Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

AzalBankın özəlləşdirilməsi ilə bağlı deputat sorğusu


Nazim Məmmədov
Nazim Məmmədov
«Mən AzalBankın özəlləşdirilməsi ilə bağlı sorğu göndərə bilərəm».

Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında deputat Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, bu özəlləşmə prosesində qəbahətli heç nə yoxdur. İlk öncə konsernə yaxın adamlar bu prosesdən xəbərdar olduqları üçün bu fürsətdən yararlanıblar.

«Ola bilər ki, orada hər hansı bir məlumat sızıb. Və informasiyaya daha yaxın olan insanlar bu fürsətdən yararlanıb. Burda qəbahət bir şey yoxdur. Bu kommersiya prinsiplərinə zidd deyil».

DEPUTAT QANUN POZUNTUSUNA İNANMIR

Nazim Məmmədov AzalBankın özəlləşdirilməsi və onun SilkwayBank adlandırılması, onun səhmlərinin prezidentin qızı və AZAL Dövlət Konserninin xanımı tərəfindən alınması proseslərində hər hansı qanun pozuntusuna yol verilməsinə inanmır. Bu şübhələrə son qoymaq üçün isə o, sorğu göndərmək qərarına gəlib.

«Mən sorğu göndərə bilərəm və maraqlanaram ki, nə baş verib».

Anar Xanbəyli
«Turan» Xəbər Agentliyinin maliyyə eksperti Anar Xanbəyli isə deyib ki, bu, AZAL rəhbərliyinin səriştəsizliyinin nümunəsidir.

«Belə çıxır ki, dövlət konserninin rəhbəri Cahangir Əsgərov bu konserni düzgün idarə edə bilmir, zərərlə işləyir, nəticədə ötürür bunu yoldaşına. Yoldaşı ondan daha yaxşı sahibkar çıxır. Bu, daha mənfəətlə işləməyə başlayacaq».

Anar Xanbəyli belə məsələlərin ortaya çıxmasında Azərbaycan cəmiyyətinin passivliyini də qeyd edib.

AZƏRBAYCAN ÖLKƏ DEYİL, BİZNESDİR

«Bizdə bu işlə məşğul olacaq iqtidardan olan vəkillər, hüquq-maarif cəmiyyətləri, qeyri-hökumət təşkilatları Azərbaycan xalqının marağından çıxış edərək bunu məhkəmələrdə mübahisələndirə bilərlər. O ki qaldı qohumluq əlaqələrinə, burda problem hansısa bir məmurun dövlət əmlakının özəlləşdirilməsi üçün qohumluq əlaqələrindən istifadəsindən deyil, burda söhbət ondan gedir ki, bu gün Azərbaycan hakimiyyəti, hakimiyyətdə təmsil olunan insanlar nəinki özləri birləşiblər, həm də onların ailə üzvləri birləşərək Azərbaycandakı bütün biznesi ələ keçirirlər. Azərbaycanı bir ölkə kimi deyil, biznes kimi qəbul edirlər».

Məhəmməd Talıblı
İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyib ki, ümumiyyətlə hakimiyyətdə olan şəxslər ölkənin iqtisadi tərəflərini də ələ keçirmək uğrunda mübarizə aparırlar.

CİDDİ DÖVLƏT RƏHBƏRİ ETİRAF ETMƏLİDİR

«Ölkənin siyasi iradəçiliyində olan şəxslər daha çox ölkənin iqtisadi resurslarına nəzarəti ələ keçirmək üçün birmənalı çalışırlar və bunda israrlıdırlar. Bununla bağlı ictimai rəydə onların əleyhinə olan informasiyalardan ehtiyatlanmırlar. Bu, onu göstərir ki, siyasi institutlarla biznes qarşılıqlı əlaqədədir. Bunların siyasi liberalizmi nə qədər çətindirsə, iqtisadiyyat üzərində də monopoliya imkanları bir o qədər də güclüdür. Ölkə prezidenti prezidentliyə namizəd olarkən gəlirlərin deklarasiyası tərtib olunurdu. Orda prezident qeyd edirdi ki, o 214 kvadratmetrlik evdə yaşayır. İndi artıq məlum olur ki, onun övladları fondlarda neçə milyonluq səhmlərə sahibdir. Mənə elə gəlir ki, ciddi dövlət rəhbəri bununla bağlı ictimai rəydə mövcud olanlar dezinformasiyadırsa, buna aydınlıq gətirməlidirsə, informasiya dəqiqdirsə, bunu etiraf etməlidir. Çox təəssüf ki, prezident tərəfindən ictimai qınağa səbəb olan narazılığa aydınlıq gətirmək təşəbbüsü hiss olunmur».

XS
SM
MD
LG