Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:31

Henrix Böll. Yazmaq riski


Yeddi il bundan qabaq məşhur bir jurnalın baş redaktorunun yanına getmişdim. İstəyirdim əlyazmamın bir nüsxəsini ona verim.

İçəri girməyə icazə aldıqdan sonra əlyazmanı (bu, bir hekayə idi) ona təqdim etdim. Amma o, heç yazının üzünə də baxmadı.

Onu stolunun üzərində qalaqlanmış kağızların üstünə qoyub katibəsinə tapşırdı ki, mənim üçün bir fincan qəhvə gətirsin, özü isə bir stəkan su içib dedi:

- Sizin əlyazmanı sonra oxuyacağam, ola bilsin bir-iki aya.

Görürsünüz də, burada nə qədər yazı yığılıb. Amma lütfən, mənim bir sualıma cavab verin, çünki sizin həmkarlarınızdan heç biri (səhərdən onların yeddisi mənim yanımda olub) ona qənaətbəxş cavab verə bilməyib: nə üçün istedadlar bu qədər çox, (zarafat eləmirəm), mənim kimi idarəçilər isə bu qədər azdır?

Mən nəşr etdiyim jurnalı sevirəm.

Amma köhnə peşəmə qayıtmağa məcbur olsam, ölmərəm.

Mən ülgüc istehsal edən bir fabrikdə reklam şöbəsinin müdiri idim, bununla yanaşı teatr tənqidi ilə məşğul olurdum, çünki ondan həzz alırdım.

Bəs sizin bir peşəniz varmı? Nə işin sahibisiniz?

- Hazırda mən bir statistika idarəsinin işçisiyəm.

- Və siz bu işə nifrət edir, onunla məşğul olmağı özünüzə təhqir sayırsınız, eləmi?

Mən dedim:

- Yox, mən öz işimə nifrət etmirəm və qətiyyən onunla məşğul olmağı özümə təhqir bilmirəm. Mən arvad-uşağımı onun sayəsində dolandırıram, hərçənd istədiyim kimi yox.

- Amma buna baxmayaraq, siz bu zərurəti hiss edirsiniz ki, makinadan çıxmış əzik-üzük əlyazmalarla o yan-bu yana qaçasınız, yaxud onları poçtla göndərəsiniz. Və əgər onların hamısı geri qaytarılsa belə, siz yeni şeylər yazmaqda davam edəcəksiniz, deyilmi?

«Bəli» - dedim.

- Niyə bu işi görürsünüz? Cavabınızı yaxşı-yaxşı düşünün, çünki o, həm də mənim birinci sualıma cavab ola bilər.

Bu sual heç vaxt mənə verilməmişdi və mən baş redaktor hekayəmi oxuduğu müddətdə onun üzərində düşündüm. Axırı dedim ki, başqa çarəm yoxdur. Baş redaktor gözünü yazıdan ayırdı. Qaşlarını dartıb dedi:

- Bu, böyük bir sözdür. Mən bir dəfə onu eynən bir bank oğrusundan eşitmişəm. Məhkəmədə hakim ondan soruşdu ki, nə üçün bu oğurluğu planlaşdırıb və həyata keçirib. O da dedi ki, mənim başqa çarəm yox idi.

Mən dilləndim:

- Güman ki, o haqlı olub, amma mənim də haqlı olmadığıma bir dəlil yoxdur.

Baş redaktor susdu və mənim hekayəmi axıracan oxudu.

Hekayə dörd makina səhifəsindən ibarət idi və onu oxumaq üçün baş redaktora lazım olan on dəqiqə ərzində mən bu barədə düşündüm ki, görəsən, həmin suala daha yaxşı cavab varmı?! Amma başqa bir cavab tapa bilmədim.

Qəhvəmi içib siqaret çəkdim. Çox istəyirdim ki, o, hekayəmi öz yanımda oxumasın. Hər halda, mən ikinci siqareti yandıranda, o, hekayəni bitirib dedi:

- Sualıma verdiyiniz cavabdan xoşum gəldi, amma hekayənizi bəyənmədim. Başqa bir şeyiniz varmı?

«Bəli» - söyləyib çantamdakı beş əlyazmadan daha qısa olan birini seçərək, ona verdim və dedim:

- Siz bunu oxuyana qədər bayırda gözləmək istərdim.

Baş redaktor dedi:

- Yox, yaxşı olar ki, burada qalasınız.

İkinci hekayə daha yığcam idi, cəmi üç makina səhifəsindən ibarətdi. Onun oxunması üçün yalnız bir siqaret çəkməyim lazım oldu. Nəhayət, baş redaktor dilləndi:

- Bu hekayəniz yaxşıdır, hətta o qədər yaxşıdır ki, mən bunların ikisini də bir adamın yazdığına inana bilmirəm.

Mən dedim:

- Amma hər halda belədir, ikisini də mən yazmışam.

O dedi:

- Mən bunu dərk edə bilmirəm, çox da inandırıcı deyil. Birincisi, iddia ilə dolu və dini motivlərdən quraşdırılmış bayağı bir hekayədir, amma ikincisi (sizə yaltaqlanmağım üçün heç bir səbəb yoxdur), mənim fikrimcə, fövqəladə bir əsərdir. Lütfən, bunu izah edin.

Mən izah edə bilmədim və bu günə qədər də ona bir izah tapa bilməmişəm.

Əslində yazıçı, mənim nəzərimdə, həmən bank oğrusu ilə müqayisə olunmalıdır ki, hədsiz bir həyəcanla oğurluğu planlaşdırıb gecənin bir aləmi seyfi açır və bu zaman nə qədər pul, nə qədər cəvahirat əldə edəcəyini bilmir: o, hansı qəniməti ələ keçirəcəyini bilmədən özünü iyirmi illik həbs təhlükəsinə atır.

Mənim fikrimcə, şair və yazıçı başladığı hər yeni əsərlə indiyə qədər yazdıqlarının hamısını qumara qoyur; bu zaman belə bir təhlükə mövcuddur ki, seyf boş olsun, özü ələ keçsin və bütün əvvəlki oğurluqlarının nəticəsi də araşdırılsın.

Yəqin ki, hər bir yazıçının başlıca göstəricisi, onu başqalarından fərqləndirən əsas şey onun üslubu və imzası ilə birgə sənətkarlıq möhürüdür.

Amma elə ki başqaları – oxucular və tənqidçilər – ona bu xüsusi əlaməti verdilər, son sınaq başlayır: belə ki, bundan sonra yazmaq həmişə «başqa çarəsi olmamaq» olmayıb açıq-aşkar təkrara çevrilə bilər, əlbəttə, ustalıqla edilən təkrara.

Mahir oğrular və boksçular üçün hər yeni oğurluq və döyüş əvvəlkilərdən daha ağır və təhlükəli olduğu kimi (çünki artıq günahsızlıq bir dəfə itirilib və onun yerini ayıqlıq tutub), yazıçı üçün də belə olmalıdır və mən əminəm ki, yazıçılar birliyində üzvlüyünü möhürlə təsdiqləyən və yaradıcılıq fəaliyyətini əks etdirən sənəd kitabxanasında asılmış olsa da, çoxları üçün məhz belədir.

Hər bir sənətkar üçün müxtəlif imkanlar mövcuddur, təkcə bir imkandan başqa: özünə istirahət vermək və «işimi qurtardım» söyləmək - o, bu böyük, insani, dəyərli və qibtə doğuran sözü tanımır.

Ola bilər ki, o, həmişəlik, yaxud müəyyən müddət üçün öz sənətinin sonuna çatsın və bu həqiqəti qəbul etmək qərarını çıxarsın; bununla o, öz sənətkarlığına xitam vermiş olardı.

Əlbəttə, mən bu təsəvvürü axıra çatdıra bilmirəm.

Bir dəfə bir kitaba (təəssüf ki, unutduğum üçün onun müəllifinin adını çəkə bilməyəcəyəm) yazılmış tənqiddə oxumuşdum ki, bir az hamilə olmaq mümkün deyil və belə görünür ki, fərdin hansı peşəyə yiyələnməyi istəməsinə baxmayaraq, bir az sənətkar olmaq da mümkün deyil.

«Başqa çarəsi olmamaq» böyük bir sözdür və mən indiyədək «nə üçün yazırsan?» sualına bundan yaxşı cavab tapmamışam: sənət yaşayış və onu qorumaq üçün azsaylı imkanlardan biridir – istər onu yaradanlar, istərsə də onu qəbul edənlər üçün.

Doğum və ölüm, eləcə də onlar arasında baş verənlər nə qədər təkrarolunmazdırsa, sənət də bir o qədər təkrarsızdır.

Əlbəttə, elə insanlar var ki, həyatlarını təkrarla yaşayırlar, amma onlar daha diri deyillər.

Elə sənətkarlar və ustadlar var ki, təkrarçılara və mirzələrə çevrilmişlər, amma onlar (özləri və başqaları qarşısında cavabdehlik daşımadan) daha sənətkar olmaqdan əl çəkiblər. İnsan pis əsər yaradanda yox, hər cür təhlükədən qorxduğu anda sənətkar olmaqdan əl çəkir.
1957-ci il

Çevirəni: Məsiağa Məhəmmədi
"Cahan" jurnalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG