Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:27
Bakıyla söhbət

(mənsur şer)

Bakı! Səni sərsəri küləklərin, əyri-dar dalanlardakı köhnə-kiçik evlərin və qədimliyin qaldırmışdı gözlərimdə. İndi isə, qaldırıcı kranlar salır aşağı... Bir göydələnin özülü qədər... Necə enirsən qalxdığın zirvədən! Cılızlaşırsan Bakı - sənin sevən birinin gözlərində!

Həm də ögeyləşirsən – müasirləşdikcə sən, o doğma Bakım da uzaqlaşır... Tarixə düşməyəmi tələsirsən!?

Vaxt var idi, mən səni çox sevirdim. Çünki, səndə bir hərəkat var idi. İndi isə... Sadəcə, hərəkət var. Eləcə, insanlar gedir-gəlir ora-bura.... Hara lazımsa, ora!

Daha “lazım” deyilən şey də yad olub, Bakı! O nə sənə aiddir, nə də mənə... Ögeyləşib sənin duyğuların tək... Unudulub sənin qayğıların tək. Sən də unudulmusan, Bakım mənim! Nə olsun ki, yenə də əzbərsən hey dillərdə, yenə də nəğmələrdə... Sən, eləcə, nəğmə olub qalmısan... Axı, sən şəhər idin!

Yollardakı polislər ötüşənləri gözlər... Kolluqlardakılar öpüşənləri. Evlərdə oturub da, gözləyənlərin də var – vaxtını. Su veriləndə, növbə ilə girəcəklər hamama.

Başqa paytaxtların qaz-işıq dərdinə çarə qılırsan, yan-yörənə baxmısanmı, körpə kəndlərindəki daxmalardan xəbər tuta bilmisənmi barı?

Sənin bir bacın vardı. Şuşanı deyirəm, ay böyük qardaş! Bir xəbər varmı ondan? Yoxsa, gözləyirsən, lazım gələndə, qeyrətini də geri alacaqsan? Axı, niyə belə “peysər”ləşirsən!? İndi, başını gecə klubu, barlarlamı qatırsan!? Nə oldu sənə, Bakı!?

Dərdinimi unudursan, bas musiqi-ritm ilə ehtirasla dingildəyən gözəllərin dikdabanları altda!? Ya, boynuna almısan rəzaləti? Ona görəmi tökmüsən küçələrə, öz oğullarını qız paltarında!?

Sən fahişələri qucaqlayırsan, sən hey xainləri sıcaqlayırsan... Səni qucaqlayıb yatan... Elə sənin qoynunda da can verən kimsəsizlərin cəsədini bəs harana dürtmüsən!?

Sən mənim canım, Bakı! De görüm, nə hisslər keçirirsən, əl-qol atdıqca sənin qızlarına yabançı gədələr? Heç olmasa, de görüm, azca rahat olursanmı, tərk etdikcə səni fahişə dolu təyyarələr?

Nələr çəkirsən, Bakı... Anal sekslə şəhvətini söndürüb, ismətli bakirə tək ərə gedənləri gördüyün zaman? Axı, niyə qəzəbindən yaxanı cırmırsan ki, şadlıq saraylarını da dərd kimi gizlədəsən öz bağrına!? Niyə gömmürsən göynərtilərini!? Niyə hər zibilin üzdədir Bakı!?

Əvvəl sevirdim səni, sənlə fərəh duyurdum. İndi isə, sənə nifrət edirəm... Yox, yox, çirginirəm! Sən bu qədər murdarlıq içində boğulursan, amma, təmiz insanları boğursan... Axı, niyə hərəkətə gəlib də, ifraz etmirsən səni “unitaz” edənləri!?

Bax, gələn-gedən batırır sənə... Xisləti içində batırır səni... Eh, Bakı! Sən böyük bir “ictimai
ayaqyolu” imişsən!


İslaholunmaz qapı

(mənsur şer)

Önündə pərdə yoxdur. Heç buna ehtiyac da. Burda hər şey açıq-saçıq, aşkarca göz önündə! Hər kəs hər istədiyin edir bu xarabada – heç bir kəsə bənzəməyən bir kəsin kəslərindən savayı! Havayı ötür ömür... Varsa da bir mükafat... O da bir sənsən, qapı! Tale hökmü də sənsən...Ömrümün sonunadək, daşımalı olduğum yüküm də sənsən!

Səndən başqa kimim var!? Səndən başqa nəyim var!? Məni eşidən, duyan, hiss edən qucağında... Soyuq olsan da, yenə, sığınmışam mən sənə! Kədərli anlarımda, azad xəllarımda... Səni tumarlayıram, ikiəlli sinəni oxşayıram... O paslı, soyuq, çopur sinəni sənin, qapı!

Söykənir üzüm sənə. Danışıram, pıçıldaşıram sənlə.. Şirin-şirin, ümidlə! İstərəm mənlə bahəm, sənin də qəlbin dinə... Sənsə, susursan hələ! Donuq durmusan yenə! Yoxsa, sən anlamırsan? Sənin ki, məndən qeyri, ola bilməz yoldaşın.. Qurban olum, ay qapı, at bu tərsliyin daşın!

Əsəbləşirəm yaman! Sən susduqca, mən sənə susub baxa bilmirəm... Laqeyd qala bilmirəm sənin laqeydliyinə... Mənə yox, özünə biganəliyinə! Yatırsan, batırsan bu divarlar arasında... Halbuki, azadlıq haqqın var sənin. Mənim kimi haqqın var... Yoxsa, sənin də ömürlük cəzan var - mənim kimi!?

Hayqırıram, çağırıram səni... Dur! Dur da, bir lərzə yarat, qonşu kameralarda yatanları da oyat... Doymadınmı, kürəyini oxşayan “xəbərdarlıq” dəyənəklərindən!? Bəlkə, “yetər!” deyəsən!?...

... Bir azdan, həbsxana müdiri də gələcək. Gəzəcək öz mülkünü. Yenə müştəbeh məlik... Təkəbbürlə süzəcək bir-bir məhbusları. Mənim kamerama da girəcək, yəqin. Səni açıb kobudluqla çırpacaqlar divara – sən isə, susacaqsan. Yenə də duracaqsan – dimdik, əmrə müntəzir.

Mən isə, dözməyəcəm. Susqunluqla aram yox! Bağıracam içimdən keçən azad fikrimi. Çırpacam diktatorun üzünə həqiqəti... Və döyüləcəm sənin qabağında it kimi – sən isə, susacaqsan. Seyrçi qalacaqsan. Elə, sənin önündən sürüyüb aparacaqlar “karser”ə... Bu xarabanın ağası isə, sənin düz qabağına bir lopa tüpürəcək... Və gedəcək. Bu “mükafat” olar itaətinə...

... Sən mənim sevgilimmisən, dostummusan, yoxsa ki... Xalqım, millətimmisən!? Axı, niyə belə əzizsən mənə!? Sən nə qədər lal-seyrçi qalsan da, mən sənin eşqinlə yaşaram yenə! Axı, sevirəm səni... Axı, bu xarabada, tək həmdəmimsən mənim... Necə bağlandım sənə... Necə yaxınam sənə... Elə indi, yenidən söykəyərək üzümü, tumarlaram sinəni...

...Taleyimsən sən mənim! Məhəbbətimsən mənim! Əlbəttə ki! Tanrı mənim alnıma, səndən yaxşı cəza yaza bilməzdi.

Eh! Sevimli qapım... Səndən o tərəflərdə nə sevgilər var imiş!


Bir öpüş cinayəti

(mənsur şer)

Öpdüm səni. Xəzərin sahilində. Azan səsi altında. Qucdum səni, bir qadın bədənindən bir bakirə nəfəsi gəzdi dodaqlarımda... Dodaqlarım sağa qaçdı. Sol yanağından qulağınadək, bir “səni sevirəm!” pıçıltısıyla...

...Tutdum sənin belindən. O an dünya mənimdi. Nə sağdakı, nə soldakı... İnanki, hətta, Tanrı heç vecimə deyildi! Şeytani hisslərim güc gəldi mənə - ən şirin günahın həvəsi ilə! Ömrümdə ilk dəfə... Belə olmamışdı heç! Bu sevdanın zəfərinə ümidsiz olsam belə, qucaqlamışdım səni – necə də qətiyyətlə!

Sən mənim həyatımda ilk qadınım oldun. Bəli, ilk qadınım! İndiyədək heç kimi belə hiss etməmişdim... Bu qədər yaxın, yaxan! Belə hisslər keçirməmişdim qəti! Məni ruhən ayaqda ikən yıxan...

... Sən dünyagörmüş qadın, mən acıçəkmiş oğlan. Sən özünü unudurdun, mən isə, həyatımı... Hətta, doğmalarımı düşünməyəcək qədər! Gözlərimi yumurdum, qaçırdım bu ölkədən – sənlə xəyallarımda. Amma, sən xəyal deyil, tamam həqiqət idin! Sən mənimdin – yanımda! İnan ki, hələ də, inanammıram!...

... Necə də xoşbəxtdim! Və kimsəsiz yetim kimi özümü hiss edirdim – belə bizim hər anımız birlikdə keçər deyə! Sanki, kimsə yox idi, məni gözləyən evdə... Anamın zəngi qaytardı birdən, məni sənin dünyandan, hamının dünyasına!

Sən məni cırnadırdın, məni cırmaqlayırdın... Uzun dırnaqlarınla, deşirdin mənim qabırğalarımı... Ən şirin acılar daddırıb mənə... İndi düşünürəm, olarmı yenə!?...

..Artıq gecdir. Qaranlıqdır. Səni də gözləyən var, məni tələsdirən var. Səni yola salıb da, tez evə qaçmalıyam. Anama yalan satıb, dostlarımın adını çəkməliyəm... Özümü lap qız uşağı kimi hiss edirəm – yasaq olan sevginin ocağında! Qəribədir! Görəsən, bizim bu yasağa uymağımızla, cəmiyyət də adil olacaqmı? Axı, bizi ikimiz də...

... İki ədib əl-ələ, deyə-gülə yol gedir. İkisi də xoşbəxtdir. İkisi də sevincək! Unudublar özlərini. Kənardan keçənlərin baxışları olmasa, bəlkə xatırlamazlar, aralarında olan bir neçə yaş fərqini!
Amma, önəmli deyil. Mənə önəmli deyil! Sadəcə, acı verən bir şübhə var beynimdə - bizim gələcəyimiz.. Kaş ki, məni həyəcana nəyin saldığını sən... Hiss edəydin, əzizim!

Biz ədiblər... Yoxsa, ədəbsizlər? Əminəm ki, bizi birlikdə süzən... Hər kəs pis-pis düşünər! Nə edək ki, biz birlikdə azad olmaq istərik!? Nə edək ki, mən sənin, sənsə mənim olmaq dilərsən ancaq! Nə başqa sahib gərək, nə də başqa qul-nökər!...

... Çatdıq sizin binaya. İndi, sənlə vidalaşmalıyam mən... Bir qısa öpüşlə çıxıb gedirsən... Mənsə səni bu cür yola salıram:

“Bax, səninçün indidən darıxıram!”

Sənsə təbəssümlə aralaşırsan... İradəsizliyiməmi gülürsən!?

Gedirsən... Bir neçə saniyə seyrində qaldım... Və evə qayıdıb, bu şeiri yazdım.

Nöqtələrlə gözləyirəm davamı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG