Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06

Şekspirin oğurluq kitabını satana 8 il həbs cəzası kəsildi


Uilyam Şekspir (1564-1616)

Uilyam Şekspir (1564-1616)

Şekspirin 17-ci əsrdə çapdan çıxmış kitabını satmağa cəhd etmiş britaniyalını 8 il müddətinə azadlıqdan məhrum ediblər.

Hazırda işsiz olan 53 yaşlı kitab taciri Raymond Skott dahi ingilis dramaturqunun “Birinci Folio” kitabının nadir nüsxəsini Amerikada – Vaşinqtonda yerləşən Folger Şekspir Kitabxanasına satmağa cəhd edərkən yaxalanmışdı.

1623-cü ildə buraxılmış kitab 1998-ci ildə Britaniyada – Durhan Universitetində nümayiş etdirilərkən oğurlanmışdı.

Amma Skott kitabı Kubada tapdığını deyir və oğurluqla bağlı ittihamları rədd edirdi.

Britaniya məhkəməsi Skotta qarşı oğurluq ittihamını qəbul etməsə də, onu oğurluq malı ölkədən çıxarıb başqa ölkəyə aparmaqda təqsirli bilib.

Məhkəmə qərarında deyilir ki, Skott kitabı satmaqla özünün həddən ziyadə dəbdəbəli həyat tərzini sürdürmək üçün yeni maliyyə mənbəyi əldə etmək və Kubada tanış olduğu qadının qarşısında lovğalanmaq istəyib.

Hakim qərarda göstərib ki, Skottun psixikasında problem yoxdur, sadəcə o müəyyən mənada xəyalpərəstdir.

İttihamnamədə deyilir ki, Skott sosial yardım hesabına anası ilə bir evdə yaşamasına və kredit kart borcları içində üzsə də, sarı Ferrari sürür, özünü zəngin şəxs kimi göstərməyə çalışır.

1623-cü ildə buraxılan "Birinci Folio" kitabının mündəricatının surəti
Elə məhkəməyə də o gümüşü limuzində - başında panama gəlib və fotojurnalistlərə poza verib.

“Birinci Folio” (pyeslər toplusu) Şekspirin ölümündən 7 il sonra 750 nüsxə ilə nəşr edilib.

Həmin nəşrin üçdə biri dövrümüzə gəlib çatıb.

Onların bir çoxu natamamdır, cırılmayan 40 nüsxənin çoxu muzey və şəxsi kolleksiyalarda saxlanır.

Məhkəmədə nümayiş etdirilən nüsxənin - oğurlandıqdan sonra - - izi azdırmaq üçün cildi və titul səhifəsi cırılıb.

Müstəqil ekspertlər hətta bu vəziyyətdə də kitabın dəyərinin təxminən 1,5 milyon dollar olduğunu bildirirlər.

Kitabı geri alan Durham Universitetinin rektoru Kris Higgins kitabın cırılmasını “qəddar vandallıq” adlandırıb.

(AP)

Günün bütün mövzuları

XS
SM
MD
LG