Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01
«Mənə fonddakı 7000 kitabı silməyim üçün göstəriş verdi. Dedi ki, silməsən, özüm hamısını rədd edəcəyəm. Mən də etiraz etdim. Bir neçə gün sonra mənim razılığım olmadan 7000-ə yaxın kitabı buradan yük maşınlarına doldurub apardılar. Heç indi də bilmirəm onları neylədilər».

AzadlıqRadiosunun Qaynar Xəttinə müraciət edən Bakı şəhər sakini Elza Abdullayeva 25 il çalışdığı Qaraçuxur Mədəniyyət Sarayında baş verənlərdən şikayətçidir.

Dediyinə görə, ARDNŞ-in tabeliyində olan Qurban Abbasov adına Mədəniyyət Sarayının yeni müdiri İlahə Səfərova burada 1939-cu ildən işləyən kitabxananın oxu zalını ləğv etmək, onu isə işdən kənarlaşdırmaq istəyir:

«10 aydır ki, işə başlamış yeni müdir İlahə Səfərova işə başlayandan sonra mənə bildirdi ki, oxu zalına heç bir ehtiyac yoxdur. Onu ləğv edib yerində dərnək yaradacam, çünki Mədəniyyət Sarayına pul lazımdır».

SƏN DEMƏ, ÖLKƏ DƏRƏBƏYLİK İMİŞ...

Hətta sovet dönəmindən qalma kitabların belə önəmli olduğunu düşünən Elza Abdullayeva kitabxananın ləğvilə barışa bilmədiyini deyir:

«Mən elə bilirdim ki, İlham Əliyevin kitabxanaların böyüdülməsi, yeniləşdirilməsi ilə bağlı dedikləri bizə də aiddir. Sən demə, bu ölkə dərəbəylik imiş».

Bundan sonra E. Abdullayevaya deyiblər ki, onu Neft Şirkətinin Mədəniyyət və İstirahət İşləri Departamentin Kadrlar İdarəsinin müdiri Qadir Əliyev çağırır. Qadir Əliyev Elza Abdullayevaya bildirib ki, onun ştatı ARDNŞ-in başqa bir qurumuna - Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının balansına köçürülür. Bundan sonra Suraxanıda yerləşən Mədəniyyət Sarayında işləyəcək:

KİTABI SÜPÜRGƏ ƏVƏZ ETSİN?

«Mən də Qadir Əliyevə dedim ki, mən 220 manat əməkhaqqı alıram. Zabratdan Qaraçuxura gündə 1 manat yol pulu verib gəlirəm. Mənim ikinci manatım yoxdu ki, yola verim, Suraxanı uzaqdı. O da cavab verdi ki, biz İlahə Səfərovaya bata bilmirik. Onun ARDNŞ-in yuxarı postlarında güclü dayağı var».

Bir neçə gündən sonra isə kitabxanaçıya bildiriblər ki, əgər köhnə iş yerində qalmaq istəyirsə, xadimə kimi işdə qala bilər. Başqa boş ştat yoxdur. Elza Abdullayeva düşünür ki, bütün bunlar onun işdən çıxarılması üçün bəhanələrdir.

KİTAB DA YERİNDƏ, KİTABXANA DA


Mədəniyyət Sarayının müdiri İlahə Səfərova isə AzadlıqRadiosuna bildirdi ki, nə kitabxananı ləğv ediblər, nə də kitabları məhv ediblər. İstəkləri Sarayı günün tələblərinə uyğunlaşdırmaqdır:

«O xanım dəfələrlə ARDNŞ rəhbərliyinə məktublar yazıb ki, guya Mədəniyyət Sarayında hansısa qanunsuzluqlar baş verir. İki dəfə ARDNŞ-dan bura yoxlama gəlib və Elza xanımın dediklərinin heç bir əsasının olmaması müəyyən olunub».

7000 kitabın daşınmasına gəlincə, İlahə Sərəfova deyir ki, onlar sovet ideoloğiyasını təbliğ edən kitablar imiş və onlara tələbat yox imiş:

İSTƏYİRİK BURA TÖVLƏYƏ YOX, SARAYA OXŞASIN

«Arxivə göndərilən kitablar ötən əsrin 30-cu, 40-cı illərinin Kiril əlifbası ilə yazılmış kitablarıdır. Leninin, Brejnevin, Stalinin, Krupskayanın külliyyatları onsuz da dövlət arxivlərində var. Onların üzərində qara rəngdə çirk təbəqəsi əmələ gəlmişdi. O otağa iydən qoxudan girmək mümkün deyildi. Biz onları Suraxanıdakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına apardıq. Buranı isə təmir edəcəyik. Biz istəyirik ki, bura tövləyə yox, saraya oxşasın. Şirkətdən gəliblər, baxıblar, şəkillər də çəkilib ki, 7000-ə yaxın kitab ordadır. Elza xanım isə deyir ki, guya biz onları zibilliyə atmışıq. Onu heç kəs işdən çıxarmaq istəmir. Çətin zamanədir. Onu işdən çıxardım, getdi qaldı küçələrdə, mən bunu istəmirəm».

Mədəniyyət və İstirahət İşləri Departamentin Kadrlar İdarəsinin mübiri Qadir Əliyev isə bildirir ki, Elza Abdullayevanın işdən çıxarılmasından söhbət getmir. Sadəcə o, ARDNŞ-in tabeliyindəki bir qurumdan o birinə keçirilib.

«Əmr artıq verilib, o xanım Suraxanıda işləməlidir. Ancaq getmək istəmir. Bu halda, qanunlara görə biz ona öz köhnə işində boş ştat təklif etməliyik. Burda da yalnız xadimə yeri boşdur. İstəməsə, məcburuq işdən çıxaraq».

- Mümkündürmü ki, təmirdən sonra həmin qadın öz yerinə qaytarılsın?

«Əgər Oxu zalı saxlansa, ola bilər. Ancaq orada köklü dəyişikliklər olacaq».

1 GÜNƏ 292 MANAT «İŞIQPULU»

Bakı Şəhəri Balaxanı qəsəbəsi Səməd Mənsur 1-də yaşayan Gülnaz Qəmbərova isə «Qaynar Xəttə»ə «Bakıelektrikşəbəkə» ilə bağlı şikayət göndərib. Yeni evinə köçəndən cəmi 1 gün sonra enerjisi kəsilən qadının hekayəsini onun öz dilindən eşidək:

«İyul ayının 2-də bu evə köçdük, 3-də gəlib işığımızı kəsdilər. Bizə deyirlər ki, sayğaca kod açmalısınız».

- Nə qədər cərimə yazılıb sizə?

- 292 manat.

- Siz onlara bildirmədiniz ki, sayğacın quraşdırılması abonentin yox, dövlət hesabınadır?

- Deyirlər elə bir qanun yoxdur, verməlisən, vəssalam. Ancaq «Bakıelektrikşəbəkə»nin ərazi üzrə nümayəndələrindən biri özü bizə bildirdi ki, sayğac bizim hesabımıza quraşdırılmamalıdır.

- Sizə verilən borc sənədində yazılıbmı ki, bu məbləğ kod açılması üçün ödənilməlidir?

- Yox. Yazıblar ki, bu, əlavə sərfiyyatdır. Bir neçə gün qabaq 50 manat ödəmişəm. Ancaq evimizə yenə enerji yenə verilmir. Gərək borcun hamısını ödəyək ki, işığımızı yandırsınlar. Özümüz də hətta sayğacla birləşdirməyə qorxuruq ki, gəlib yenə cərimə yazarlar. Bu birotaqlı evi min bir zəhmətlə tikmişik. Hələlik borcu ödəməyə imkanım yoxdur.

- Bəs enerjisiz necə yaşayırsınız?

- Çox çətin. Bura təzə məhəllələrdir, nə yolu var, nə qazı, işıq da ki, belə.

GÜNAHKAR VƏTƏNAŞDIR Kİ…

«Bakıelektrikşəbəkə»nin Sabunçu Rayon bölməsinin mühəndisi Rauf Orucov isə deyir ki, burada qanunsuz hərəkətə vətəndaş yol verib. Çünki evləri tikiləndə enerji xəttinin çəkilməsi üçün «Bakıelektrikşəbəkə»yə müraciət etməyiblər.

- Onların yaşadığı mənzilin bizim idarədə qeydiyyatı olmayıb. Cərimə də ona görə yazılıb.

- Axı onlara bildiriblər ki, 292 manatı sayğaca kod açılması üçün ödəməlidirlər.

- Həmin ailə enerjidən qeydiyyatsız istifadə etdiyinə görə cərimələnib. Onlar enerjidən istifadə etməmişdən öncə, yəni evin tikintisi başlamadan müracit edib texniki şərt almalıydılar. Bundan sonra onlara avtomatik kod açılır və sayğac qoyulur. Bunlar hamısı dövlət hesabınadır. Ancaq bu ailə evin tikinisi zamanı qanunsuz enerji istifadə edib ona görə də aktla onlara 292 manat cərimə kəsilib.

- Bəs necə hesablanıb ki, borc məhz 292 manatdır?

- Mühasibatlıq onu evin həcminə görə hesablayır. Evdəki enerji yuvalarının sayı da burada nəzərə alınır. Daha sonra müdiriyyət onu imzalayır və borc yazılır kompüter bazasına. Bu bazadan geri çıxarış mümkün deyil.

- Demək borc ödənməsə, işıq yanmayacaq?

- Təəssüf ki, yox.

Rauf Orucov onu da deyir ki, bütün vətəndaşlar aldıqları torpaq sahələrində yaşayış yeri tikilməzdən öncə «Bakıelektrikşəbəkə»yə müraciət edib sayğac və kod almalıdırlar ki, sonradan belə bir problemlə üzləşməsinlər.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG