Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:24
“Elə bu?”. “Qanun” nəşriyyatı gənc Azərbaycan yazarlarının əsərlərindən ay ərzində nə qədər satdığını açıqlayanda bəzilərinin reaksiyası belə ironik olur.

Ən populyar yazarların aya 40-50 kitabının satılması bəziləri üçün çox kiçik rəqəmdir.

Amma Azadlıq Radiosunun “Oxu zalı”na müsahibəsində nəşriyyatın sahibi Şahbaz Xuduoğlu bu cür yanaşmanı yersiz sayır.


- “Elə bu?” – deyirlər... Amma bizim rəqəmlər reallığı əks etdirir.

Biz hətta bir kitabdan ayda 30 dənə satanda 30 dəfə deyirik ki, nə yaxşı! Nə gözəl! Çünki kitab bazarı faciəvi vəziyyətdədir.

Bakıda 1700-ə qədər yeni bina tikilib. Amma 1700 adda kitab çap olunubmu? Bu, ağlamaq, şikayət deyil, sadəcə reallığı dilə gətirməkdir.

- Yəni siz bir yazıçının 50 kitabının satılmasının özünü də böyük rəqəm sayırsız...

- Əlbəttə. Amma bunun özü də davamlı deyil. Mən yerli yazıçılardan misal çəkmək istəməzdim.

Məsələn, Orxan Pamukun romanı bəzən ayda 17 dənə satılır, bəzən isə 5 dənə. Özü də o, dünyanın ən şöhrətli yazıçılarındandır və əsərləri hər yerdə böyük tirajla satılır.

Bu rəqəmləri açıqlamaq bəlkə də kimdəsə pessimizm, yaxud ironiya yarada bilər, amma bunlar real rəqəmlərdir.

Əgər Orxan Pamukun kitabları aya 5-10 dənə satılırsa, bu, Azərbaycanda ümumiyyətlə kitaba münasibəti göstərir.

- Yerli müəlliflərin kitablarının Orxan Pamukdan çox satılmasını nəylə izah edərdiniz?

- Ümumiyyətlə, hər bir ölkədə yerli müəlliflər xarici müəlliflərdən çox satılır. Çünki hər bir adam öz problemini bilmək istəyir.

Öz durumu haqda məlumat almaq istəyir. “Ən yeni ədəbiyyat” seriyasının yaranmasında məqsəd də elə o idi ki, bizim adamlardan yazılsın, bizim problemlərdən bəhs edilsin.

Azərbaycan televiziyalarına baxanda görürsən ki, “Xəbərlər” proqramlarında dünyanın dörd bir yanında olan problemlərdən danışırlar, daşqınlardan, fəlakətlərdən məlumat verirlər, amma Azərbaycanda mövcud olan problemlərdən az-az hallarda bəhs edirlər.

Adama elə gəlir ki, dünya dağılır, bir Azərbaycandan başqa.

- Həmin seriyadan daha hansı yazıçıların əsərlərinin çapı gözlənilir?

- Yaxın 10 gündə Nərmin Kamalın romanı çapdan çıxacaq. Növbədə həm də Qan Turalı, Əli Əkbər və Seymur Baycanın romanları var.

Bir maraqlı məlumatı da deyim ki, bununla yanaşı yeni bir seriyanın da çapına başlamaq niyyətindəyik.

Hansısa çatışmayan cəhətinə görə “Ən yeni ədəbiyyat” seriyasına düşə bilməyən müəlliflərin əsərləri arasında da çox maraqlıları var.

Bizim şuranın qərarından sonra “Ən yeni ədəbiyyat” seriyasına düşməyən bir neçə belə əsəri mən özüm bir naşir kimi çap edəcəyəm.

Bundan başqa biz “Azərbaycan nəsri” seriyasına da başlamaq niyyətindəyik. Həmin seriyada sovet dövrünün sonlarında yazılmış əsərləri çap edəcəyik.

Bu ideyanı məndə “Ən yeni ədəbiyyat” seriyasının uğuru yaratdı.

- Xarici ədəbiyyatdan kimləri çap etmək niyyətindəsiniz?

"Ən yeni ədəbiyyat" seriyasından Günel Mövludun şeirlər kitabı
- Bizim Fransa naşirləri ilə əlaqələrimiz var. Norveçdə hər il ən çox satılan əsərləri də Azərbaycan dilinə tərcümə edib çap etmək niyyətindəyik.

Nobel mükafatlı alman yazıçısı Herta Müllerin romanını çapa hazırlayırıq.

Başqa bir alman yazıçısı Bernhard Şlinkin 3 əsərinin müəlliflik hüquqları bizdədir, onun məşhur “Qiraətçi” romanını da yaxın vaxtlarda çap edəcəyik.

Nobel mükafatlı fransız yazıçısı Le Klezionun “Səhra” romanını da Azərbaycan dilinə tərcümə edirik.

- Bunlar orijinaldan tərcümədir, yoxsa ruscadan?

- Bizim məqsədimiz nəşriyyatımız ətrafında tərcümə qrupları yaratmaqdır. İngilis, alman, fransız dillərindən birbaşa tərcümələr etmək istəyirik.

Həmin əsərləri dolayısı ilə - ruscadan çevirmək istəmirik.

- Bunun üçün kadrlar varmı?

- Çox gənc və istedadlı tərcüməçilər yetişir. Mən buna çox sevinirəm və fəxr edirəm ki, onlar bizim nəşriyyatımız ətrafında toplaşırlar.

Biz yalnız bir tərcüməçini seçib onun üzərində dayanmırıq. 3-4 adamdan 5-6 səhifəlik tərcümələri sınaq üçün qəbul edirik və onların arasından ən yaxşısını seçirik.

Azərbaycanda rus dilindən tərcümə məktəbi güclüdür, amma biz çalışırıq ki, suyu bulağın gözündən içək, “turba”dan yox. Eyni zamanda rus müəlliflərini də tərcümə edirik.

Məsələn, Pelevinin əsəri indi çapdadır.

- Müəlliflər kitablarının çapından, sirr deyilsə, nə qədər gəlir götürürlər?

- Bilirsiz, müəllif, nəşriyyat və bazar – bunların münasibələri hələ bizlər üçün tam formalaşmamış anlayışdır.

Dünya ölkələrində müəlliflərə gəlirdən 7-10, bəzən 12 faiz pay çatır. Biz 10 faiz müəyyən etmişik. Bu indi pul ekvivalentində az rəqəmdir.

Amma Azərbaycan yazıçısının kitabı 50 min nüsxə satılacaqsa, bu, böyük məbləğ demək olacaq. İndi nə edək ki, Azərbaycanda kitab alan azdır.

- Yəni nəşriyyatın kitabın çapına sərf elədiyi pul çıxandan sonra bu qonorar verilməyə başlayır, yoxsa necə?

- Yox. Bu seriyadan kitab buraxanda bizim məqsədimiz də elə o idi ki, müəllif kitab yazanda düşünməsin ki, onun çapı üçün pulu hardan tapacaq.

O kitabı biz çap edəcəyik, xərcini biz çəkəcəyik, amma gərək kitab çox satılsın ki, müəllif də çox pul qazansın. Əsər az satılacaqsa, onun gəliri az olacaq.

- “Ən yeni ədəbiyyat” seriyasından olan kitabların nə qədəri qoyulan xərci çıxarıb?

- Bu kitablar 350 nüsxə satılandan sonra öz xərcini çıxarmış olur. Amma biz yalnız ilin sonunda biləcəyik ki, bu xoşbəxt rəqəmə çatan hansı kitablardır.

- Yəni Azərbaycanda yazıçı üçün xoşbəxt rəqəm – 350-dir...

- Bəli, 350!

- Bakıdakı bəzi dükanlarda satıcılardan eşitmişəm ki, hətta 5 manatlıq kitabları da hər adam almır, bahalığından gileylənir. Kitabların satış qiymətinin baha olması fikri ilə razısınızmı?

"Ən yeni ədəbiyyat" seriyasından Aqşin Yeniseyin kitabı
- Dünya bazarında orta kitab qiyməti 7-9 avro civarındadır. Azərbaycanda isə orta qiymət 5 manatdır. Məsələ burasındadır ki, azərbaycanlı özünün kitab büdcəsini müəyyən etməyib.

Onun ümumiyyətlə kitab büdcəsi yoxdur. Bu, ağlamalı bir faktdır. Amma avropalı özünün məvacibindən mətbuat və kitab almağa müəyyən məbləğdə pul ayırır ki, intellektual səviyyəsini artırsın.

Azərbaycan xalqı isə öz intellektinə belə sərmayə qoymaq istəmir.

Ona görə də siqaretə verdiyi pulu kitaba vermək ona çətin gəlir, yaxud buna ərinir. Biz hesablamışıq. O, cibindən çıxarıb “Malboro”ya 4 manat verir, bunu hər gün edir. Başa düşürük ki, bunu etməlidir.

Amma biz deyirik ki, ayda bir dəfə siqaret əvəzinə kitab alsın.

Əgər Azərbaycan xalqı – hər bir adam ayda bir kitab alsa, nəşriyyatlarımızın heç bir problemi olmaz.

Yazarlar da deməz ki, bizim yazdığımızı heç kim oxumur.

- Yəni siz hesab edirsiz ki, kitab oxumamaq probleminin kökündə kasıblıq yox, insanların öz günahı dayanır...

- Bilirsiz, restoranların qabağında dayanırsan, görürsən ki, hamısı doludur, şadlıq evləri dolur-boşalır. Yəni insanlar çox vaxt imkanları ola-ola kitab almaq istəmirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG