Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:15

«Bütün Gürcüstan yanğın söndürür»


Son illər Gürcüstanda baş verən yanğınlar daha çox Abastumani və Borjomi meşələrinə ziyan vurub. 2005-ci ildə Abastumanidə 500 hektar meşə massivi məhv olub. Avqust müharibəsi zamanı yaranan yanğınları isə Gürcüstan hökuməti - «ekoloji soyqırımı» adlandırır.

Ekoloji sistemi pozulan və sürüşmələrlə üz-üzə qalan Borjomi əhalisi iddia edir ki, 2008-ci il yanğınlarından sonra Borjomi dərəsində iqlim xeyli dəyişib.

Yanğınsöndürənlər bildirirlər ki, 2008-ci ilin ekoloji soyqırımından sonra avadanlıqları yenilənib. Son məlumatlara görə, iyulun 31-də Borjomi meşəsində baş verən yanğın lokallaşdırılıb, amma Açkursk meşəsində hələ də yeni yanğın ocaqları yaranır.

Yanğınlar nədən yaranır, meşələri necə qoruyurlar, yanğının qarşısını almaq və nəticələrini aradan qaldırmaq üçün strategiya varmı?

BÜTÜN GÜRCÜSTAN YANĞIN SÖNDÜRÜR
Yanğınsöndürmə xidmətinin sürücüsü Qiorqi Teliaşvili deyir ki, güclü yağış olmadan işləmək çətindir.

Avqustun 10-da Açkursk meşəsində yeni yanğın ocaqlarının yaranmasından sonra bu işə yanğınsöndürənlərlə yanaşı, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı əsgərləri və vertolyotları da cəlb olunub.

Yanğınsöndürmə xidmətinin sürücüsü Qiorqi Teliaşvili deyir ki, yanğının söndürülməsinə bütün Gürcüstan qoşulub, ancaq güclü yağış olmadan işləmək çətindir. Çünki alov əsasən sıldırım yamaclardakı ağaclara yayılır.

«Axalçixinin yanğınsöndürənləri bütün qüvvələrini sərf edir, xüsusilə ona görə ki, bura bizim ərazidir. Saqareco, Telavi, Xulo gəncləri də bizə köməklik edir, bütün Gürcüstan buradadır. Su uzaqdadır, çox uzaqda, suyu daşımaq üçün vaxt lazımdır, alov isə irəliləyir. Traktorlar da işləyir, ancaq təbii fəlakətə güclü yağış lazımdır ki, insanlar nəfəs alıb, meşəni xilas edə bilsinlər».

Meşə yanğınları bütün ölkələrdə baş verir, ancaq onların qarşısını almaq üçün müəyyən tədbirlər görülür.

MEŞƏLƏRİN KƏSİLMƏSİNƏ NƏZARƏT YOXDUR

«Yaşıl Alternativ» təşkilatının Biomüxtəliflik proqramının koordinatoru İrakli Maçaraşvili hesab edir ki, sıravi vətəndaşların diqqətsizliyi bir yana, yanğınların
meydana gəlməsi meşələrin kəsilməsinə nəzarətin olmaması ilə əlaqədardır:

«İllərdir meşələrdə təsərrüfat işləri yanlış aparılıb, ağacların kəsilməsinə nəzarət olmayıb, bunlar da yanğının yaranmasına səbəb olur. Toxunulmamış, yaxşı mühafizə olunmuş meşələrdə alov gec yayılır. Pis idarəçilik aparılan Çaqveri meşələrində təxminən min hektar meşə ərazisi yanıb».

Merab Maçavariani
Yuxarıda qeyd olunan səbəblərə daha bir neçəsini BMT-nin meşələrdə ekoloji sistemin bərpası layihəsinin rəhbəri Merab Maçavariani əlavə edir. O hesab edir ki, təxminən 25 hektar meşə massivinin məhv olması dolayısilə qanunvericilik baza və pis idarəçiliyin nəticəsidir.

Merab Maçavariani 2004-cü ildən bəri aparılan meşə islahatlarını tənqid edir:

«Nə istədiyimiz haqda rəsmi sənəd yoxdur. Amma 2004-cü ildə hökumət qarşısında meşələrin özəl sahibkarlara verilməsi məsələsi qalxdı, bundan sonra təcili lisenziyaları vermək qərara alındı. Onda hökumət meşələri inventarlaşdırma prosesini dayandırdı. Bunu Dünya Bankı maliyyələşdirirdi. Sonra daha uzağa getdilər və belə desək, meşə islahatına başlandı, köhnə kadrlardan imtina olundu, yeniləri qəbul edildi. Ştatlar ixtisara düşdü. Hazırda ştatda olanların heç 10 faizinin meşə təhsili yoxdur. Bu izsiz ötüşə bilməzdi. Deməzdim ki, yanğınlar bütün bunlarla bağlıdır, amma tədricən hər şey buna doğru gedir».

ELEKTRİKDAŞIYICILARI BAHALAŞIB, AĞACLARIN KƏSİLMƏSİ QAÇILMAZ OLUB


Ətraf mühit və təbii sərvətlər nazirliyinin meşə agentliyində meşələrin bərpası və müdafiəsi xidmətinin rəhbəri Natiya İordanişvili deyir ki, yanğının şiddətləndiyi ərazilərdə ağacların kəsilməsi sadəcə ona görə mümkünsüz olub ki, onlar əlçatmaz yerlərdə bitiblər. Yanğınsöndürənlər üçün də yanğını söndürmək çətinlik törədir, köməyə vertolyotlar çatır.

Natiya İordanişvili son illər ərzində meşələrin kəsilməsinin qaçılmaz olduğunu deyir.

«Son illər ölkəmizdə baş verənlər hamıya məlumdur: enerjidaşıyıcıları bahalaşıb, elektrik enerjisi və qaz yoxdur. Bütün bunlar Gürcüstan meşələrinə böyük zərbə vurdu. Bu gün meşələrin qırılması səviyyəsi azalıb».

Avqustun 1-dən qüvvəyə minən yeni dəyişikliklərə görə, meşə departamentinin varisi kimi meşə agentliyinin büdcəsi artırılıb. Natiya İordanişvilinin fikrincə bu dəyişiklik meşə mühafizəçilərinin sayının artırılmasını təmin edəcək.

HÖKUMƏT MEŞƏNİ QORUYACAQ
Ətraf mühit və təbii sərvətlər nazirliyinin meşə agentliyində meşələrin bərpası və müdafiəsi xidmətinin rəhbəri Natiya İordanişvili


«Meşə departamentinin büdcəsi çox kasıb idi, ştat bölgüsü də buna uyğun idi, hər meşə mühafizəçisinə 4 hektar meşə ərazisi düşürdü. Meşələrin mühafizəsi ilə əlaqədar tədbirlər baha başa gəldiyindən nadir hallarda keçirilirdi. Hökumət yeni kadrları cəlb etməklə meşə agentliyi yaratmağa qərar verib. Onlar adekvat olaraq meşə mühafizəsini təmin edəcək və müxtəlif tədbirlər keçirəcəklər».

2008-ci ildə Borjomi meşəsində yanğının söndürülməsində türkiyəli yanğınsöndürənlər də iştirak edib.

Natiya İordanişvili hesab edir ki, əgər hərarət azalmasa, yağış olmasa və külək zəifləməsə yanğınların qarşısını almaq çətinləşəcək. Hökumət bu dəfə də yanğını söndürmək üçün qonşu dövlətlərdən yardım istəmək məcburiyyətində qala bilər.
XS
SM
MD
LG