Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20
Qeydiyyatından imtina edilən Qeyri Hökumət Təşkilatlarından 40-a yaxını avqustun 10-da Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək istəsə də, şəhər rəhbərliyi buna icazə verməyib. Rədd cavabında şəhər rəhbərliyi buna əsasən iki səbəb göstərib. Bakı şəhər İcra Hakimiyyətinin mövqeyinə görə, birincisi, bu aksiya vətəndaşların istirahət hüququnu pozur. İkincisi isə şəhər rəhbərliyi dövlət qurumu qarşısında etiraz aksiyasını yolverilməz sayır.

Qeydiyyatından imtina edilən QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvü Oqtay Güləliyev isə şəhər rəhbərliyinin mövqeyini qanunsuz sayır. O, deyir ki, Ədliyyə Nazirliyindən narazı olduqlarından bu aksiya da məhz onların qarşısında keçirilməlidir.

DEMOKRATİK İSLAHATLAR UĞRUNDA CƏMİYYƏT 11 İLDİR QEYDİYYATA ALINMIR

Qeydiyyata alınmayan təşkilatlar arasında Oqtay Güləliyevin də təmsil olunduğu Demokratik İslahatlar Uğrunda Cəmiyyət də var. Şəbəkə üzvü deyir ki, onların sənədləri əsasən texniki məsələlərlə bağlı geri qaytarılıb. Ancaq onlar bütün bu texniki bəhanələri siyasi süründürməçilik hesab edirlər:

«Bir tərəfdən QHT-lərin sayı artır, onlara dövlət qayğısı göstərilir, ancaq başqa tərəfdən də hökumət özünə sərf edən, ələbaxan QHT-lər ordusu yaradır. İpə-sapa yatmayan QHT-lərə də maneələr yaradırlar. Biz yazırıq ki, tutaq ki, «fəaliyyətinə xitam verilmişdir», onlar bizə irad tuturlar ki, yazın «fəaliyyəti ləğv edilmişdir». Sənədlərimiz geri qayıtdıqdan sonra onlar dediyi kimi yazırıq ki, «fəaliyyəti ləğv edilmişdir», sonrada deyirlər ki, «yox yazın fəaliyyətinə xitam verilmişdir»…».

SEÇKİ MONİTORİNQ MƏRKƏZİNİN SƏNƏDLƏRİ AVROPA MƏHKƏMƏSİNDƏDİR

İndi qeydiyyat uğrunda mübarizə aparan təşkilatlardan biri də iki il əvvəl qeydiyyatı ləğv edilən Seçki Monitorinq Mərkəzinin xələfi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzidir. Seçki Monitorinq Mərkəzi prezident seçkiləri ərəfəsində paralel səssayma ilə bağlı layihə həyata keçirmək istəyirdi. Ancaq onların qeydiyyatı ləğv edildiyindən bu layihəni o vaxt gerçəkləşdirmək mümkün olmadı. İndi bu iş Avropa İnsan Hüquqları Məhkəməsindədir. Hər iki təşkilatın təsisçisi Anar Məmmədli deyir ki, təzədən qeydiyyatdan keçmək üçün onlar iki il əvvəl Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi adlı yeni bir təşkilat yaratsalar da,
Anar Məmmədli
yenə də texniki bəhanələr qarşısında istəklərini gerçəkləşdirə bilmirlər. İkinci təşkilatlarının işi isə Ali Məhkəmədədir. Ali Məhkəmə də istəklərini geri çevirsə, bu təşkilatla da bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər:

«Hakimiyyətlə yaxınlığı olmayan təşkilatların qeydiyyatında bir qayda olaraq maneələr yaradılır. Bir sözlə, hakimiyyət vətəndaşların birləşmək hüququnu tanımır ki, onlar birləşib dövlətin idarəçiliyinə öz töhfələrini versinlər…».

40 DƏFƏ SƏNƏDLƏRİ QAYTARILAN QHT

Tusi İntellektual Mərkəzinin təsisçisi Hacıbaba Ağayev isə deyir ki, onların sənədləri ən azı 40 dəfə Ədliyyə Nazirliyindən geri qaytarılıb. Bütün keçən bu 7 il ərzində az qala nizamnamənin bütün maddələrini və hətta təşkilatın adını dəyişsələr də, qeydiyyata düşmək onlara müyəssər olmayıb. Bu təşkilatın əvvəlki adı isə «Azəri Ellada» İntellektual Mərkəzi olub:

«Görünür bunlara intellekt lazım deyil. Çünki intellektsiz cəmiyyəti idarə etmək asandır…».

Ədliyyə Nazirliyində Qeydiyyat İdarəsinin rəis müavini Mehman Sultanov isə həmin təşkilatların qeydiyyatının yubanmasının məsuliyyətini elə onların üzərinə qoyur:

«Niyə bəhanə yaratmalıyıq? Biz qanunla işləyirik. Onların sənədləri geri qaytarılarkən, hər birinə məktub yazırıq və sənədlərin geri qaytarılması qanuna uyğun əsaslandırılır. Onlar sənədlərini qanuna uyğun hazırlamırlar…».

Qeydiyyatından İmtina Edilən QHT-lərin Əlaqələndirmə Şəbəkəsi isə yenidən kütləvi aksiyalarla bağlı müraciət etmək niyyətindədir. Üstəlik, şurada belə bir qərar qəbul edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə bundan sonra kütləvi şəkildə müraciət edilməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG