Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:27

Cazibənin yanlış təəssüratları


İlhamə Qasımlı (Foto: Mediaforum)
İlhamə Qasımlı (Foto: Mediaforum)
İlhamə Qasımlı
Ankara

Heç serial həvəskarı deyiləm. İndiyə qədər az-çox maraq göstərdiyim “Arka sokaklar” və “Yabancı damat” serialları olub ki, bunlardan birincisi detektiv mövzusu, digəri isə yarisiyasi mövzusu ilə mənə maraqlı görünüb.

Təxminən bir aydır ki, Surec filmin istehsalı olan “Yahşi cazibe” serialını izləməyə başlamışam. Çox yaxın qonşum Selver abla bir gün mənə dedi ki, “xəbərin varmı, gələn həftədən siz azərilərdən yeni dizi baslayır”.

Filmin adını eşidincə yadımda saxladım və Türkiyədə yaşayan azərbaycanlı marağı ilə ilk bölümündən ekran qarşısına keçdim.

Kino tənqidçiliyinə iddiam olmadan, diqqətli tamaşaçı kimi onu deyə bilərəm ki, filmin ilk bölümü mənə təbii və real təsir bağışlamadı.

Bir tərəfdən köhnə model çemodanlarla İstanbul dəmir yol vağzalına gələn Cazibənin filmdə müasir və zövqlə təsvir olunması təzadlı gəldi mənə.

Üstəlik, filmin, səhv etmirəmsə, ikinci bölümündə iş yerinə “karxana” deyilməsi məni təəccübləndirdi.

Filmin həmin bölümünün məsləhətçisi olan Məlahət Abbasovadan “karxana” sözünün iş yeri mənasında işlədilməsinin kimin ideyası olduğunu soruşanda xəbərsiz olduğunu dedi.

Filmin bədii-estetik tərəflərini çox yorumlamadan yazını yazmağıma səbəb olan əsas məsələyə keçirəm.

İnternet vasitəsi ilə də olsa, izlədiyim Azərbaycan mətbuatı, eləcə də üzvü olduğum Facebook sosial şəbəkəsindən mənə məlum olduğuna görə, Azərbaycanın ictimai rəyində bu filmdə Azərbaycan qadınının təhqir olunduğu ilə bağlı fikirlər səslənir.

Serialda Azərbaycan türkcəsinin təhrif olunmuş formada tələffüzünün olduğu ilə bağlı fikirləri mən də dəstəkləyirəm. Amma hazırda Türkiyədə yaşayan azərbaycanlı olaraq bu filmdə təhqir elementlərinin nədən ibarət olduğunu anlamıram.

“Yahşi Cazibe”nin Azərbaycan qadınlarını təhqir etdiyi ilə bağlı mövqenin iddiaçıları filmdə necə bir obraz təsvir edirmişlər?! Yoxsa Azərbaycan qadınlarının Türkiyədə insan alverində ən çox adı hallanan xarici vətəndaş qrupundan olduğunumu bilmirlər?!

Və ya Türkiyədə işləmək və yaşamaq hüququ almaq üçün nəinki gənc qızların, hətta 50-60 yaşlarında olan qadınların belə, külli miqdarda pul qarşılığında Türkiyə vətəndaşları ilə formal nikaha girdiklərinimi bilmirlər?!

Şəxsən mən belələrini dəfələrlə görmüşəm.

Və çox təəssüf ki, məhz belələrinin üzündən real və xoşbəxt ailə həyatı yaşayan azərbaycanlı-türk ər-arvadlar digər saxta yabançı evliliklər kimi izlənilir – bəzən gecə saat 3-4-də belə polis evə girib gerçək ər-arvad münasibətlərin olub-olmadığını yoxlayır.

“Yahşi Cazibe”nin yaradıcı heyəti də məhz bu reallıqdan yanaşıb ssenariyə.

Amma Azərbaycandakı narazılığın əksinə olaraq mən bu serialın Azərbaycan qadınını təhqir etdiyini nəinki düşünmürəm, hətta hesab edirəm ki, Azərbaycan qadınının ailəcanlı, namuslu, bacarıqlı imicini yaratmağa xidmət edir bu serial.

Görəsən, “Yahşi Cazibe”ni tənqid edənlər Surec filmin istehsalı olan digər bir serialı – “Türk malı”nı izləyiblərmi?

Filmin qəhrəmanı Abiyenin timsalında türk qadını aşağılanır. Səviyyəsiz və bütün günü boş-boş danışan, evdar qadın olmasına rəğmən yemək bişirməyi bacarmayan birisi kimi təsvir olunub türk qadını.

Elə serialın qəhrəmanlarına xitabən, onun “Türk malı” adlandırılması, yəni türk insanının mal, əşya yerinə qoyulması müəllifin mövzuya sərt yanaşmasının göstəricisidir.

Hər iki serialı izləyənlər hansı filmdə kimin təhqir olunduğunu aydın görər.

Bu arada serialın məsləhətçisi və Cazibə rolunun ifaçısı Aslıhan Gürbüzün Azərbaycan türkcəsində danışmağa hazırlanmasına məsul olan aktrisa Məlahət Abbasova Azərbaycandakı müzakirə və tənqidlərdən çox təsirlənib.

Məlahət xanım bu təpkiləri təxminən bir il əvvəldən görərək serialda ona həvalə olunmuş roldan imtina edib.

Nəticədə isə təxminən 200 min dollar dəyərində olan müqavilə imzalanmasına baxmayaraq, 3 ay sonra bu anlaşmaya xitam verilib.

Məlahət Abbasova deyir ki, ssenari ilə tanışlıqdan sonra evləndirmə firmasının müdiri rolunu canlandırmaq fikrindən vaz keçib.

Məhz Məlahət xanımın imtinasından sonra yazarlar qrupu ssenaridə ixtisar və dəyişiklik etməyə məcbur olub, nəticədə isə Cazibənin nikaha girməsində vasitəçilik edən Gülün rolu əsas roldan ikinci dərəcəli rol səviyyəsinə düşüb.

Məlahət xanım deyir ki, həm bu rolun məzmununa, həm də Ana Vətəni Azərbaycanda bu rolun birmənalı qarşılanmayacağı ehtimalına görə serialdakı rolundan imtina etmək qərarı verib.

Məlahət xanımı yalnız aktrisa kimi deyil, həm də (və daha çox) bir insan və Azərbaycandan kənarda yaşayan dəyərli soydaşımız kimi tanıdığım üçün bu serialın məsləhətçisi olaraq onun özünə qarşı hücumlardan necə təsirləndiyinin şahidiyəm.

Qələm əhli sayılan bir çoxları Məlahət xanımın azərbaycanlılığını bir an belə unutmadan ölkəmizlə bağlı tədbirlərə nəinki həvəs və enerji ilə qatıldığını, hətta belə tədbirlərin təşkilində TƏMƏNNASIZ olaraq iştirak etdiyini bilirlər.

Azərbaycandan gələn təpkilərdən çox təsirlənən Məlahət xanım filmin məsləhətçisi statusundan da imtina edib.

Aktrisa Aslıhan Gürbüz – Cazibə isə yeni öyrənməyə başladığı Azərbaycan şivəsindən necə təsirlənibsə, yaxın rəfiqəsi olan Məlahət Abbasovadan Bakıya getdiyi zaman onu mütləq Azərbaycana aparmasını xahiş edib.

Cazibənin timsalında Azərbaycan qadınlarının təhqir olunduğunu iddia edənlər serialdakı ağıldan yüngül patron qızı, eyni zamanda Kamalın hazırkı sevgilisi ilə bağlı nə düşünürlər? Düşünmürlərmi ki, patron qızının timsalında türk qızları axmaq kimi təqdim olunur?!

Məlahət xanım serialın qarşıdakı bölümlərinin nümayişini qabaqlayaraq onu da dedi ki 4-cü seriyada qəfildən oğullarının evinə qonaq gələn Kamalın ata-anası Cazibəni həqiqi gəlinləri zənn edərək, övladlarının belə bir bacarıqlı, tərbiyəli və böyük-kiçik yeri bilən bir qızla evlənməsindən sevinirlər.

Anası “oğlum nə qədər şanslıdır ki, sənin kimi bir qızla evləndi. İndi sənin kimi gızlar harda var ki?!” - deyir. Serialın sonrakı bölümlərində Cazibəyə dəlicəsinə aşiq olan Kamal isə təəssüflə “bizim qızlarla Azərbaycan qızlarının arasında çox fərq var” - deyərək, Cazibəni gec tanıdığına üzülür...

Bunun nəyi təhqir oldu?! Bu serialı bəyənməyənlərə mövzunun Sovet ideologiyasına bənzər monoton təqdimatımı lazımdır?!

"APA"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG