Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Ağcabədidə torpaqlar əldən çıxır...


Gələbədin kəndində fermerlər əkin sahələrinin şoranlaşmağa başlamasından çox narahatdırlar
«Ən böyük problemlərimizdən biri də torpaqların getdikcə şoranlaşmasıdır. Qrunt suların üzə çıxmasıdır, kollektorlar işləmir».

Ağcabədinin Gələbədin kəndində fermerlər əkin sahələrinin şoranlaşmağa başlamasından çox narahatdırlar. Çünki çörəyi torpaqdan çıxan kəndlinin torpağı şoranlaşarsa, deməli, o, torpaq itirəcək. Kənd sakini Məmmədəli Məmmədəliyev:

«Kommunist partiyasının vaxtında bu drenajlar təmizlənirdi. Amma çoxdandı bu drenajların, suvarma kanallarının düzgün təmizləndiyini görməmişəm. Qamış, ot alıb başına. Drenaj ayrı şeydir, şirəni çəkir, suvarma kanallarını şirə götürüb gedir».

- Fermer özü torpağını yuya bilərmi?

- Yox, fermerin gücü çatan iş deyil.

«ƏN ÇOX ŞORANLAŞMA ŞIRVAN BÖLGƏSİNDƏDİR»


Bəs şoranlaşmış torpağı kim yumalıdır və niyə yuyulmur? Bu sualın cavabına keçməzdən öncə deyək ki, Azərbaycanda torpaqların şoranlaşmasıyla bağlı vaxtaşırı fermer şikayəti eşidilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Dövlət Yer Quruluşu Layihə İnstitutunun şöbə müdiri Talıb Qurbanov deyir ki, son illər 51 rayonda, 715 min ha torpaqla bağlı araşdırmalar zamanı onun yalnız 325 min hektarının tam münbit olduğu aşkar olunub. Yerdə qalan hissə isə az, orta, ağır dərəcələrə müvafiq şorandır.

Talıb Qurbanov deyir ki, ən çox şoranlaşma Şirvan bölgəsindədir:

«Şirvanda demək olar ki, torpaqların 80 faizi şoranlaşmaya məruz qalıb. Sonra Muğan-Salyan, Kür-Araz ətrafında da torpaqlar şoranlaşır».

«KOLLEKTOR VƏ DRENAJ SİSTEMLƏRİ TƏMİZLƏNMƏYİB»


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qurbanəli Hüseynovun sözlərinə görə,
Əvvəl kolxoz-sovxoz vardı
sovet vaxtında şoranlaşmış torpaqları kolxoz-sovxozlar özləri təmizləyərdi, amma indi bu proses başlı-başına buraxılıb:

«Əksər suvarılan əkin sahələri olan rayonlarda kollektor və drenaj sistemləri təmizlənməyib. Ona görə də respublikada şoranlaşmış torpaqlar çoxdur».

«TORPAĞI BİZ YUMURUQ»


Hər iki müsahibim torpaqların yuyulmasına Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul olduğunu söyləyirlər. Cəmiyyətin meliorasiya şöbəsinin müdiri Mətləb Quliyev isə onların belə bir vəzifəsi olmadığını bildirir.

«Biz torpaqlarla məşğul olmuruq, biz meliorasiyayla məşğuluq».

- Bəs onun yuyulmasını hansı təşkilat aparır?

«İndi heç bir təşkilat. Əvvəl kolxoz-sovxoz aparırdı. Torpaqlar özəlləşdiriləndən sonra bu məsələ çətinləşdi. İndi fermer özü aparmalıdır. Fermerin onu aparmaq imkanı varmı? Heç o suyun pulunu 50 qəpikdən verə bilmir. Suvarmaya 1000 kub su verməlidirsə, 1 ha torpağı yumaq üçün aşağısı 10 min kub su lazımdır. Bunun pulunu necə verə bilər o?»

«VƏTƏNDAŞLARDAN YALNIZ PUL YIĞMAQLA MƏŞĞULDURLAR»

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qurbanəli Hüseynov isə Mətləb Quliyevlə razılaşmır. Deyir, düzdür, dövlət sifarişi olmadan Meliorasiya və Su Təsərrüfatı bu işi apara bilməz, bu qurum əsasən iri kanallar çəkməklə məşğuldur. Amma:

Əksər suvarılan əkin sahələri olan rayonlarda kollektor və drenaj sistemləri təmizlənməyib
«Təsərrüfat daxilində sudan istifadə edən birliklər var. Elə bu birliklər də demək olar ki, onların tabeliyindədir. Bu birliklər sudan istifadə edənlərdən pul yığandan sonra təsərrüfatdaxili drenaj sistemlərini də təmizləməlidir. Bu onların əsasnamələrindən ibarətdir. Onlar yalnız vətəndaşlardan pulu yığmaqla məşğuldurlar».

Meliorasiya üzrə mütəxəssis Ələsgər Yusifov isə deyir, Meliorasiya və Su Təsərrüfatı həm kollektorlar çəkməli, həm də drenajları təmizləməlidir. Onun sözlərinə görə, təkrar şoranlaşmış torpaqların təmizlənməsi daha çətindir, ona görə də, torpağa vaxtında qulluq lazımdır.

PUL YOXDUR


Meliorasiya və Su Təsərrüfatı suvarılan torpaqların 41 faizini əhatə eləyir, yeni tikintilər üçün isə vəsait çatışmır. Bunu idarənin şöbə müdiri Mətləb Quliyev bildirir.

Bəs son ildə meliorasiya sahəsinə həm büdcə xərcləri, həm də investisiya proqramı çərçivəsində ayrılan 750 milyon manat, dövlət xəttiylə xarici banklardan götürülən 200 milyon dollardan çox kredit nəyə xərclənib? Müsahibimiz ayrılan vəsaitin başqa işlərə, kanalların çəkilməsinə, su anbarların tikilməsinə sərf olunduğunu söyləyir. Deyir ki, o, konkret hara nə qədər xərcləndiyini bilmir, amma bu vəsaitdə əkin sahələrinin yuyulması nəzərdə tutulmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG