Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15
«Ərim şikayət yazmamışdan əvvəl icra başçısı Əziz Əzizovun yanında olub, Əziz Əzizov da ona deyib ki, get kimə istəyirsən şikayət elə, mənim heç kimdən qorxum yoxdur. O da gəldi oturdu icra başçısının Cəlilabadda etdiyi özbaşınalıqlardan yazdı».

«QAZ XƏTTİ ÇƏKDİRMƏYİN AQİBƏTİ»

Cəlilabad rayon sakini Şəfa Əhmədov bu il aprelin 5-də prezident İlham Əliyevə rayondakı özbaşınalıqlar və rüşvətxorluqla bağlı şikayət məktubu göndərəndən üç gün sonra həbs olunub. Onu xuliqanlıqda ittiham ediblər və avqustun 2-də Cəlilabad rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şəfa Əhmədovun həyat yoldaşı Sehran Haqverdiyeva deyir ki, yaşadıqları mənzilə qaz xətti çəkdirmək üçün dəfələrlə müvafiq idarələrə müraciət ediblər. Aldıqları cavab bu olub ki, rayon ərazisində qaz məsələsi başçının nəzarətindədir və mənzilinə qaz çəkdirmək istəyən başçıya müraciət etməlidir.

Şəfa Əhmədovun qızı Lalə Əhmədova deyir ki: «Atam şikayətlər yazandan sonra onu həbs etdilər. Məni polisə çağırdılar, dedilər ki, ərizə yaz ki, atan əsəbi olduğuna görə prezidentə yazıb və yazdıqları həqiqətə uyğun deyil. Biz də onu buraxaq. Ancaq mən razılaşmadım və sabahı gün atam barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb həbs qətimkan tədbiri seçdilər».

«ATAMA QARŞI İTTİHAMLAR QURAMADIR»


Şəfa Əhmədova verilən ittihama görə, o, geyim alveri ilə məşğul olduğu və İran bazarı kimi tanınan bazarda Vaqif Bünyadov adlı bir nəfəri döyüb. Lalə Əhmədova deyir ki, ittiham quramadır. Məhkəmədə hökm elan olunarkən onu və anasını məhkəmə zalına buraxmayıblar. Məhkəmə Şəfa Əhmədova 3 il ay 6 həbs cəzası kəsib.

Lalə Əhmədova atasının həbsinə qədər rayonda Heydər Əliyev Muzeyinin direktoru işləyib. Atasının həbsindən sonra - aprelin 12-də onu da işdən çıxardıblar. Lalə Əhmədova işə bərpa ilə bağlı Cəlilabad rayon Məhkəməsində iddia qaldırsa da, 2 aydan sonra məhkəmə çıxardığı qərarla onun iddiasını təmin etməyib.

Cəlilabadda mərkəzi küçə
Lalə Əhmədovanın sözlərinə görə, baş verənlər barədə prezidentə, güc nazirliklərinə çoxsaylı teleqram və məktub göndərib. Lakin icra hakimiyyəti başçısının göstərişi ilə rayon mərkəzi poçtunda məktubların ünvana çatdırılmasında əngəllər yaradılıb.

«ƏHMƏDOVLAR AİLƏSİ İCRA BAŞÇISINA QARŞI QƏRƏZLİDİR»


Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun köməkçisi Malik Şərbətov isə deyir ki, rayon sakinin həbsinin icra başçısı ilə heç bir əlaqəsi yoxdur:

«Onların ittihamlarının heç bir əsas yoxdur. Xuliqanlıq edib, buna görə cinayət işi qaldırılıb, iş gedib, məhkəmənin işinə də heç kəs müdaxilə edə bilməz».

Şəfa Əhmədovun həbsindən sonra qızı Lalə Əhmədovanın işdən çıxarılması məsələsi ilə bağlı isə köməkçi belə dedi:

«Heydər Əliyev muzeyində işləyirsə, deməli, atası gedib xuliqanlıq etməlidir? İşə çıxmayıb, ona görə də işdən çıxarıblar. Bununla bağlı məhkəməyə müraciət edib, məhkəmə də öz qərarını verib».

«Əhmədovlar ailəsinin rayon icra hakimiyyəti başçısından şikayətlənməsinin səbəbini nədə görürsünüz?» sualına isə köməkçi cavab verdi ki, ailə icra başçısına qarşı qərəzlidir. Qərəzin hansı səbəbdən yarandığını isə icra başçısının köməkçisi izah edə bilmədi.

Bundan əvvəl Naxçıvanda oxşar hadisələr baş vermişdi. Muxtar respublikada baş verən özbaşınalıqlardan prezident İlham Əliyevə şikayət məktubu yazan Ələsgər İsmayılovu ruhi xəstəxanaya salmışdılar.

Yevlaxda isə sahibkar Bəhram Sultanov prezident İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya icra hakimiyyəti başçısının özbaşınalıqlarından şikayət etdiyinə görə ticarət obyektlərini sökmüşdülər.

Şərhləri göstər

XS
SM
MD
LG