Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24
Bu ilin iyul ayında jurnalistlərə qarşı basqılar davam edib, mediadan 95 min manat təzminat istənilib.

Media Hüququ İnstitutu Azərbaycanda medianın vəziyyətilə bağlı iyul hesabatını açıqlayıb.

Hesabata görə, ay ərzində tənqidçi qəzetlərin məhkəməyə çəkilmə intensivliyi səngiməyib. Jurnalistin Cinayət Məcəlləsinin təhqir və böhtan maddələrilə həbs olunması tələb edilib.

4 JURNALİSTİN HƏBSOLUNMA EHTİMALI

Hesabatda bildirilir ki, həmin şikayətlər təmin ediləcəyi halda «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu və onun müavini Azər Ayxan, tənqidçi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı, hökuməti tənqid edən yazıları ilə tanınan «Millətim» qəzetinin baş məsləhətçisi Fərəməz Allahverdiyev həbs edilə bilər.

Ötən ay qəzetlərdəki yazılarına görə vəkil Müzəffər Baxışovun, hüquq müdafiəçisi Vidadi İsgəndərovun, təhsil məsələləri üzrə ekspert Əlövsət Osmanlının, habelə «Yeni qəzet»in redaktoru Yaqub Muradzadənin həbsi istənilir.

ŞİKAYƏTÇİLƏRİN HAMISI MƏMURLARDIR


Böhtan və təhqirdən şikayətlənənlərin hamısı məmurlardır.

İyul ayında ümumilikdə media və jurnalistlərlə bağlı 27 məhkəmə prosesi davam edib. Həmin proseslərdə medianın əleyhinə 3 ağır qərar çıxarılıb. Hesabatda bildirilir ki, Avropa Məhkəməsinin qərarından sonra azadlığa buraxılacağı güman olunan «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan qurucusu və baş redaktoru Eynulla Fətullayevin əvvəlki 8 il 6 aylıq cəzası daha 30 ay artırılıb.

MƏHKƏMƏ RAMİZ MEHDİYEVƏ HAQQ QAZANDIRIB

Jurnalistlər qarşı növbəti ağır məhkəmə qərarları «Xural» və «Yeni Müsavat» qəzetlərinə qarşı çıxarılıb. Nərimanov Məhkəməsi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural»a qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiasını təmin edərək qəzetin üzərinə iddiaçıdan üzr istəmək, yaydığı məlumatları təkzib etmək və mənəvi zərər əvəzi 10 min manat məbləğində təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul edib.

Nizami Məhkəməsi isə millət vəkili Cəlal Əliyevin «Yeni Müsavat» qəzetinə qarşı iddiasını qismən təmin edib. Tənqidçi qəzetin üzərinə mübahisə doğurmuş yazıları təkzib etmək, iddiaçıya mənəvi zərər əvəzi 1500 manat ödəmək vəzifəsi qoyulub.

TƏNQİDÇİ MEDİADAN 95 MİN MANAT

Jurnalistlərin şikayətləri üzrə çıxarılan məhkəmə qərarları da onların əleyhinə olub. Qaradağ Məhkəməsi şübhəli xuliqanlıq ittihamı ilə həbs olunmuş gənc bloqçu Adnan Hacızadənin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı iddianı təmin etməyib. Məhkəmə qərarını bloqçunun hələ tam islah edilməməsi ilə əsaslandırıb.

Hesabatda qeyd olunur ki, mediadan mənəvi zərər əvəzi olaraq istənilən, habelə məhkəmələrin medianın üzərinə qoyduğu ödənc yükünün məbləği normal ölçülərə uyuşmur. Hesabata görə, ötən ay maddi durumu çox sıxıntılı olan tənqidçi mediadan 95 min manat təzminat tələb olunub.

İyulda medianın xeyrinə cəmi 1 məhkəmə qərarı çıxarılıb.

Hesabata görə, iyul ayında jurnalistlərə qarşı altı basqı halı baş verib, peşə fəaliyyətini yerinə yetirən 10-dan artıq jurnalist müxtəlif təzyiqlərlə üzləşib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG