Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

«Azadlıq»ın qapıları açıldı


Qəzetin əməkdaşı Natiq Güləhmədoğlu
«Azadlıq» qəzetinin avqustun 4-də öz nəşrini bərpa edəcəyi gözlənilir. Artıq bu qəzetlə «Azərbaycan» nəşriyyatının rəhbərliyi arasında borc üzündən yaranan qalmaqal yoluna qoyulub.

Avqustun 3-ü gündüz 2-dən etibarən, qəzetin kollektivi nəşriyyatın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı redaksiyalarına buraxılıblar. Avqustun 2-də isə nəşriyyat rəhbərliyi bu qəzetin onlara 16 min manat borcu olduğunu əsas gətirərək kollektivi redaksiyalarına buraxmamışdı.

MÜXBİRLƏR ÇAYXANADA

Avqustun 3-ü səhər saatlarında isə «Azadlıq» qəzetinin müxbirləri nəşriyyatın birinci mərtəbəsindəki bufetdə oturub vaxtlarını çay içməklə keçirirdilər. Arabir də qəzetin redaktoru ilə telefonla əlaqə saxlayaraq nəşriyyat rəhbərliyi ilə gedən danışıqların nəticələri ilə maraqlanırdılar.

Bufetdə isə ağız deyəni qulaq eşitmirdi. Müxbirlərdən bir neçəsi ilə hal-əhval tutmaq üçün nəşriyyatın qarşısına çıxırıq. Qəzetin əməkdaşı Natiq Güləhmədoğlu deyir ki, polis onları nəinki öz otaqlarına, heç nəşriyyatdakı digər redaksiyalara da buraxmır:

«Məsələn deyirik ki, şikayətçi kimi hansısa redaksiyaya gedirik, yaxud filan redaksiyada tanışımız var, ona dəymək istəyirik, buraxmırlar. Deyirlər ki, sizinlə bağlı göstəriş var, heç bir əməkdaşınız birinci mərtəbəni adlaya bilməz».

16 MİN MANATA GÖRƏ «AZADLIQ»LA BELƏ TƏHQİRAMIZ DAVRANMAQ OLMAZ

«Azadlıq» qəzeti 2007-ci ildən «Azərbaycan» nəşriyyatının 9-cu mərtəbəsində fəaliyyət göstərir. Bundan əvvəl düz 13 il isə bu qəzet
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov
Xaqani-33 ünvanında fəaliyyət göstərib. Qəzet məhkəmə yolu ilə həmin ünvandan çıxarıldıqdan sonra, bu ünvanda yerləşən 2 mərtəbəli bina da tamamilə söküldü. İndi orada Hesablama Palatasına məxsus bina ucalır.

Natiq Güləhmədoğlu deyir ki, «Azadlıq» qəzetinin Azərbaycanın müstəqillik qazanmasında müstəsina xidmətləri olub. 16 min manatdan ötrü onlarla belə təhqiramiz davranmaq olmaz:

«İndi Azərbaycan hökuməti fəxrlə danışır ki, Belarus və digər ölkələrin borclarını ödəyir. Nə olar, bu qəzetə də imkan versinlər yavaş-yavaş 16 min manat borcunu ödəsin. Yoxsa belə repressiv tədbirlər yolverilməzdir».

Qəzetin başqa bir əməkdaşı Vidadi Məmmədov isə deyir ki, diktofon və fotoaparatları redaksiyada qaldıqlarından yazı da hazırlaya bilmirlər. Dəfələrlə avadanlıqlarını götürmək üçün icazə istəsələr də, buna da imkan verilmir.

«AZADLIQ»IN QAPILARI AÇILDI

Nəhayət saat 14 radələrində xəbər gəldi ki, qəzet rəhbərliyi ilə nəşriyyat rəhbərliyinin danışıqları müsbət nəticə verib. «Azadlıq»ın qapıları kollektivin üzünə açıqdır.

Natiq Güləhmədoğlu deyir ki, redaksiyadan çıxarılmaq, qəzetin çapının dayandırılması onlar üçün artıq adi prosesə çevrilib.

Qəzetin baş redaktoru Qənimət Zahid
Qəzet əməkdaşları redaksiyaya daxil olub iş masasının arxasına keçirlər. Otaqlarda elə bil bir günün yox bir neçə ilin baxımsızlığı var. Bunu həm otaqların divarlarından, həm də içəridəki avadanlıqdan açıqca sezmək mümkün idi. Əslində bu, baxımsızlıqdan daha çox, qəzetin maddi çətinliklər içində çapaladığını göstərirdi.

Qəzetin baş redaktoru Qənimət Zahid deyir ki, borcun müəyyən bir hissəsini ödəməklə fəaliyyət göstərmələrinə icazə ala biliblər:

«Biz borcun bir hissəsini ödədik, qalanını isə əvvəlki qaydada ödəməyi bir daha öhdəmizə götürdük. Yəni əvvəllər də ayda 300-500 manat əlavə ödəyirdik. İndi bunu ödəyəcəymizi yazılı şəkildə ifadə etdik».

«Azadlıq» qəzetinin redaksiyasının yerləşdiyi otaqları gəzə-gəzə düşünürdüm ki, günün ikinci yarısı işə başlamaq qəzetin çapına əlavə maneələr yaratmayacaq ki?

Elə məsələnin bu tərəfini rəhbərlikdən soruşmaq istəyirdim ki, 15 il əvvəl bu qəzetdə çalışdığım dövrlər yadıma düşdü. Onda «Azadlıq»da iş əsasən qaranlıq düşəndən sonra qızışardı…

Şərhləri göstər

XS
SM
MD
LG