Keçid linkləri

Təcili xəbərlər

Siyasi mətbəxin yeri


Müxalifət düşərgəsində siyasi intriqa şüarları xalqı narahat edən məsələləri üstələyir
Müxalifət düşərgəsində siyasi intriqa şüarları xalqı narahat edən məsələləri üstələyir
Deyirlər, kolbasanın hazırlanması prosesi xoşagəlməz bir şeydir və gözə görünməsə yaxşıdır. Eyni fikri bəzən siyasi proseslərin mətbəxi haqqında da demək olar.

Hətta inkişaf etmiş demokratik ölkələrdə belə daxili siyasətin əsas oyunçuları arasında əldə edilən razılaşmalar, qarşılıqlı güzəştlər və çəkişmələr qapalı qapılar arxasında saxlanılır.

Arabir siyasi skandallar mediaya yayılsa da (belə olanda isə cəmiyyətdə hər zaman iri siyasi kataklizmlər yaşanır), siyasətin açıq olan üzü əsasən camaatı maraqlandıran ideyaların savaş meydanı olur.

Kimlərsə cəmiyyətin inkişafını bir istiqamətdə görür, digərləri isə tamam əks istiqamətdə. Kimlərsə cəmiyyət üçün önəmli prioritetləri bir cür görür, digərləri isə başqa cür.

Əhali də bu savaşan ideyaların içindən özünə yaxın saydığı məsələləri seçir və o səbəbdən bu və ya digər siyasi qüvvəni dəstəkləyir.

Deyilən sistemə, məsələn, Amerikada ciddi qaydada əməl edirlər. Buna nail olmaq üçünsə siyasətdə «mesaj nəzarəti» («message contol») deyilən bir anlayış var. Hər bir siyasi qüvvə öz üzvlərinə və ya təşkilatı təmsil edən namizədlərə nəzarət edir ki, onların verdikləri açıqlamalar həmin siyasi qüvvənin əhaliyə çatdırmaq istədiyi mesajdan başqa bir şey olmasın.

Azərbaycanda bunun tam tərsidir. Siyasi arenada əhalini maraqlandıran məsələlər – işıq, qaz, su, korrupsiya, qanunsuzluq, iqtisadi vəziyyət və s. bu kimi məsələlər ancaq fon kimi müzakirə olunur. Siyasi mətbəx söhbətləri isə ön plandadır.

Birləşmə prosesinin də öz məntiqi var
İqtidar partiyasının beynəlxalq hesabatlardakı reputasiyasını nəzərə alsaq, onların niyə ön plana xalqı narahat edən məsələləri çıxarmadıqlarını başa düşmək olar. Bir də axı, onların məqsədləri də mövcud reallıqları dəyişmək yox, olanları qoruyub saxlamaqdır.

Demokratik müxalifət düşərgəsində isə siyasi intriqa şüarlarının xalqı narahat edən məsələləri üstələməsi təəccüb doğurur. Filan siyasi partiyanın üzvü şok açıqlama verdi; digər partiyanın rəsmisi buna sərt təpki göstərdi; birləşirlər; ayrılırlar; istəyirlər üçlü birləşələr; digəri istəyir ikili olsun; üçüncü tərəf açıqlama verir ki, mənsiz heç nə alınmayacaq; iki tərəfdən biri yenə də üçüncü tərəfə xatırladır ki, o, heç kimə lazım deyil; həmin üçüncü tərəf yerdə qalan iki tərəfdən birinə deyir ya mən, ya o; həmin hədənin isə nə dediyi düz-əməlli anlaşılmır; ittihamlar, atmacalar və daha nələr.

Yəni aydın deyil ki, kənardan bu proseslərə seyrçi kimi baxan xalq bunu görəndə nə düşünəcək? 17 ildir bu çəkişmələr davam edir və davam etdikcə də bu davanın heç bir iştirakçısı digərinə qalib gələ bilmir. Qarşılıqlı gözdənsalma prosesi gedir, vəssalam.

Bu ilin aprelində müxalifətin uğursuzluq zəncirinin qırılacağına ümid yarandı. Müxalif partiyalar diqqətlərini iqtidara qarşı yönəldib, ondan hesabat tələb edirdilər.

Maraqlıdır ki, təşkilatı cəhətdən birləşməsələr də, AXCP və Müsavat bir mövqedən çıxış edən kimi görünürdülər.

Bundan sonra isə bu partiyaların birləşməsi ideyası yenidən gündəmə gəldi. Birləşmə prosesinin də öz məntiqi var. Burada mübahisələr də olacaq, çəkişmələr də, intriqalar da.

Amma bütün bu proses gərək elə mətbuatda, ictimaiyyətin gözü qarşısında baş versin? Məncə, bu halda «kolbasa sexi» effekti baş verə, «mən öz aralarında dil tapa bilməyən müxalifətə inanmıram» deyənlərin sayını artıra bilər.
XS
SM
MD
LG