapır, ona yaxşılıqlar edir.

Cəmiyyət də əsl yazıçıya qarşı həmişə əvvəl nərildəyir, dişini qıcayır, tez ələ keçirib onu parçalamağa can atır. Təşəkkür-ehtiram dövrü adətən yazıçının ölümündən sonraya düşür. Ümidim bunadır.

- Axı, həmişə belə deyil. Yazıçıya adlar da verilir, yubileylər də keçirilir...

- Həqiqətlərdən qısıla-qısıla yan keçənlər yazıçı deyil, güzəran aşiqləridir.

Hə, mən elə adamlara “yazıçı” yox, yumşaq tərzdə “yazıçılıq texnologiyasını bilənlər”, sərt formada isə “padşah zurnaçıları” adı verirəm.

Siz də başqa nə desəniz yeri var: camışın tənində gögeyin, ay nə bilim, tarlada qanqal, cəmiyyətin bədənində solitra. Şər qulluqçularına, yalan sənətkarlarına nə ad versən, tutacaq.

Avtoritar rejimlərdə o bədbəxtlər hətta övladlarını Prezidentin əliylə işə düzəldir və bunun idbar bir şey olduğunu anlamadan xoşbəxt olurlar.

Məğmun yazıçılar xoşbəxt ölürlər.

- Çox adama maraqlıdır, niyə ancaq hekayə?

- Niyə ki: həm şeir, həm esse, həm portret yazıları və məqalələr. Həm də “ancaq hekayə”. Müsahibələrim də mənim əsərlərimdir.

Lakin düz tutubsunuz, hamıya qabarıq görsənəni hekayələrimdir. Sadəcə, hekayə janrı mənim həyatımın ritminə uyğundur.

Həkimliyindən ayrılmayan yazıçılarda həmişə belə olur. Çexovda da belə idi. Amma qraf Tolstoyda həyatın ritmi hekayədən çox romana uyğun gəlirdi.

Hekayələrimin yaranışı qazandığım çörəklə sinxronluq təşkil edir. Rep kimi bir şey.

Həm də axı, janr nisbi əhəmiyyət kəsb edir. Xalqlar da öz folklorunda kiçik janrlara üstünlük verir. Bizdə elə bayatılar var ki, ondakı bir misra bütöv bir romandan siqlətlidir.

- Azadlıq nədir? Söz azadlığı üçün söz lazımdır, yoxsa azadlıq?

- Azadlıq insanın özünü reallaşdırması imkanıdır. Azadlıqda yalnız cinayətlərə yasaq var.

İnsanlarımız azadlıq acıdırlarsa da, heç kəs onun uğrunda barmağını barmağına vurmaq istəmir. Biz azadlığın qızıl sinidə hüzurumuza gətirilməsini gözləyənlərik.

Xalqlar içində birinci olmaq şərəfi bizi düşündürmür. Xalqın böyüklüyü sayla ölçülməz. Dostoyevski nə deyirdi: həqiqi böyük xalq heç vaxt ikincili rolla razılaşmaz.

Siyasi azadlıqlar vacibdən vacibdir, amma azad söz bunsuz da, hətta totalitar rejimlərdə də yarana bilər.

Bir iş var ki, siyasi azadlıqlar yazıçı və oxucunu Ezop dili əzablarından xilas etmiş olardı. Əslində Ezop dili ədəbiyyatda məcburi və süni gözəllikdir.

Ezop dili yazıçı üçün artıq və lüzumsuz əməkdir.
Barı sivilizasiyanın bu həddində, Mahmud Əhmədinejadın öncəgörməsinə inansaq, Mehdi Sahib-əz-Zamanın İranda zühuru ərəfəsində, yazıçı və oxucunun bir-biri ilə asanca anlaşması gərək.

(müsahibə ixrisarla verilir)

“Azadlıq” qəzeti,
17 avqust 2010-cu il

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG