Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21

Əsir əsgər ailəsinə məktub yazıb


Ötən il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyev ailəsinə məktub göndərib.

Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu gün onlara gələrək əsirin məktubunu təqdim ediblər. A. Hacıyev ailəsinə ünvanladığı məktubunda yazır:

«Salam. Mənim də vəziyyətim yaxşıdır. Nənəmə, dayılarıma, bir sözlə hamıya salam söyləyin. Qonşu uşaqlara deyin ki, hər şey onların fikirləşdiyi kimi deyil».

N. Məmmədovanın sözlərinə görə, BQXK nümayəndələri A. Hacıyevin səhhətində heç bir problem olmadığını deyiblər:

«Mənə dedilər ki, Anar yaxşıdır. Azərbaycanla bağlı kitablar oxuyur. Ona 17-ci əsrə aid kitab veriblər ki, oxusun. Tezliklə Anarla bir daha görüşəcəklərini bildirdilər».

BQXK-nin Bakı ofisinin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova faktı təsdiqləyib. Onun sözlərinə görə, ötən gün komitənin Ermənistan nümayəndəliyi əsirlikdə olan iki Azərbaycan vətəndaşına baş çəkib. İ. Hüseynova görüşün detalları barədə əlavə açıqlama verməyib.

BQXK əməkdaşları sonuncu dəfə A. Hacıyevə bu il mayın 12-də baş çəkiblər.

1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.

Ermənistan hərbi qüvvələri tərəfindən əsir götürülən ikinci şəxs Tovuz sakini Eldar Tağıyevdir. O, mülki şəxsdir. 1963-cü il təvəllüdlü Tağıyev Eldar 2009-cu il dekabrın 28-i, saat 18:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında erməni hərbçiləri tərəfindən girov götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG