Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

«Müharibə başlasa, Rusiya Ermənistanı müdafiə edəcək»


Rusiya Ermənistanda S-300 raketdən müdafiə kompleksləri yerləşdirib.

Rusiya Ermənistanda S-300 raketdən müdafiə kompleksləri yerləşdirib.

"Ermənistan və Rusiya arasında yeni hərbi sazişin imzalanması Yerevanın xarici siyasətinə təsir edəcək". Bunu erməni ekspert Sergey Minasyan deyir.

O, sazişdən sonra rus bazasının Ermənistanın təhlükəsizliyinin təmin edilməsində daha geniş səlahiyyətlər alacağını Yerevan üçün müsbət hadisə adlandırıb.

Minasyanın fikrincə, hərbi əməkdaşlıq haqda 1995-ci il sazişinə indiki əlavələrin mənası odur ki, Qarabağda hərbi əməlyyatlar bərpa olunarsa, Rusiya Ermənistanı müdafiə edəcək.

“Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu təkcə Qarabağda yox, həm də Ermənistan-Azərbaycan sərhədində gedəcək. Və bu halda Rusiyanın Ermənistanı müdafiə etməsi mümkündür”.

Amma politoloq onu da deyir ki,

RUSİYANIN BU TƏMİNATININ "HAQQI DA VAR”

Onun sözlərinə görə, bu, Ermənistanın çox vektorlu siyasət yürütmək imkanlarını daraldır.

Avqustun 19-da Ermənistana rəsmi səfərlə Rusiya prezidenti Medvedev gəlir. Gözlənilir ki, rus hərbi bazasının səlahiyyətlərinin genişləndirilməsi haqda saziş onun səfəri zamanı imzalanacaq.

Əlavələrə görə, rus bazasının Ermənistanda qalma müddəti daha 25 il - 2044-cü ilə qədər uzadılır.

Bundan başqa rus bazası Ermənistanda olduğu müddətdə Rusiya Federasiyasının maraqlarınn qorumaqdan əlavə həm də Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edəcək.

Politoloq rus bazasının belə geniş səlahiyyətlər alacağı halda Ermənstanın daxili işlərinə qarışacağı ilə bağlı narahatlıqları bölüşmür.

Minasyan düşünür ki, əgər Rusiya Ermənistana təzyiq etmək istəsəydi, bunu daha effektiv rıçaqlar vasitəsilə edərdi, məsələn, iqtisadi rıçaqlara əl atardı, yaxud

AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏRDİ

Əgər Ermənistanda bəzi siyasi qüvvələrin və politoloqların narahatlığı Ermənistanın suverenliyi ilə bağlıdırsa, Azərbaycanda insanları daha çox Ermənistan-Rusiya hərbi əməkdaşlığının genişlənməsinin Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyi maraqlandırır.

Hazırda sülh danışıqları yenə dalana dirənib. Azərbaycan ATƏT-in Minsk qrupunun təklif etdiyi son nizamlanma paketini – Madrid prinsiplərinin yeni variantını qəbul edib, Ermənistan tərəfi isə bu təklifə reaksiya vermir.

Azərbaycan prezidenti isə bildirib ki, sülh danışıqlarının uğursuzluğa düçar olması Azərbaycanı digər vasitələrə əl atmağa məcbur edə bilər.

Azərbaycanlı politoloq Ərəstun Oruclu deyir ki, Azərbaycan axır illərdə öz hərbi potensialını gücləndirsə də, Yerevanla Moskva arasında imzalanması gözlənilən yeni hərbi əməkdaşlıq sazişi Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpa edilməsini müşkülə çevirə bilər.

"Bu saziş bağlanarsa, Azərbaycan işğal olunmuş torpaqlarını güc yoluyla qaytarmaq haqda

GƏRƏK AZI 50 İL DÜŞÜNMƏSİN


Çünki Rusiya Qərbdən fərqli olaraq iqtisadi baxımdan cəlbedici olmadığını anlayır və regionda öz maraqlarını yeritmək üçün yenə də silah faktoruna istinad edir".

Ərəstun Oruclu deyir ki, Rusiyanın Ermənistanla bağlamaq istədiyi yeni saziş həm də Azərbaycana təzyiqdir ki, o, strateji seçim etsin, NATO-dan üz döndərib Ermənistan kimi Rusiyameylli siyasət yürütsün.

Ərəstun Oruclu
Politoloq prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərbaycan və Rusiyanın gələcək strateji müttəfiqliyi haqda səsləndirdiyi son fikirləri misal çəkərək Kremlin bu istəyinə çatmağa yaxın olduğunu bildirib.

O ki qaldı Azərbaycan rəsmilərinə, onların Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın dərinləşməsindən ciddi narahatlıq büruzə verməsi müşahidə edilmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov Medvedevin Ermənistana səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi haqda yeni sazişin bağlanacağı ilə bağlı yayılan məlumatları "ehtimal" adlandırıb və bildirib ki, səfər baş tutmamış bu tip ehtimallara münasibət bildirmək istəmir.

Şərhləri göstər

XS
SM
MD
LG