Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:51

Naxçıvan vilayəti çox sakitlikdir, amma arada bir adam oğurlanır


Molla Nəsrəddin

12 qəpik 11 Avqust, 1906 № 19



SÖHBƏT

Cavan və Hacı ağa

C – Hacı ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxana kimi bir şey qayırmaq istəyirik ki, qəzetdən-zaddan gətirib onları əhvalı-zəmanədən xəbərdar edək, siz nə qədər mərhəmət edirsiniz?

Ha – Necə? Mən helə çərən-pərənə pul zad vermənəm. Rəhmətlik uşağı, qazeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ götürüb məscidül-hərəmə soxmaq istəyirsən? Təzə məssəb çıxarmısız?

C – Neyniyək, bu qalsın. Yetim uşaqların məktəb xərclərini verməyə qərar qoyublar, o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür. Onların birisinin xərcini siz verin, hacı, savabdır!

Ha – Mənciyəz qələt elərəm...savab olan işi mən yaxşı bilirəm. Yetim oxumağı zadı neyləyir? Əgər təmiz uşaqdı, gəlsin mənim evimə, qulluq eləsin, yemək-içmək verim, vəssalam. Get ağlını başına cəm elə!...


MƏKTUB... AŞQABADDAN

Cənab Molla əmi! Neçə gün bundan əqdəm “Göytəpə” küçəsi ilə gedərkən gördüm ki, Əliheydər İsmayılovun karvansarayında təzə açılan məktəbdə üç nəfər şagird dərs oxuyurlar və şagirdlərin birisi mollanın dalını ovur.

Molla hərdən bir deyir “oxqay-oxqay” və hərdən bir də uşaqların dərsini deyir: “Əlif zəbər əb zən əb, cin zəbərcə dal zən cəd – oxqay.

Əbcəd, hey zəbər hə, oxqay, oxqay. Cəfər sən dərsini oxu, oxqay”.

Təzə açılan məktəbimizin təzə üsul ilə dərs verilməyini mən lazım bildim molla əmiyə məlum edəm ki, özgə yerlərdə də oxuyub görsünlər təzə məktəb üsuli-cədid necə olar.

Bir şey yadımdan çıxdı yazam: haman molla da hazırlaşır Bakıya müəllimlər məclisinə getməyə. Amma heyf ki, mən orada olmayacağam ki, cənab müəllimin elm, tədris xüsusunda söyləyəcəyi nitqlərə qulaq asam. Qərəz...

Bir aşqabadlı


NAXÇIVAN

Molla əmi, duanın bərəkətindən Naxçıvan vilayəti çox sakitlikdir, amma arada bir adam oğurlanır.

Bu da çox ittifaq düşmür (tez-tez olmur), elə gün olur ki, bir dəfə də ittifaq düşmür, amma genə də orada-burada ittifaq düşür.

Məsələn, bu günlərdə iki nəfər Şahbuz kəndinin əhlini Ərinc erməniləri oğurladılar. Ərzin kəndində də müsəlmanlar bir nəfər ermənini oğurlayıblar. Amma bununla belə sakitlikdir.

Nə bir güllə səsi eşidirsən, nə də dava-mərəkə. Ancaq adamdır ki, hey yox olur.

Bunun o qədər eybi yoxdur, amma burası bir az yaxşı deyil ki, oğurlanan adam dəxi tapılmır. Amma genə erməni ilə müsəlman bir-biri ilə çox mehriban yola gedir.

Əgər oğurluq əhvalatı hesaba qoyulmasa çox mehribandırlar.

Mahalda dinclikdir. Hərçənd Gorus naçalniki Mitkeviç Sisyan kəndini yüz kazak və top ilə qətlü-qarət edibdir, amma bunun da o qədər eybi yoxdur. Amma insafən cənab naçalnik çox bahadır və qoçaq adamdır.

Əgər yapon davasında Mancuriyada olsaydı yəqin ki bir nəfər yapon qoşunu sağ qalmazdı.

Qərəz... dəxi nə baş ağrısı verim.

Qır

RUBRİKANIN ARXİVİ

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG