Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:34

Təxəllüsü adını unutduran adam...


Balaca Avrora
Balaca Avrora
Babək YUSİFOĞLU

Ədəbiyyatşünasların, tarixçilərin əksəriyyəti 19-cu əsri dünya sivilizasiyasında maarifçilik dövrünün ən yüksək mərhələsi hesab edirlər.

Əslində burada inkaredilməz bir gerçəklik vardır.

Çünki məhz bu dönəmdə elmin və ədəbiyyatın, incəsənətin şedevrləri üzə çıxdı, yaradıcı təfəkkürün, bədii zövqün, şüurlardakı intibahın... sistemləşməsi prosesi yekunlaşdı.

Bundan sonrakı inkişaf insanlığın bütün əsrlər boyu keçdiyi tərəqqidən fərqli olaraq daha sürətli, daha rəngbərəng olsa da, hətta bir çox hallarda özündən əvvəlkiləri inkar edə biləcək səviyyədə modern, yeni hesab edilsə də, təhqiqatçılar bunları müxtəlif adlarla adlandırıb, nəzəri təhlillər versələr də, əslində sonrakılar əvvəlcədən qoyulmuş bünövrənin üstündə qurulan cürbəcür eksperimentlərin sınağından başqa bir şey deyildi.

Həm formaca, həm də məzmunca. (Nə bilmək olar, bəlkə də 19 əsr bir də 29-cu əsrdə təkrarlanacaq).

Lakin nə olursa-olsun, danılmaz bir həqiqət mövcuddur.

Bütün hallarda insani duyğuların saflaşmasında, bədii zövqün formalaşmasında, təbii hisslərin bəslənməsində, düşüncə tərzinin və mənəviyyatın yetkinləşməsində, ümumilikdə insana xas dəyərlərin kamilləşməsində yaradıcı adamların əvəzsiz rolu olmuşdur.

Məncə onlarsız insanlıq indi tamam başqa cür olardı.

Füzulisiz, Şekspirsiz, Dostoyevskisiz, Rafaelsiz, Bethovensiz, Hüqosuz...

Elə Jorj Sandsız da...

Bu həmin dövrlər idi

Avropa romançılığı özünün ən parlaq dövrünü yaşayırdı.

Biri-birindən gözəl əsərlər cəmiyyətə təqdim edilirdi. Teatr tamaşaları, ədəbi-bədii proseslər cəmiyyətin müzakirə etdiyi ən populyar mövzular idi.

Xüsusilə Fransada dünyaya səs sala bilən əsərlər yaranırdı. Volter(lər), Russo(lar), Hüqo(lar)... doğulurdu.

Fransa romançılığı dünyaya səs salırdı. Və bu sırada dayanan ən nəhəng simalarından biri də Jorj Sand idi.

Varlı nəslin nümayəndəsi

olsa da onun valideynləri çox qarışıq, çox mürəkkəb həyat yaşamışlar.

Lap o dövrün sentimental əsərlərində olduğu kimi. Gələcək yazıçının atası - Morisin anası Sofi-Viktoriya ilə evlənənədək nigahdankənar bir övladı olmuşdur.

Ailə əvvəlcə Parisin 150 kilometrliyində yerləşən Noanda yaşasa da, sonradan tale onları bir neçə yerdə ömür sürməyə məcbur etmişdir.
Jorj Sand

1804-cü il iyulun 1-də Avrora dünyaya gəlmişdir.

Avroranı anasına görə uzun müddət ata nənəsi və yaxınları sevməmiş, yaxına buraxmamışdılar. Amma sən demə qarşıda bu balaca qızcığazı başqa sürprizlər də gözləyirmiş.

Avrora hələ uşaq yaşlarında olarkən atası adi qəza nəticəsində ölmüşdü, o anası ilə köməksiz qalmışdı. lakin bu bədbəxt hadisə ata nənəsi - qrafinya Dyupenin balaca qıza qarşı münasibətini dəyişmişdi.

Bununla belə bu qrafinya belə hesab edirdi ki, Sofi-Viktoriya onun nəvəsinə aristokrat tərbiyəsi verə bilməyəcək.

Qızcığazın anası isə övladını gələcək mirasdan məhrum etməmək üçün onu nənəsinin yanında qoyaraq Parisə gəlmişdir.

Bundan sonra Avrora və ögey qardaşı İppolitlə xüsusu müəllimlər məşğul olmağa başlamışdır.

Amma nə özəl müəllimlər, nə varlı həyat qızcığazın kiçicik qəlbini ovundura bilməmişdi. Sonralar Fransanın böyük yazıçısına çevrilən Amandina Avrora Lüsil bu hadisə haqqında yazmışdı:

"Anam və nənəm bununla mənim ürəyimi parça-parça böldülər".

Bundan sonra nənəsi Avroranın anası ilə əlaqələrini tamam kəsmək üçün qadağalar tətbiq etməyə başladı. Hətta qız 12 yaşında ikən onu monastra qoydular.
Kitaba, oxumağa çox böyük həvəsi olan Avrora Lüsil məhz burada dini-mistik ədəbiyyatla tanış oldu və oxuduqları onun psixologiyasında dərin izlər buraxdı.

Hətta bu təsir onda asketik həddə qədər gəlib çatdı.

Monastrda yaxın adamlar qızı bunlardan çəkindirməyə çalısalar da, ilk vaxtlar bu mümkün olmadı. Qrafinya nəvəsinin tərk-dünya olacağından qorxuya düşdüyü üçün onu yanına gətirdi və onu ərə vermək istədi.

Belə məlum olur ki, nəvəsinin istədiyinin əksi olsa da bu, baş tutdu. Avrora Lüsil 17 yaşında olarkən qəflətən bildirdilər ki, ona Noandakı yaxınlarından böyük bir sərvət miras qalıb.

Anası ilə nənəsini barışdırmaq cəhdlərindən, onların bitməyən mübarizəsindən, uşaq yaşlarından üzləşdiyi həyəcanlardan artıq yorulmuş Avrora Lüsil Noyanı tərk etmək qərarına gəldi.

Kazimir Dudevan
Onun istədiyi şəhərə köçməsi üçün artıq heç bir maddi çətinliyi yox idi. Amandina Avrora Lüsil Parisə gəldi və bu böyük şəhərin qaynar həyatı elə ilk vaxtlardan onunçün yeni maraqlar yaratdı.

Paris həyatına başlayan

Avrora Lüsil anasının etirazlarına baxmayaraq 19 yaşındaykən ikici dəfə ailə həyatı qurmağa qərar verdi. Seçdiyi kişi - Kazimir Dyudevan nə musiqi, nə ədəbiyyatla maraqlanan deyildi.

Eləcə əyalət masştabında olan siyasətlə məşğul idi, bir də ova getməyi xoşlardı.

Bir il sonra Avroranın Kazimirdən bir övladı dünyaya gəldi. (Onların iki övladı olmuşdur). Əslində isə onun ailə həyatı bu dəfə də gətirməmişdi.

Onun davranışları da fərqli idi. Uşaqlıq dövrlərindən uğursuzluqlar yaşayan Avroranı tez-tez melanxolik əhval-ruhiyyə bürüyürdü ki, bu da onun ərini çox qıcıqlandırırdı.

Həmin ərəfədə həyat Avroraya daha bir sarsıntı yaşatdı. 1821-ci ildə ona nənəsinin ölüm ayağında olduğunu dedilər.

Nənəsi onu yanına çağırtdırdı. O istəyirdi ki, ölümqabağı vəsiyyətdə Avrora da iştirak etsin. Və orada Avrora ilə vidalaşıb sonuncu dəfə nəvəsinin əlini sıxdı də dedi:

"Sən özünün ən yaxşı dostunu itirirsən". Və bu itki onsuz da melanxolik xarakterli Avroraya dərindən təsir elədi...

1825-ci ildə Avrora əri ilə səyahətdə olan zaman Orelean de Sez adlı bir nəfərlə tanış oldu və sonradan bu münasibətlər onların arasında sevgi romanına çevrildi.

Və qadın Noana qayıtdıqdan sonra da de Sezlə məktublar vasitəsi ilə əlaqə saxladı.

Bəzi təhqiqatçılar o vaxt yazırdılar ki, yazıçının de Sezə sevgisi platonik olmuşdur və bu əlaqələrdə Kazimir Dyudevana xəyanətdən söhbət getməməlidir.

Amma maraqlıdır ki, elə həmin illərdə Avrora Lüsil bir vaxtlar əlaqədə olmuş Stefan Ajass de Qransenlə yenidən görüşməyə başladı. 1828-ci ildə isə Avroranın Solanj adlı qızı dünyaya gəldi.

Və belə deyirlər ki, uşağın atası məhz Qransendir. Ümumiyyətlə, onun istər ailə həyatını, istərsə də intim münasibətdə olduğu əlaqələrin heç birini "uğurlu" adlandırmaq olmaz.

Jorj Sand və Frederik Şopen
Hətta yazıçı dünyanın ən məşhur musiqiçilərindən biri sayılan Şopenlə birlikdə olmasından da, onunla intim əlaqələrindən də narazı qalmışdır.

Hələ uşaq yaşlarında nələrisə yazmaq, təxəyyülündə olanları təsvir etmək istəklərini ciddi şəkildə gerçəkləşdirməyə qərar verdi və demək olar ki, günün çox hissəsini yazmağa həsr etməyə başladı.

Onun fitri istedadı, istədiyini qarşısındakına çatdırmaq qabiliyyəti Avroranın işini asanlaşdırırdı.

O özünün əsl adından - Amandina Avrora Lüsil Dyüpendən də əl çəkdi və özünü Jorj Sand adlandırdı.

İlk romanı - "İndiana"nı nəşr etdirəndə onun 28 yaşı var idi. Roman gözləndiyindən də böyük əks-səda doğurdu.

Oxucular, tənqidçilər uzun müddət bu əsər haqqında danışdılar. Əminliklə demək olar ki, o bu romanla adını ilk əsəri müəllifinə böyük şöhrət gətirən yazıçıların sırasına yazdı.

Və artıq onu yazıçı Jorj Sand adlandırmağa başladılar.

Romançılığı...

Çox çəkmədi ki, yazıçının ikinci romanı - "Valentina" cap olundu.

Bu ikinci uğurdan sonra Jorj Sand özünü bütünlüklə yaradıcılığa verdi və qısa zaman içərisində "Melxior" əsərini yazdı.

Üçüncü romanı ilk əsərləri kimi səs-küy yaratmadığına baxmayaraq yazıçı ruhdan düşmədi.

O yazmağa böyük ehtiyac duyurdu.

Jorj Sandın əl yazısı
Onun yazmaq enerjisi o dövrdə bir sıra ədəbi tənqidçiləri heyrətdə buraxırdı.

Məhz bu enerjinin hesabına idi ki, o 1833-35-ci illər ərzində beş roman tamamladı.

Bu əsərlərin hər birinin böyük qızğınlıqla qarşılandığını demək olmasa da, hər halda fransızlar bu gənc romançını artıq tanıyır, kitablarını, yeni əsərlərini gözləməyə başlamışdı.

Bundan başqa, Jorj Sandı çox az müddət ərzində ədəbi mühit də tanımışdı.

Onun Fransanın böyük yazıçısı Viktor Hüqo ilə yazışdığı da məlumdur.

1848-ci il 15 mayda Fransada baş verən hadisələr, siyasi keşməkeşlər də yazıçının bu dövrlərdəki əsərlərində öz əksini tapdı.

Bütün baş verənlərə özünəməxsus yanaşma tərzi olan Jorj Sandın hətta həmin vaxtlar həbs olunduğu da deyilir.

Hətta o da bildirilir ki, yazıçı suçlanan bəzi respublikaçıların həyatını uçurumdan qurtarmağa nail olmuşdur.

Şəxsi həyatında daim müxtəlif cür macəralar yaşayan Jorj Sandın demək olar ki, heç zaman normal hesab ediləcək nə ailəsi nə də sonadək sevdiyi, və ya sadiq qaldığı məhəbbəti olmuşdur.

Hətta onun haqqında yazılanlarda Sandın gah biseksual, gah lesbiyanka, gah da frigid olduğu göstərilir.

Amma onun 60 yaşınadək sevgililərinin olması məlumdur.

Bütün bunlara baxmayaraq Jorj Sandın nəinki fransız romançılığında, hətta bütövlükdə Avropa prozasında əvəzsiz yeri vardır.

Böyük yaradıcı enerjiyə, parlaq istedada, özünəməxsus üsluba malik Jorj Sand çox böyük ədəbi irsə malikdir.

O, 35-ə yaxın romanın, 70-dən çox nəsr əsərinin və digər yazıların müəllifidir.

Əsərləri demək olar ki, dünyanın əksər dillərinə tərcümə olunub.

O dövrün bir sıra tənqidçiləri deyirdilər ki, Jorj Sandsız Fransa nəsrinin bir tərəfi havada qalardı.

1870-ci ildən sonra Jorj Sand yaradıcılıqla demək olar ki, əvvəlki enerji ilə məşğul olmayıb.

Onun yaradıcılıq xronikasına nəzər yetirəndə məlum olur ki, yazıçı son altı ildə cəmi bir neçə iri nəsr əsərini tamamlayıb.

72 ilədək ömür sürən Jorj Sand 1876-cı il 8 iyunda həyatının sonuna gəlib çatdı.

Və o, Noanda vəfat etdi.

Və bu istedadlı yazıçının tarixdəki yerini Viktor Hüqonun bir cümləsi ilə təyin etmək mümkündü.

Jorj Sandın ölümündən sarsılan böyük Hüqo yazmışdı:

"Onun ölümünə ağlayır, ölməzliyini salamlayıram".

"Ədalət" qəzeti

Həmçinin oxu
Göy üzündə "gəzən" ürək...
Ölümün "sevdiyi" ailə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG