Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:24

"Oxucu məni ümumiyyətlə, maraqlandırmır”


Bak Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə söhbət

ÜNVAN ÖZÜMƏM

- Folknerin belə bir sözü var: “Yazıçılıq pis peşədir, ancaq mən bu pis peşə ilə uzun llərdir ki, məşğul oluram".

Neçə-neçə kitabları çapdan çıxan Kamal Abdulla üçün yazıçılıq nədir: pis, yoxsa yaxşı peşə? Ya bəlkə hobbi, vərdiş və ya qəlbin tələbatı?

- Mənim üçün demək çətindir ki, ədəbiyyat necə peşədir. Ədəbiyyat mənim üçün o cür peşədir ki, onsuz həyatımı təsəvvür edə bilmirəm.

Əlbəttə, ədəbiyyatla məşğul olmağımın mənim üçün müsbət təsiri olduğu kimi, eyni zamanda, onun mənfi təsirini də hiss eləməmiş deyiləm.

Demək çətindir ki, bu, harada başlayıb, harada bitir. Hər ikisi bir-birinə qaynayıb-qarışmış şəkildədir.

- Ədəbiyyat haqqında müxtəlif fikirlər söylənilir: ədəbiyyat obrazlı düşüncədir; ədəbiyyat söz sənətidir; ədəbiyyat hakim siniflər əlində silahdır və s. deyənlər var.

Ədəbiyyata bir sirr, bir möcüzə kimi baxanlar da var. Sizcə, ədəbiyyatda, sənətdə yaşarılığın sirri nədədir?


- Bunu söyləmək çox çətindir. Əgər bu sirrin bir resepti olsaydı, hamı onun əsasında ədəbi fəaliyyətini qurardı.

Bunun bir neçə şərti ola bilər. Ilk növbədə yazıçı səmimi olmalıdır.

Insanlar arasında səmimi hisslər mövcud ola bildiyi kimi, səninlə dəftərin və qələminlə sənin də aranda səmimi münasibət qurmaq mümkündür.

Olmayanda isə görünür, həmin əsərin uzunömürlüyünə xələl gəlir. Onlarla belə səbəb göstərmək olar.

- Bir çox qələm əhli özləri haqda deyir ki, “bizim yaradıcılığımız elitardır”.

Nə deməkdir elitar ədəbiyyat? Bu müəyyən bir zümrə üçünmü nəzərdə tutulur? Məgər ədəbiyyat kütləyə ünvanlanmalı deyilmi?


- Kimin bu cür fikir söylədiyini bilmirəm. Məndə ünvan olmur. Ünvan əslində mənim özüməm. Mən özüm üçün yazıram.

Oxuyuram, çapa qədər düzəlişlər edirəm və bundan xüsusi zövq alıram. Amma elitar anlamını başa düşə bilmirəm. Əlbəttə, ədəbiyyat onun üçündür ki, onu nə qədər çox adam oxusa o sənin üçün məqbul sayıla bilər.

Sən də çalışırsan ki, oxunasan, seviləsən, səni təkrar oxusunlar, “əsər mənim sevimli əsərimdir” desinlər. Sevimli əsər o deməkdir ki, sən onu dönə-dönə oxuyursan. Sirr budur.

Sən bilirsən ki, “Ustad və Marqarita” əsərindəki Ustad dəlixanaya düşəcək. Sən bilirsən ki, “Kamança” əsərində erməni kamançaçalanını azad edib buraxacaqlar - yenə oxuyursan.

Nəyə görə? Nə üçün? Demək ədəbiyyat yalnız informasiyadan ibarət deyil. Informasiyadan da əlavə insana nəyisə ötürür.

Adam özü də bilmir ki, o, nədir. Insan yemək kimi nəyisə qəbul edəndə fərqinə varmır ki, bunda gizlənən vitaminin hansı əzamıza nə kimi xeyri olacaq.

Eləcə də ədəbiyyatı oxuyanda bilmirik ki, onun içərisindəki hansı hiss, hansı duyğu beynimizin və ya qəlbimizin hansı hüceyrəsinə faydalıdır.

SÖZ SƏNƏTİ ÖLƏ BİLMƏZ

- Folknerin belə bir sözü də var: “Mən ədəbiyyatda poeziyanı birinci, roman janrını axırıncı yerə qoyardım.

Romanda hər cür cəfəngiyyata yol vermək olur, poeziyada isə yox” Siz bu subyektiv fikirdə sıralamanı dəyişərdiniz?


- Əslində Folknerin sıralaması dünya ədəbiyyatı tarixində janrların sıralanmasının güzgüsüdür. Dünya ədəbiyyatı poeziya ilə başlayıb. Sonra başqa janrlar meydana çıxıb. Mənim də fikrimcə, sonda romandır.

Roman janrı çox mürəkkəb aləmdir. Bu janr özündə həm poeziyanı, həm dramı, həm kiçik-böyük şeiri ehtiva edir. Mürəkkəbliyinə görə, təbii ki, sonda qoyula bilər.

Ancaq şeirdə də cəfəngiyat yazmaq olar. Baxır kim nə yazır. Baxır kim onun əndazəsini hara endirir. Üç misralıq bir şeirdə də çox cəfəng şeylər yazmaq olar, romanda da.

- Hansısa yazıçılardan biri müsahibəsində “Bütün sözlər deyilib, yazılıb, bütün mövzular müxtəlif rakurslardan işlənib.

Indiki şair və yazıçılara təkrar emal olunmuş sözlərdən fikir söyləmək qalıb”- deyə bildirib. Bu fikir nə qədər doğrudur?


- Əlbəttə ki, bütün sözlər deyilib. Dünyada deyilməyən söz yoxdur. Ancaq sözlərin kombinasiyalarının hamısı deyilməyib.

Sözlərin bir-biri ilə müxtəlif kombinasiyası sonsuz çoxluqdur. Bunlar təbii ki, sona qədər deyilməyib.

- Müasir yazıçının vəzifəsi nədən ibarətdir?

- (yarızarafat) Işə getməkdən, dincəlməkdən, evdə oturmaqdan, uşaq böyütməkdən, nəvə ilə oynamaqdan, dərs deməkdən, mütaliə etməkdən, yorulmaqdan...

Kamal Abdulla və Eldar Namazov Azadlıq Radiosunun studiyasında
Insanın boynuna düşən nə vəzifə varsa ondan ibarətdir. Heç bir yazıçı cəmiyyətə diqtə və ya ünsiyyət formasında yazmır.

Heç bir yazıçı yazanda düşünmür ki, mən cəmiyyətdə olan hansısa bir problemi həll edəcəyəm və yaxud filan xəstəliyi sağaldacağam. Onu ağrıdan bir şey varsa yazır.

Başqa cür yazılanlar bu gün ədəbiyyat tarixində heç cür özünü göstərə bilmir.

- Siz vaxtilə Azərbaycan televiziyasında Ana dilimizlə bağlı ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olmusunuz.

Bu gün dilimizin təhrif olunması, ona yad çalarların qoşulması ilə bağlı nə deyərsiniz?


- Dil əgər işlənirsə, o haradasa təhrif olunmalıdır. Təhrifsiz keçinmək mümkün deyil. Hamı çalışsa ki, dəqiq-düzğün Azərbaycan dilində sona qədər danışsın, o dil inkişaf eləməz. Dilin inkişafı təhriflərdən başlayır.

Ola bilər ki, o təhrif kimi də qalsın. O da ola bilər ki, o təhrif dilin inkişafında yeni bir addım kimi qiymətləndirilsin və hamımız o təhrifi dilin yeniliyi kimi qəbul edək.

Hər hansı ədəbi və ya canlı danışıq dili işləndikcə cürbəcür hallara uğraya bilir.

Dilin təhrif edilməsi ifadəsi ilə isə mən razılaşa bilmirəm. Ayrı-ayrı adamların nitqi doğru və düzgün olmaya bilər.

Dediyiniz mənada təhrif isə əslində dilin inkişafını şərtləndirən amildir.

MƏNİ MARAQLANDIRMIR Kİ, MƏNDƏN NƏ GÖZLƏYİRLƏR

- Çağdaş yazıçılar, xüsusən gənclər həyəcan təbili çalırlar: ədəbiyyatımız ölür. Söz sənəti ölə bilərmi?

- Onlar sadəcə diqqəti özlərinə yönəltməyə çalışırlar.

Söz sənəti ölə bilməz. Yeni əsərlər yazılır, oxunur, onlar haqqında fikir söylənilir, onların müzakirəsi keçirilir.

Bakıda kitab mağazaları get-gedə çoxalır, Həmin mağazaya girənlərin sayı artır, kitaba maraq yavaş-yavaş öz əvvəlki mənzərəsini almağa başlayır. Bütün bunlar onu göstərir ki, söz və ədəbiyyat ölə bilməz.

Bilirsinizmi hər dövrdə bu cür fikirləşiblər. Hər bir dövrdə “bizdən əvvəlki daha yaxşı bir dövr olub” kimi bir anlayış var.

Bəlkə Füzuli və Nizami dövründə də deyiblər ki, ədəbiyyat ölür. Bəlkə lap 20-ci əsrin əvvəlində də, sovet dövründə də bu cür fikirlər ola bilər və bunları təbii başa düşmək lazımdır.

Görünür o fikri söyləyənlər ədəbiyyat və ədəbiyyatla məşğul olan adamlardan daha çox nəyisə gözləyirlər.

-Siz özünüzə: “məndən nəyi gözləyirlər”- deyə sual verəndə, necə cavab verirsiniz?

- Mən özümə bu sualı vermirəm. Məni maraqlandırmır ki, məndən nə gözləyirlər.

Oxucu məni ümumiyyətlə, maraqlandırmır. Mən bunu bir dəfə demişdim, bir daha deyirəm: mənim rəyinə inandığım 3-5 nəfər adam var. Onların fikri mənim üçün kifayətdir.

Ondan sonra kim bəyənər, kim bəyənməz mənlik deyil. Mən oxucunu düşünsəm, çalışacağam ona uyğunlaşım.

Ancaq bu qədər insana, hər birinin daxili aləmi olanlara uyğunlaşa bilərəm? Ona görə yalnız özümə uyğunlaşa bilərəm.

Əgər öz daxilimlə, təsəvvürümlə, beyinimlə kiməsə maraqlıyamsa o məni axtarmalıdır.

TƏNQİD VƏ TƏHQİR

- Tənqidə necə, dözümlüsünüz?

- Çox dözümlüyəm. Bir əsərim haqqında 100-dən artıq tənqidi fikirlər yazılıb.

Söyənlər də, öyənlər də var. Ağzına gələnləri və ağlına gələnləri də yazanlar var. Deyə bilərlər ki, Kamal müəllim bəzən hövsələsizlik nümayiş etdirir. Əlbəttə, etdirirəm.

Nə zaman ki, tənqid yox, təhqiredici elementlər özünü göstərməyə başlayır, ona qarşı mən heç zaman neytral qala bilmərəm.

- O zaman hansı tədbirləri görürsünüz?

- Onda müəyyən ölçülər götürməyə çalışıram. Izah etməyə, anlatmağa, başa salmağa çalışmıram.

Bunun başqa üsulları, yolları var. Adamı o hala gətirirəm ki, öz fikirlərindən əl çəkir, ya üzr istəyir, ya fikrini ümumiyyətlə gizlədir.

Çünki başqa cür mümkün deyil. Başqa cür edənlər həmin qaragruhun onların üstünə bir qədər də böyük şövqlə şığıdığının şahidi olurlar.

Mən tənqid yazanların heç birinə demədim ki, niyə yazırsan? Yaz ki, əsər zəifdir və ya ümumiyyətlə, bu əsər deyil. Sən tarix qarşısında sözlərinə özün cavab verəcəksən.

O zaman ki, təhqirə keçirsən, demək bu, şəxsi mğnasibətdən qaynaqlanır.

- Siz özünüz kimin əsərlərini oxuyursunuz?

- Sözün açığı, axır zamanlar təkrar oxumaqdan daha çox zövq alıram. “Don Kixot”u, “Ustad və Marqarita”nı, Cəlil Məmmədquluzadə, Əbdğrrəhimbəy Haqverdiyevin əsərlərini, müasir yazıçılardan Anar, Əkrəm Əylisli, dünya ədəbiyyatından Folkner və b. yazıçıların əsərlərini oxuyuram.

Böyük ənənələri olan rus ədəbiyyatını izləməyə çalışıram.

- Əsərləriniz müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub. Həmin əsərlərin səhnə həllindən həmişə razı qalmısınız?

- Təbii ki yox. Hər halda zəhmət çəkilir və mən ona öz münasibətimi bildirməyə çalışıram.

Teatr var ki, onun obyektiv cəhətdən potensialı arzuedilən şəkildə deyil. Amma hər halda hansısa bir dram əsərinə müraciət edirsə, mən ona minnətdarlığımı bildirə bilərəm.

HƏYATIN VƏ ÖLÜMÜN SİRRİ

- “Mənim bütün kədərim" kitabınızda pyeslərinizin qəhrəmanları varlığın mənasını, ölümün sirrini anlamağa, həyati məsələləri canlandırmağa çalışırlar.

Sizin bu suallara cavablarınız qəhrəmanlarınızın cavabları ilə təxminən üst-üstə düşür?


- Buna cavab vermək asan deyil. Mən sadəcə olaraq, onun tərəfdarıyam ki, insan təkcə həyatının axırında yox - özünü anlayan zamandan axirət barədə düşünməlidir. Axirət dünyasında ona veriləcək suallara uyğun olaraq da öz həyatını qurmalıdır.

Əgər biz Allaha inanırıqsa, deməli, o dünya bizim üçün var. Ölümün haqq olduğuna inanırıqsa demək biz nə zamansa o dünyaya getdiyimiz yolda suallarla qarşılaşacağıq.

Ona görə də axirət barədə düşünmək, Hərəkətlərimizi izləmək, ətrafımızdakı insanlara nədəsə kömək olmaq, əl uzatmaq lazımdır.

Mənim əsərlərimdə ölümlə, həyatla bağlı, dediyim və demədiyim sözlərin bəlkə də gizli məqsədidir: insanı haqq dünyasına hazırlamaq. Elə bilirəm ki, yazdığım əsərlərimdə bu istiqamətdə nəsə bir şey deməyə çalışıram.

- Sizə elə gəlmirmi, ölüm və həyatla bağlı sualların cavabı sona qədər tapılsaydı nə poeziyanın gücü, nə də ədəbiyyatın mənası olardı?

- Yəqin ki elədir. Sirr olmadan nə bizim dünyamız, nə həyatımız öz indiki mənasını saxlamazdı.

HƏYATIN MƏNASI

- Siz həm alim, həm yazıçı, həm ictimai xadimsiniz. Böyük bir instituta da rəhbərlik edirsiniz. Bu işlərin hansı ilə məşğul olan zaman deyirsiniz ki, “Mən sevdiyim işlə məşğulam".


- Heç zaman. Insan sevdiyi işlə məşğul ola bilsəydi, dünyada bundan gözəl nə ola bilərdi? Insanın sevdiyi iş nə deməkdir?

Insanın alışdığı, vərdiş etdiyi, məsuliyyətini anladığı iş var. Mənim sevdiyim iş tənbəllikdir. Insanı özbaşına buraxsan onun sevdiyi iş ancaq özü ilə bağlı olar.

Insan gərək öz-özünü hətta bir çərçivənin içinə salsın.

O zaman onun işi - ictimai, dövlət və ya şəxsi işi başlayır. Özün-özünə tənzim eləməsən bunların hamısını itirmək olar.

- Platonun belə bir fikri var: “Insan həyatını harmoniya və ahəng idarə edir". Nədir insan həyatının harmoniyası?

- Platon insan həyatının harmoniyası deyəndə, bu fikrin arxasında çox ciddi, fəlsəfi, insanın sistemli şəkildə inkişafının məsuliyyəti dururdu.

Indiki aləmə gəlib çıxanda isə yəqin ki, öz daxili ilə insanın etdiklərinin, düşündüklərinin razılıqda, həmahənglikdə olmasıdır.

Hər birimiz harmoniyanı ayrı cür qəbul edir, ona təxmini yanaşmağa və bunun ətrafında fikirlərimizi qurmağa çalışırıq.

- Çexova görə, həyatın mənası xoşbəxtlikdə deyil. Bu, yazıçı təxəyyülüdür?

- Bu, təxəyyül deyil. Əlbəttə, həyatın mənası xoşbəxtlikdə ola bilməz. Məsələn, adam istər ki, yaxınına desin, Allah səni xoşbəxt eləsin!

Çox zaman deyirik də. Ancaq Allahla dəqiq dildə danışmaq lazımdır. Allah onu xoşbəxt edə bilər. Məsələn, onu dəlixanaya salar.

Oradakı dəlilər necə xoşbəxtdirsə, o da xoşbəxt olar. Və yaxud Allah onu elə bir şəkildə xoşbəxt edər ki, qıraqdan baxanlar "belə də xoşbəxtlik olar?" - deyər.

Xoşbəxtlik bilinmir ki, nədir. Həyatın mənası insanın öz sevimli işi ilə məşğul olması, kiməsə gərəkli ola bilməsi, yaza bilmək səadəti və yaxud yazdıqlarının kiminsə xoşuna gəlməsidir. Məsələn, hətta məni söyəndə də deyirəm ki, həyatda nəyəsə nail olmuşam.

Həyatın mənası odur ki, mən bir cümləni və ya yazını yazıb qurtarandan sonra üzə bilməsəm də elə bilirəm ki, Xəzər dənizini üzə-üzə keçib getmişəm.

Və yaxud qaça bilməsəm də elə bilirəm ki, ən sürətli şəkildə buradan Himalay dağlarına qədər qaça-qaça getmişəm.

Ona görə də həyatın mənası abstrakt və çox konkret şeylər də ola bilər. Amerika dramaturqu Yucin Onil deyib ki, adi şeyə can atan insanı onun arzusunu həyata gətirməklə cəzalandırmaq lazımdır.

Yəni adi şeyi ona verməklə cəzalandırmaq. Bəlkə də həyatın mənası qeyri-adiliklərə can atmağımızdadır.

- Ənənəvi sual: Hazırda nə yazırsınız?

- Hazırda "Unutmağa kimsə yox" romanı ğzərində işləyirəm.

Təranə MƏHƏRRƏMOVA
“Kaspi” qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG