Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01
Uzun sürən araşdırmadan sonra beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» belə qənaətə gəlib ki, bu ilin iyununda etnik özbəklərə qarşı baş vermiş zorakılıqlarda Qırğızıstan hökumətinin də rolu olub.

Apardığı araşdırmanın nəticəsi olaraq «Human Rights Watch» hesabat yayıb. Bu hesabat «Ədalət haradadır? Qırğızıstanın cənubunda etniklərarası zorakılıq və nəticələri» adlanır.

Hesabat bir neçə həftə davam edən araşdırmaların və həmin zorakılığın şahidi və qurbanı olmuş 200-dən artıq qırğız və özbəyin, ayrı-ayrı hüquqşünasların, insan haqları fəallarının, hökumət rəsmilərinin, hüquq-mühafizə orqanlarının ifadələri əsasında hazırlanıb.

Bundan başqa, «Human Rights Watch» araşdırmasında peykdən çəkilmiş şəkillər, fotoşəkillər, videosənədlər və məhkəmə sübutlarını da nəzərə alıb. Təşkilatın fövqəladə hallar üzrə tədqiqatçısı Ole Solvang hesabatın müəlliflərindən biridir. O deyir ki, hökumətin xüsusi xidmət orqanları həmin problemin həllinin yox, problemin özünün iştirakçısı olub. Bununla belə, o ümid edir ki, Qırğızıstan hökuməti həmin hadisələrin istintaqını aparanda hesabatın nəticələrini nəzərə alacaq:

ƏGƏR İSTİNTAQ OBYEKTİV GETSƏ…


«Biz ümid edirik ki, həm beynəlxalq tədqiqat, həm də hökumətin yaratdığı milli komissiya istintaqı obyektiv aparacaq. Əgər istintaq obyektiv getsə, onlar da bizim gəldiyimiz nəticələrə gəlib çıxacaqlar».

Qırğızıstanda zorakılıq ölkənin cənubundakı Oş şəhərində başlamışdı. Bir qrup etnik özbək özbəklərlə qırğızlar arasındakı toqquşmalara
İyunun 11-dən 14-nə qədər özbəklərin yaşadığı məhəllələrə çoxlu hücumlar olub
cavab olaraq mərkəzdə toplaşıb gecə vaxtı qırğızları hədəf almışdılar. Bu da regionda bir növ barıt effekti yaratmışdı. Bunun ardınca müxtəlif rayonlardan, ətraf kəndlərdən minlərlə qırğız Oşa axın etmişdi.

İyunun 11-dən 14-nə qədər özbəklərin yaşadığı məhəllələrə çoxlu hücumlar olub. Özbəklərin yaşadığı evlər, iş yerləri yandırılıb, dağıdılıb, bəziləri isə tamamilə yerlə-yeksan edilib. Təxminən 400 nəfər (ancaq bu rəqəmin daha çox olduğu düşünülür) həlak olub. Özbəklərə böyük ziyan dəyib. Onların ölkədən qaçıb canlarını qurtarmaq istəmələri regionda humanitar böhran yaradıb.

«Human Rights Watch» hesabatında bəzi şahidlərin ifadələrinə əsaslanaraq bildirir ki, özbəklərin özünü müdafiə üçün qurduğu barrikadaları hərbi maşınlarda olan hərbi geyimli şəxslər dağıdırmışlar. Ardınca da onlara kütlə hücum edirmiş.

Hesabatda deyilir ki, Qırğızıstan hökuməti etiraf edib ki, silahlı qüvvələrin hərbi maşınları bəzən yerli başıpozuq qırğızlar tərəfindən ələ keçirilibmiş.

Ole Solvang deyir ki, onlar Bişkek hökumətinin hərtərəfli və qərəzsiz təhqiqat aparmağa qadir olduğuna inanır. Ancaq hökumət hələ ki, bu iradəni nümayiş etdirmir:

İŞGƏNCƏ HALLARI GENİŞ YAYILIB


«Çoxlu sayda özbaşına həbslər həyata keçirilib. Müvəqqəti saxlama yerlərində olan şəxslərlə çox pis davranılıb, işgənə halları geniş yayılıb. Həmin şəxslərin istintaqı obyektiv və qərəzsiz aparmaları haqqında bizdə çox ciddi suallar və narahatlıqlar yaranır».

Həbs edilmiş 243 nəfərdən yalnız 29-u qırğız, 213-ü isə özbəkdir
Təşkilatın tədqiqatçısı Anna Neistat isə deyir ki, iki etnik qrup arasında gərginlik və inamsızlıq hələ qalmaqdadır.

Hesabatda deyilir ki, obyektiv araşdırma aparılması ilə bağlı hökumət üzvləri arasında ciddi problem var. Baxmayaraq ki, Roza Otunbayeva obyektiv araşdırma aparılacağına təminat verib.

HƏBS EDİLMİŞ 243 NƏFƏRDƏN YALNIZ 29-U QIRĞIZDIR

«Human Rights Watch» təşkilatının hesabatına görə, saxlanılanlardan azı 60 nəfərinə işgəncə verilməsi haqqında faktlar daxil olub. Onlardan ən azı bir nəfəri işgəncə nəticəsində ölüb.

Baş prokurorluq son açıqlamasında bildirib ki, həbs edilmiş 243 nəfərdən yalnız 29-u qırğız, 213-ü isə özbəkdir.

Ole Solvang isə bildirir ki, Oş şəhərində özbək məhəllələrindəki dağıntıların miqyasını nəzərə alsaq, tutulanların çox az bir hissəsinin qırğız olması bizdə böyük narahatlıq doğurur.

«Human Rights Watch» ATƏT-i Qırğızıstanda özünün polis qrupu yerləşdirmək qərarını həyata keçirməyi sürətləndirməyə, BMT-ni isə istintaqı beynəlxalq nəzarət altında saxlamağa çağırıb.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG